"...azar qayırıram canıma, dərdiş" - Bəxtiyar Hidayət
06-01-2015 01:21 / Bu xəbər 5515 dəfə oxundu
Arqument.Az şair Bəxtiyar Hidayətin yeni şeirlərini təqdim edir:
SON VAXTLARIN ŞEİRLƏRİ
Bunun yaxşısına, pisinə lənət,
Pislər yaxşıları pisikdiriblər.
Gedəni yurdundan didərgin salıb,
Qalanı canından bezikdiriblər...
Taxdılar xalta da, xamut da bizə,
Vurdular balta da, əmud da bizə,
Sələmə verilir umud da bizə,
Di gör biz yetimə nə çəkdiriblər...
Bəxtiyar, başlayıb girhagir indi,
İstərsən göyə çıx, yerə gir indi,
Koroğlu bağlarda yer əkir indi,
Həmzələr keçələ saç əkdiriblər...
***
Ağlar qalsın belə ömrün
Qazancı da, itiyi də...
Novat gəlib sənə yetər,
Dəyirman ki, ət üyüdə...
Söylə qərib-qərib söylə,
Gülü qonça dərib söylə,
Yüz bədii tərif söylə,
Bir taleyi bəd iyidə...
Ta Bəxtiyar, çağrım kimi,
Ağrımı var ağrım kimi?..
Didilibdi bağrım kimi,
Cəlladımın kötüyü də...
***
Vardan uzaqsansa, varlı yaxınlar,
Səni uzaq-yaxın yox sayacaqlar.
Pula pul deməzlər, adama adam,
Qara qazancların ağ sayacaqlar...
Giribən donlara imic deyərlər,
Sənə dərd nuş eylə, qəm iç deyərlər
Qənaət eyləsən simic deyərlər,
Səxavət eyləsən lox sayacaqlar.
Gahdan iqtidara, hökmətə yozub,
Gah alın tərinə, zəhmətə yozub,
Gah alın yazısı, qismətə yozub,
Sənə olanları hax sayacaqlar.
Der Bəxtiyar: üzdən abır tökülsə,
Bağrım başı şan-şan olub sökülsə,
Adın harda hörmət ilə çəkilsə,
Quru hörməti də çox sayacaqlar...
***
məndən soruşan dost, - nağayırırsan?
azar qayırıram canıma, dərdiş.
kredit gününə iki toy düşüb
baxan yox hayıma, ünümə, dərdiş.
kimə əl uzatsam qolum burulur,
sağım qanırılır, solum burulur,
dükana çatınca yolum burulur,
nisyələr çıxacaq sonuma, dərdiş
gədalar hökm edər bürcün içində,
barxanam yüklənər xurcun içində,
keçdi ömrüm-günüm borcun içində,
min hayıf ömrümə-günümə, dərdiş.
türməyə düşənin canına baxıb,
qanı batanların qanına baxıb,
arvadın, uşağın gününə baxıb,
daha çəkilmişəm qınıma, dərdiş.
Bəxtiyar çıxardır daşdan ki, çörək,
soyuq divarlardı arxamda kömək.
beş-altı Kəsəmən qarısı gərək,
ağlaya enimə-enimə, dərdiş
***
YANILTMAC TƏCNİS
Dözürük bir belə məlala, lələ,
Canda can əridi, vədədə vədə.
Gülər şama mama, şamama məmə,
İndi vaxt vaxt deyil, vədə də vədə.
Qoydu adət baba, ənənə nənə,
Qalxan qalxana dost, ənən ənənə.
Nə deyim mən sənin ənənənə nə...
Allandı hər cavan və dədə vədə.
Dərd çatdı gör neçə ədədə, dədə,
Say saya talıbdı, ədəd ədədə.
Bəxtiyar, əlindən əədə, dad, ədə,
Dözməzdi bu boyda vədə dəvə də...
BƏNZƏRLİKLƏR
Yuxarıda Sarı Təpə,
Sarı Təpədə qəbristanlıq
Qəbristanlıqdan bir az aşağıda
Qəbir daşı sexi...
Qəbir daşı sexində hazırca qəbir daşları
Müştəri gözləyir ustalar
Fərqi yoxdu, kim olsun, necə olsun
Cavan olsun, qoca olsun,
Gödək olsun, uca olsun
Alim olsun, çoban olsun
Təki bir ölən olsun
Bir az aşağıda bir ev, evdə qarımış bir qız
Hələ də ər yolu gözləyir
Artıq fərqi yoxdu ona
Kim olsun, necə olsun
Cavan olsun, qoca olsun
Gödək olsun, uca olsun
Alim olsun, çoban olsun
Təki bu xarabaya bir elçi gələn olsun
Təki gəlib onu alan olsun
Bir xeyli aşağıda çayxana
Çayxanada 4-5 köhnə müxalifətçi
Illərdir müxalifətçilik edirlər
Növbəti seçki uğursuzluğunu saf- çürük edirlər
Və yenə Qərbdən bəyanat gözləyirlər
Fərqi yoxdu bəyənatı kim, kimlər versin,
Bəyənat necə olsun
Gödək olsun, uzun olsun
Təki bir bəyanat olsun, olsun
Heç fərqində deyillər
Qarıyan arzuların, quruyan arzuların
Heç fərqində deyillər,
Hər "narahatlıq bəyanatı”
Bir arzunun baş daşıdı
Heç fərqində deyillər
Artıq Sarı Təpədədi onların
Neçə-neçə yaşıdı...
DAĞLAR
Yazıldı ömrümə qaçqın taleyi,
Pozuldu ömrümün səhmanı, dağlar.
Ah çəksəm deyərlər: ahın dağlara...
Götürüb apara ah məni, dağlar.
Bir qaya dibində beşdi bulağın,
Gözləri on yerdən yaşdı bulağın,
Almalı talanın, Daşdı bulağın,
Olaydım bircə yol mehmanı, dağlar.
Sinəm oldu arzulara gorxana
Yükləmədim qəflə-qatır, barxana.
Quladivi, Təpəbaşı, Arxana,
Dartır o yerlərə ruh məni, dağlar
Qaldı Arxanada xına yerləri,
Coğazın gölləri - sona yerləri,
Noyun Qılıcında binə yerləri,
Vura quzeyində meh məni, dağlar.
Nələr qaldı Bəxtiyarın huşunda,
Ayna ömrüm sındı Çaxmaq Daşında.
Gedib öləm Göy Xırmanın qaşında.
Yuya səhər-səhər şeh məni, dağlar
***
.... İllərdi yaxşılıq etdiyim
Illərdi çörək kəsdiyim adamlar
Sabah bir xırdaca səhfimə görə
Yaxud da bir yazıma görə
arxa çevirəcək mənə
Hamıısı üstümə gələcək, hamısı cəmlənəcək
Illərdi başımı döydüyüm divar
Illərdi başımnan döydüyüm divar
Sabah güllələnsəm arxa duracaq
Və bir köməyi dəyməyəcək
Buna görə də qəmlənəcək.
Sevdim səni bə, gözəlim
Daş qəlbini də sevdim.
Mənə bir şey olsa
Gözlərin divar kimi nəmlənəcək
***
Dolub efirlərə ətcəbala, gey
Soran da yoxdu ki, nəmənə olub?
İllərdi deyirlər: filan-bəsməkən
Ya sözdə, ya gapda nə məna olub?
Bu yerdə yer yoxdu şahin-şonqara,
Can dönüb taxtaya, çıxar yonqara.
Doğrunu oğruya, düzü donqara,
Guya qul eyləyən zəmanə olub...
Var ki önümüzdə elə uçuqlar,
Görsə göz qaralar, dodaq muçuqlar.
Göbəyi açıqlar, dalı açıqlar...
Alnı açıqlara nümunə olub...
İkicə zümrə var - Bəxtiyar anlar,
Çalıb oxuyanlar-çalıb çapanlar,
Qoy çıxsın dünənnən o çıxan canlar,
Burda haqq olubdur, kimə nə olub...
AZƏRBAYCAN
Haşa səndən, haşa səndən,
Haşa, haşa, Azərbaycan
Sacda qovur, səcdə etməm,
Daşa, daşa Azərbaycan...
Zəhər oldu şərbətlərin,
Hayındayam qürbətlərin,
Xalqın acdı, sərvətlərin,
Daşa-daşa, Azərbaycan
Hələ Qərbə yüz ilin var,
Milyon- milyon rəzilin var.
Nə olsun ki qızılın var,
Xaşa-xaşa, Azərbaycan
Əyilənlər əyilibdi,
Öyülənlər öyülübdü.
Deyilənlər deyilibdi,
Boşa, boşa, Azərbaycan.
Bax bu elə, bu obaya
Ömrüm- günüm döndü vaya.
Getdi gözəllər Dubaya,
Qoşa-qoşa, Azərbaycan
Qaradısa ağ deyilən,
Dərədisə dağ deyilən,
Busa yaşamaq deyilən,
Yaşa, yaşa, Azərbaycan
Könül istər çox diyarı,
Kimdi verən ixtiyarı?!
Sən düşmədin Bəxtiyarı,
Başa, başa, Azərbaycan
BAX, BAX!
Ay kasıb, inkişaf dedikləri bu,
Gözlərin qamaşa-qamaşa bax, bax.
Divlərin boynunda dəyirman daşı,
Cırtdanın boynunda daş-qaşa bax, bax.
Rüşvət, məmur, dövlət-sacayağıdı,
Kasıba sac asmaq qandı, ağıdı.
Göydələn villası göyqurşağıdı,
Qurşağa əyilən o başa bax, bax.
Başa keçiriblər parabaşları,
Haçandı titrəyir gora başları.
Tut kimi yedilər qara başları,
Ağzıqara qurdda sən yaşa bax, bax.
Qanun da kasıbı minər, paçalar,
Hara gizlənələr, hara qaçalar.
Getdi kolbasaya Alapaçalar,
Kişmişə tutulub alaşa, bax, bax.
Bəxtiyar der: dörd tərəfi sarıblar,
Bizə ağa oldu gələn qəriblər.
Məni də ağ yuyub qara səriblər,
Gəl eylə günümə, tamaşa, bax, bax.
Arqument.Az












