"Qapısı bağlanmış sevgidi ölkə" - Tərlan Əbilov

"Qapısı bağlanmış sevgidi ölkə"  - Tərlan Əbilov

07-01-2015 23:12 / Bu xəbər 3035 dəfə oxundu

Arqument.Az şair Tərlan Əbilovun yeni şeirlərini təqdim edir:

ƏN YENİ TARİX

Ayağımın altına yığdıqca bilmədiklərimi,
daha çox boy verirəm varlığına...
daha aydın görürəm aramızdakı uzaqlığı...

Üstə gəl işarəsiylə başladığından eynəyimin ölçüsü
yaxını, yaxınlarımı sezməkdə
çətinlik çəkirəm neçə vaxtdı...

Qınaya-qınaya kor baxtı,
anlayıram ki, oxuya bilmədiyim kitabların eynidi
sevmədiyim qadınlar.

Anlayıram ki,
divardan asılmış təqvimdəki rəqəmləri qaralamağın
riyaziyyatla heç bir əlaqəsi yoxdu,
anlayıram ki,
düzgün yazılan tarix
təqvimdən varaq-varaq cırılıb atılmaz hər gün.

Ətrafındakı hadisələri toza çevirib özünə çəkən maqnit deyilsə şeir
laldı şairlər,
kordu tənqidçilər,
kardı məntiqlər...

Ayağımın altına yığdıqca bildiklərimi,
daha çox boy verirəm yoxluğuna;
anlayıram ki,
zorlanmış Qarabağdı əsl poeziya,
əsl qırılmayan sujet xəttidi müharibə,
iqtidarın ən gözəl poetik tapıntısıdı müxalifət...

Anlayıram ki,
hardasa topa-topa buludların arxasında bir Allah
və çəkilməmiş neçə-necə ah var, Balaca...


BİRİNCİ ŞƏKİL

Göy üzünə çəkilən rəsm əsəridi quşlar...
Kölgəsinə qısılmış ağaclarda ləhləyən quş yuvalarıdı yaz...
Pərdəsi çəkilmiş pəncərəsən sən...

Həyatın dibinə enmiş şairin
boğulmuş sözlərinin meydidi bu şeir –
çıxır varağın üzünə yavaş-yavaş...

İndilərdə çəkisi 39 kq 900, boyu 1 metr 53 sm olan qız uşağıdı həqiqət...
Açıq havada verilən konsertdi Qarabağ...

Arvadı qaçmış nazirdi SİYASƏT,
qapısı bağlanmış sevgidi ölkə,
barmağını dişləyən ölkə başçısıdı xəbərlər...

Bir erməniyə dəyişdirilən Azərbaycan əsgəridi ümid...
Göz yaşı qurumuş məzardı bütün analar...

İndilərdə yoxam, yoxa çıxmışam mən,
pərdənin o üzündə
belinə dolanmış qoldu göy qurşağı...


MƏN YUSİF DEYİLƏM...

Mən Yusif deyiləm, adım Tərlandı,
mənim gücüm yetməz yuxu yozmağa...
Cırma köynəyimi, kasıb adamam,
qələm də tapmıram şeir yazmağa...

Səsləsən yuxuna gələn deyiləm,
Xəsisəm, yuxumu bölən deyiləm,
Mən sənin dərdindən ölən deyiləm,
çünki iynəm də yox bir gor qazmağa...

Görmürsən saçımda buzlanıb sözüm?
Çırpa bilməyirəm, tozlanıb sözüm.
Mənə bu dünyanın hər iki üzü
bir yol saxlamayıb daha azmağa...

Bəlkə bu şeir də yuxudu, yuxu,
Yoza bilməyəcək mənimtək çoxu.
Götür bu şeiri yuxuna, oxu,
mənim həvəsim yox qulaq asmağa...


HƏR ŞEY SƏNDƏN BAŞLADI

Hər şey səndən başladı,
Olmadığın yerlərdən yola saldı,
olduğun yerlərdə səninlə qarşıladı məni həyat.
Gecələr yuxusuz qalmağı,
saçlarının ətrinə sarılmağı öyrəndim.
Gündüzlər əllərindən tutmağı,
nəfəsinin atəşində qovrulmağı,
alnından öpməyi öyrəndim.

Boş şüşə kimi çırpdım divara mənə olunan
və mənim insanlara yapdığım kötülükləri,
səndən başladı kötülüklərə üsyanım.

Hər şey səndən başladı,
səndən başladı qapımın qibləyə açılması.
Səndən başladı çiynimdəki mələklərə ağ varaq olmam.
Hər gün beş vədə namaz kimi qıldım səni,
səndən başladı bütün dualarım.

Səndən başladı şeirə son verməm,
üzünü ağ varaqlara köçürməm səndən başladı.
Səndən başladı hər şey,
hər şey səndən başladı –
Poeziyam –
qadınım mənim...


ÇABA

Enli,
ucaboy,
kök tənhalığımla əlbəyaxadayam
qısa və çəlimsiz ömrümün taqətsiz payızında...

Saçlarımda qışdı...
gözlərimdə tufan gizlədən dəniz sakitliyi...

Sənli ağrılarımın ömürlük olduğunu bilsəm belə,
yenə bu çabalarımla
onlara alışıb yaşamağa çalışıram sadəcə.

Və hər gün kürəyimi yerə vurur həyat...

TƏRLAN ƏBİLOV