"O qədər susduq, axırda özü dilləndi papaq" - Tofiq Həsənli

"O qədər susduq, axırda özü dilləndi papaq"   - Tofiq Həsənli

19-01-2015 13:39 / Bu xəbər 14777 dəfə oxundu

Arqument.Az satirik şair Tofiq Həsənlinin "Papaq" şeirini təqdim edir:

Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq,"37"də yelləndi papaq.

Bəxt açılsın deyə,ta tərsinə çöndərdik onu,
Aclıq oldu yedik,axırda qan əndərdik onu.
Kommunistin araba çarxına döndərdik onu,
Yetmiş il partbilet eşqiylə diyirləndi papaq.

"Şiş" dedik, "kepka" dedik, "norka" dedik saldıq ələ,
Əllərə qalmışı tərk eyləməmiş qaldıq ələ...
Baş qoyub onda ki, asudəliyi aldıq ələ,
Başı tərk eyləyib asudə veyilləndi papaq.

Bir də gördük papaq altdan kişilər çıxdı üzə,
Kişilər çıxcaq üzə partiyalar qalxdı yüzə.
Qarşıya qoyduq, oturduq papaqinən üz-üzə,
O qədər susduq, axırda özü dilləndi papaq.

Başa çırpıldı nəhayət şapalaqtək papaq ox!
Ömrünü sürmədi başlarda papaqtək papaq oxx!!
Qazanın ağzına örtüldü qapaqtək papaq oxxx!!!
Elə yelləndi ki, ev küncünə hilləndi papaq.
Elə yatdıq papaq altında ki, yelləndi papaq.

Arqument.Az