"Bütün ədəbiyyatın heyfini məndən çıxırlar" - Jalə İsmayıl
18-04-2015 02:30 / Bu xəbər 3850 dəfə oxundu
Bu yaxınlarda "Zero" nəşriyyatında "Birnəfəsə" adlı şeirlər kitabı çıxdı. Təqdimat mərasimi müəllifsiz keçdi, daha doğrusu, Jalə İsmayıl skype vasitəsi ilə tədbirə qoşuldu. Özü demişkən, qürbətdədir. Onunla müsahibəni də internet üzərindən almalı oldum. İnşallah, gələr, söhbətimizi limonlu-mürəbbəli çay masası arxasında davam etdirərik. Beləliklə, müsahibim "heykəlin içərisindən birnəfəsə çıxmış" Jalə İsmayıldır.
- Şeirlər birnəfəsə yazıldı, kitab da birnəfəsə çıxdı?
- Sən bu kitabın çıxma tarixçəsini bir bilsən! 2013-cü ilin soyuq dekabr günündə durduğum yerdə babat saydıqlarımı toplayıb ürəksiz-ürəksiz Qismətə göndərdim. Dedim, bunlardan bir şey çıxarmı? Təxminən bir ay sonra Qismət yazdı ki, çıxar nədi, mən hətta esse üçün fayl da açmışam, yaxşı olacaq. İl oldu 2014. Bir də eşitdim ki, Qismət buzda sürüşüb birdən-birə... və ayağını sındırıb. 4-5 ay heç səsimi çıxarmadım. Ötən ilin yay sonları hə-hı elədik, payızda axır ki, son qərar verildi. Son qərarı Lalə ilə bir daha gözdən keçirdik, redaktəsinə çox yardım etdi. Çapı da 2 ay gözlədik. Gülər də video üçün 3 ay izaholunmaz əziyyət çəkdi. Nə isə ümid edirəm, bu balaca kitab bu qədər adamın əziyyətinə dəyib.
- "Birnəfəsə" - bu ad özünü sığortlama deyil ki?
- Qısa şeirlərə əvvəldən "Birnəfəsə" adı vermişəm, kitabda da son bölmə elə adlanır. Daha uyğun bir ad tapa bilmədim. Həm də axı elə birnəfəsə yazıram adətən.
- Nəfəsin hara qədərdir?
- İradəmin sərhədləri lazım olandan da genişdir. Amma əsəblər sözə baxmır. Hər halda "əsəblərim dözənə qədər" deyə bilərəm. İstedaddan danışsaq... onu heç müəyyənləşdirə bilmirəm.
- Özündə, yoxsa başqalarında da?
- Özümdə. Çünki biz başqalarını da istedadımızın imkan verdiyi sərhədlər daxilində qiymətləndiririk.
- Bəlkə, heç istedadın yoxdur?
- Məncə, nə isə var. Hazırcavab adamlar bir qayda olaraq, istedadlıdırlar. Bundan sonra məsələ qalır danışdığın kimi də yazmağa. Yaxşı yazsa da, yaxşı danışa bilməyən adamlar var axı.
- Təsəlli?
- Saman çöpü.)
- Yaxşı cavabdı... Şeirlərinin ünvanımı deyim, qəhrəmanımı deyim, kimdi o məchul adam? Sevgidən, payızdan, ayırlıqdan danışdığın o adam realdır, ya?
- Bəziləri, şübhəsiz ki, ünvanlıdı. Bəziləri isə naməlum. Bir yerdə oxumuşdum. Bir qadın darıxırsa, günahkar mütləq bir kişidi... varlığı, bəlkə də, yoxluğu ilə. Müəllifini unutmuşam.)
- Dərinə getməyim. Bəs oxucuların kimdi? Auditoriyanı tanıyırsan?
- Həmişəki kimi, birinci yazar dost-tanışlardır. Tanımadığım insanlardan da yavaş-yavaş reaksiya görürəm. Amma əlbəttə ki, hansısa auditoriya üçün yazmıram. Kim oxuya bilər, kim bilməz. Kimin ruhuna toxuna bilsə, bəyənəcək və öz zövqündə hesab edəcək.
- Səni qıcıqlandıran oxucu sualı olur?
- Yox, hələ olmayıb. Yəqin, ya bəyənib suala yer qoymurlar, ya da "bunun nəyinə sual verim e" deyib, keçirlər.
- Özün oxucuya nə sual vermək istərdin?
- Sual yox, amma həmişə mənə ayırdığı vaxtın, az miqdarda da olsa, o pulun halallığını versin istəmişəm. Aldığına, oxuduğuna peşman olmasın. Hətta bəyənməsə belə, yəni tamamilə mümkün variantdır, bapbalaca bir şey tapa bilsin özü üçün.
- Jalə, niyə payız motivləri bu qədər çoxdur mətnlərində?
- Bəlkə, bünövrə payızda tökülmüşdü, ona görə? Bəlkə, payızda daha sarıyam? Bəlkə, payız kişi oğlu kişidi - yalandan ümid vermir? Bəlkə də.
- Yəni heç aldatmayıb səni payız?
- Yox. Güzəştsizdir mənim kimi. "Ölsən də, ölsəm də, qatıq ağdı", - deyir.
- Amma ölmək lazım deyil, hə?
- Deyil. Bir yolunu tapmaq lazımdır. Bu həyat bu qədər prinsipial olmağa dəyməz.
- Pessimistcəsinə oldu bir az... Növbəti kitab nə olacaq? Dram?
- Yaxşı fikirdi, gərək dram edəm. Məhdud sayda. Neçə teatrımız var? Onların sayı qədər çap etdirib, hərəsinə biri. Əsərsizlikdən çox şikayətlənirlər.
- Necə düşünürsən, səncə, bizdə ədəbi tənqid ədəbi prosesə adekvatdırmı?
- Tamamilə adekvatdır. Bir-birlərini tamamlayırlar. Yazdığı haqqında çox yüksək fikirdə olanlar narazı qala bilərlər. Yazar eqoist məxluqdu axı. Mətninin mütləq müzakirə olunmalı olduğuna inanır. Başqa bir dərd də “məni başa düşmədilər”di... Hansı fəlsəfi qatlarda gəzişmisən, insan psixologiyasının hansı dərinliklərinə baş vurmusan və bir ləl çıxarıb göstərmisən ki, səni başa düşmürlər? Təəssüf ki, biz hələ də mətnlərdə redaktə və korrektura səhvlərilə məşğuluq. Çünki gözə girir! Mətnin içinə girmək üçün bu daş-kəsək mane olur. "Postmodern" deyib, pastiş-filan bəhanəsilə spontan şəkildə əlinə keçəni mətnin ora-burasına dağıtmaq və sonra “anlamadılar” demək çox asandı. Çoxu da PR məqsədilə edir. Qıcıqlandırır. Millət “anlamır”ın açığa gedib oxuyacaq: “Necə yəni mən qanmıram? Mən?!”
- Öz əsərlərinin təhlil və tənqidindən razısan?
- Mən nə yazmışam ki, kim də haqqımda nə yaza. Yazılanlar da qüsurları göstərməklə ümumi olaraq yaxşı qiymətləndirilib. Hər fikir mənimçün önəmlidir. İstər peşəkarların, istər adi oxucuların rəylərinin içində mütləq nə isə var. Tərifə də, tənqidə də dözümlüyəm. Dostlardansa daha sərt tənqid gözləyirəm. Onlar da deməsə, kim mənə nə olduğumu deyəcək? Onlar da sağ olsunlar, mətn verdimmi, bütün ədəbiyyatın heyfini məndən çıxırlar. Bəzən insanların hədsiz həssaslığına ciddi-ciddi təəccüblənirəm. Tənqiddi də, ölüm deyil ki? Sanki əldə təkcə bu yazmaq var, onu da tutub alırlar. Kimsə kimisə özündən daha diqqətli, ya da daha savadlı qəbul etmək istəmir.
İlk kitabım haqqında Cavanşir müəllim - Yusifli yazmışdı. Sürpriz olmuşdu. Sonra Qismətlə Zərdüştün "525"də rubrikası vardı, onlar öz qeydlərini etmişdilər, xoşuma gəlmişdi, bloqumuz olanda hələ də üzünü görmədiyim insanlardan nə qədər dəyərli, yerində edilmiş iradlar eşitmişəm və mətnə əl gəzdirmişəm.
Bu tənqid məsələsində çox inandığım bir şey var. Bizim haqqımızda ən doğrusunu hələ doğulmamış tənqidçilər deyəcək. Gözü gözümüzə baxmamış, səsimizi eşitməmiş, salam verib-almamış... Bizi sadəcə yazılardan tanıyacaq tənqidçilər. Bunun başqa adı da zamandı.
- İndiki gənc yazarlarının problemi nədir? Baxırsan, istedad var, bir-iki kitab oxuyublar, dünya şeirini izləyirlər, amma sanki dünya ilə onun öz dilində danışa bilmirlər...
- Çox səbəb saya bilərik. Amma bizim uşaqlarda, ərklə "uşaq" deyirəm də, aktiv yazarların tamamlana bilməməsinin ən böyük səbəblərindən biri səyahət etməmələridir. Adam nə qədər Bakı-rayon avtobusunda xalaları dinləyər? Mütləq çıxmaq, gəzmək, başqa mədəniyyətləri görmək, başqa dildə danışan insanların səsini eşitmək, başqa vitrinlərdə görmək lazımdır özünü. Yazıçı başqa dünyalara toxuna bilməlidir ruhuyla, əliylə, gözüylə. Yoxsa o böyüməyəcək, lokal qalacaq, özünü reallaşdıra bilməyəcək. O, xəyallarında qurduğu yazıçı adını qazanmayacaq. Yazıçı ömrü onu tanıyan sonuncu dostunun ölümüylə bitəcək.
Xarici dil bilməlidir yazıçı. Getdiyi yerdə - heç gedə bilmir, İnternetdən - özü əlaqələr qurmağı bacarmalıdır. İstedadlı və tənbəl olmaq alnımıza yazılmayıb e, qazılıb. Amma mən inanıram. Doğrudan. Bizim özümüz, ölkəmiz haqqında dünyaya deyəcəyimiz çox söz var. Xəbərimiz yoxdu, dünya gözləyir. Biz türk dillərindən birində danışan qafqazlı müsəlman bir toplumuq. Bu identikliklər bir yerdə bizə qəribə, anlaşılmaz keyfiyyətlər qazandırıb. Bu özünəməxsusluqları müasir romançılıq ənənələrilə birləşdirib yazmaq çox fayda verə bilər. Bütün bu keyfiyyətləri ədəbiyyata daşıyıb, özümüz haqqında maraqlı əhvalatlar danışa bilərik dünyaya. Biz yaxşı adamlarıq. Yaxşı adam pis əhvalat danışa bilməz. Bir az dünyanın dilindən anlamaq lazımdır...
- Jalə, qürbət necə yerdir?
- Vətən deyil. Baxırsan, sakit, qədim şəhər, mədəni insanlar. İşinlə məşğulsan. Amma sən yadsan. Həmişə də yad olacaqsan bu toplumda. Çamadan əhvalından qurtula bilmirsən – mütləq qayıdacaqsan. Vətən insanlardı axı. Sehirli çubuğun ola, məsələn, Rəbiqənin çiyinlərindən vurub balacalaşdırasan, atasan çantana, istədiyin yerə aparasan, darıxanda da çıxardıb böyüdəsən, oturub çay içəsən, danışdırasan şirin-şirin və "bu qız bu boyda enerjini haradan alır?", - deyib dərin xəyallara dalasan.
Tərbiyədəndi, genlərdəndi, bilmirəm, amma biz evə çox bağlıyıq və yaşlandıqca bu hiss daha da güclənir. Bir də biz adaptasiyaya deyil, assimliyasiyaya meyilliyik. Əyilib ərimə keyfiyyəti yüksək həddədir. Bəzən mənə elə gəlir ki, yox olmağımız an məsələsidir. O qədər təbii şəkildə assimliyasiyaya uğrayırıq ki, bundan xəbərimiz də olmur və özümüzü də çox xoşbəxt hiss edirik. Müxtəlif zamanlarda müxtəlif xarici dillərin təsirində qalmağımıza baxaq. Ərəbdən daha çox ərəb, farsdan daha çox fars, rusdan daha çox rus, Papadan daha artıq katolik… Nə isə, Papa mövzusuna girməyək bu vurçatlasında. Dil, ümumiyyətlə, amansız şeydi. Pambıqla baş kəsməkdi, qoşunsuz işğaldı, havadakı virusdur. Səni yavaş-yavaş o mədəniyyətin bir parçasına çevirir və vaxt keçdikcə, sən sən olmursan. Qanın başqa, dilin başqa, beynin başqa. Özümüz də bilmədən, özü olmaqdan çıxma təhlükəsi bizim bir ayağımızı qaçaq qoyur getdiyimiz yerdən. Amma, təbii ki, hər yerə öz boşqabıyla gedənlər də az deyil.
- O qürbətdə də bizdəki kimi ədəbi nəsillər arasında gərgindir münasibətlər?
- Bizdə gərgindir ki? Arada lokal söz atışmalarından başqa bizdə hansı ədəbi gərginlik var? Hansı ədəbi cərəyanların nümayənədələri fikir savaşına çıxırlar, elmi məqalələrlə bir-birlərinə arqumentlər gətirirlər, Dəyirmi masalarda ciddi müzakirələr gedir... yoxdu belə şeylər. Sosializmdən çıxdığı üçün təxminən eyni proseslər gedib 90-larda. Amma sular çoxdan durulub. Rumın ədəbiyyatı Eminesku, Karacale, Eliade, Çobanu, Enesko, Stanesku kərpiclərinin üstünə kərpic qoyur.
- Nədə geri qalırıq və ümumiyyətlə, geri qalırıqmı?
- İstedad geriliyindən qətiyyən söhbət gedə bilməz. Amma dünyaya çıxma məsələsində bir xeyli geriyik. Baxmayaraq ki, burada da dünyada çox tanınmamaq şikayətləri var. Amma əvvəlcə dediyim o kərpiclər qala divarlarını bir xeyli qaldırıb, bizim kimi hələ indi xaricdə tanınma bünövrəsi tökmürlər.
- Jalə, bu qürbətdən nə vaxt və nə ilə qayıdacaqsan?
- Nə vaxt qayıdacağımı bilmirəm, amma yeni bir dillə qayıdacağım şübhəsizdir.
- Yaxşı, ilk kimi tərcümə edəcəksən?
- Söz vermişəm. Səlim Babullaoğlunu və Fərid Hüseyni. Bir dəfə bir dostuma kömək etmişdilər…Amma bu nə vaxt olacaq, deyə bilmərəm. Olacaqsa, onlardan başlayacam. Allah köməkləri olsun.
Rəbiqə
Xüsusi olaraq Arqument.Az üçün












