"öpmədiyin dodaqları..." - Tərlan Əbilov
19-04-2015 00:41 / Bu xəbər 2073 dəfə oxundu
Arqument.Az şair Tərlan Əbilovun yeni şeirlərini təqdim edir:
MÜNDƏRİCAT
Varaq-varaq qopduğum kitabın
sənə yad olan əlifbası kimi höccələnə-höccələnə oxunuram
məni qısqandığın qadının barmaqları altında...
Payız kimi lümlüt hekayələrimin yarpaq xışıltısına
zillənən qapı gözlüyüdü ay...
Uzaqlara üzən gəmidi dəniz...
Yolundan çıxan qatardı vağzal...
Yaylığının dalınca qaçan,
ətəyinin ardınca göyə qalxan bir qızcığazdı sahil...
Yenə
iri ölçülü çəkmələriylə üstümdən keçən həyatın ağır tərəfidi işsizlik,
və yenə
iri ölçülü çəkmələriylə üstümdən keçən həyatın yüngül tərəfidi mənsizlik...
Yəni kiprit çöpləriylə yandırdığın şəkillərimdən qopuram rəng-rəng,
uçuram divar-divar –
məni qısqandığın qadının barmaqları altında hələ də.
Hələ də saman altından yeritdiyin suda bitən qamışları
tütək kimi çalır külək...
UZAQLIQ
Yaxanı küləyin əlinə verməmisənsə
yağa bilməyəcəksən gözündəki buludları,
çaxa bilməyəcəksən başındakı ildırımları
və əlində gəzdirdiyin çətir kimi açılmayacaq ürəyin heç vaxt...
Yaxını zəif görən gözlərin ən pis vərdişidi uzaqda nəyisə axtarmaq...
Yəni İtirdiyimiz vaxtın ən poetik tapıntısıdı qocalıq...
Yəni
bir qadından çıxıb gedə bilməmisənsə hələ də
başına yığma ayrılıqları,
bezdirmə toxunulmazlığını uzaqların;
rahat burax yazmadığın şeirləri,
sığallamadığın saçları,
öpmədiyin dodaqları...
Yaxın bilib eynək kimi taxma gözünə Tanrı uzaqlığını...
BİR SÖZLƏ...
Yoruldum gözlərimi uzaqlara dikib şax dayanmaqdan,
yoruldum gün vurmuş səhrada üstümdə kölgə olmaqdan...
Yoruldum atəşkəsi pozmaqdan
və özümü cavab atəşiylə susdurmaqdan.
Yordu məni vətən sevgisi;
bezdirdi məni tər kimi axmağım,
yağmadan göy kimi guruldamağım...
Bezdirdi məni hər gün bir tabutun içindən sabaha sağ çıxmağım...
Məndən gedənlərin ardınca
özümü havada əl kimi yelləməkdən yoruldum...
Bezdirdi məni sükut kimi qarşılanmağım
və hər dəfə özümə dişimin dibindən söyüş kimi çıxmağım...
40 ildir məni evdə qoyub işə gedən anamın ardınca ağlayan çocuğam,
40 ildir göz yaşı kimi düşürəm gözümdən –
yordu məni evimi çiynimdə gəzdirmək –
yoruldum şair olmaqdan,
bu siz, bu da şeirlərim,
yordunuz məni sizlər də...












