"Referenduma tam biganəyəm"
02-08-2016 21:48 / Bu xəbər 2358 dəfə oxundu
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo.Az saytına müsahibə verib.
Arqument.Az həmin müsahibəni təqdim edirik:
- Türkiyə ilə Rusiyanın yaxınlaşması bölgədəki mənzərəni necə dəyişəcək?
- Bu iki ölkə arasındakı yaxınlaşma regiondakı hadisələrə müsbət təsir edəcək. Bu yaxınlaşma baş versə, gərginlik aradan götürülsə, Cənubi Qafqaz və Yaxın Şərq münasibətlərinə də müsbət təsir edəcək.
-Suriya məsələsində və ya bu kimi prinsipial fikir ayrılığı olan məsələlərdə ortaq məxrəci tapmaq mümkün olacaqmı?
- Suriya məsələsində ortaq nöqtəyə gəlmək çətin ki, asan olsun. İki müxtəlif ölkə arasında təbii ki uzlaşmayan nöqtələr də olur, amma bu uzlaşan nöqtələrin də həllinə mane olmur.
- Regiondakı böyük dövlətlərin iştirakı ilə Avropa Birliyi tipində bir təşkilat yaradılması versiyasına necə baxırsınız?
- Belə bir birliyin yaranması ehtimalını istisna edirəm. Münasibətlər yaxınlaşa bilər, amma hansısa təşkilat, qurum yaranması, bu dövlətlərin də burada birləşməsini istisna edirəm.
- Azərbaycanın bu yaxınlaşmadan uduşu nə ola bilər?
- Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə bunun müsbət təsiri oldu. Həm də Azərbaycan Rusiya və Azərbaycan Türkiyə münasibətləri daha rəvan məcrada irəliləyəcək.
- Dağlıq Qarabağ məsələsində konkret necə bir irəliləyiş baş verə bilər?
- Açıq məlumat yoxdur, amma təxmin etmək olar ki, Rusiya münaqişənin mahiyyətini saxlamaq şərtilə onun zahiri görkəmində dəyişikliyi, o cümlədən ətraf rayonların bir hissəsinin azad edilməsini təklif edir. Amma Ermənistan tələb edir ki, bunun müqabilində Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Azərbaycansa buna razı olmur. Azərbaycan prezidenti təkrar edir ki, biz ərazimizdə ikinci erməni dövlətinin yaranmasına razı ola bilmərik və münaqişənin tənzimlənməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verə bilər. Bu da onu göstərir ki, tərəflərin yanaşması xeyli fərqlidir. Güzəşt isə qarşılıqlı olmalıdır. Məncə güzəştin elə formasını tapmaq olar ki, həm Azərbaycanı, həm Ermənistanı, həm də ola bilsin Rusiya və Türkiyəni də, başqa ölkələri də qane etsin.
- Məsələn, siz bu variantı necə təsəvvür edirsiniz?
- Mən çıxış yolu kimi "Aland modeli"ni görürəm. Bu, varianta gedilsə, əhaliyə, Azərbaycan və erməni xalqına xeyir verə bilər. Yəni Dağlıq Qarabağ muxtar respublika kimi qalır. Amma həmin muxtar qurumun o qədər geniş səalhiyyətləri olur ki, Bakı onu inzibati üsullarla idarə etmir. Oradakı vəzifələrə adamları Bakı təyin etmir, onları yerli əhali özü seçir. Azərbaycan ordusu da orada oturmur. Bütün dağlıq qarabağ silahsızlaşdırılır. Hətta polisi də, hakimi də, prokuroru da camaat özü seçir. Dağlıq Qarabağ azad iqtisadi zona elan edilir və belə bir şəraitdə ermənilər də, azərbaycanlılar da eyni asanlıqla daxil olub orada işləmək, bölgənin əmin amanlığına, inkişafına töhfəsini vermək imkanı qazanır.
- Sentyabrın 26-da Azərbaycanda referendum keçiriləcək. Konstitusiyaya ediləcək dəyişikliklərə münasibətiniz necədir?
- Tam biganəyəm... Azərbaycan əhalisinin xeyli hissəsi hüquq nədir, ana yasa nədir, vətəndaş azadlığı nədir bilmir, öz taleyi ilə də, ölkənin taleyi ilə də maraqlanmır. İndiki şəraitdə öz hüququnu müdafiə etməyən xalq referendumdan sonra da müdafiə etməyəcək. Odur ki, mən bu hadisəyə də əhəmiyyətsiz bir şey kimi yanaşıram.
Arqument.Az