Rəşad Səfər AYO-dan istefa verdi

Rəşad Səfər AYO-dan istefa verdi

22-10-2024 01:26 / Bu xəbər 645 dəfə oxundu

AYO (Azad Yazarlar Ocağı) ədəbi təşkilatının başqanı yazıçı Rəşad Səfər təşkilatdan getdiyini bəyan edib.

O, bu haqda yeni yaratdığı onlayn jurnalda bəyanat yayıb
 
Yazıçı qeyd edib ki, AYO öz funksionallığını itirib: "Mübaliğəsiz deyə bilərəm ki, həm AYO hərəkatı, həm Alatoran jurnalı müasir Azərbaycanın ən ciddi mədəni hadisəsi olub. Gecikdiyimiz xeyli məsələlər arasında körpü rolunu oynayıb. Bu gün də "Alatoran" jurnalının ilk nüsxələrinə baxanda zamanına görə necə mütərəqqi olduğunu danmaq ədalətsizlik olar. 

2013-2014-cü illərdən başlayaraq AYO öz funksionallığını tədricən itirdi. Bunun başqa səbəbləri ilə yanaşı, missiyasını bitirmə səbəbi də var. Elə bu prosesi də ədəbi durğunluğun başlanğıcı hesab edə bilərik. O dövrdən bəri ayoçuluğu ancaq ideya kimi qəbul etmişəm. İdeyaların və dəyərlərin şəxslərlə əlaqələndirilməsinə qarşıyam".
 
"Şəxsi intriqa ənənəsini davam etdirməmək üçün heç bir halda şəxsi hücuma keçməmək, heç kəsin şəxsi naqisliklərini ədəbi kriteriyaya çevirməmək, taxta silahlarla dava-dava oynamaq istəyənlərə heç bir reaksiya verməmək qərarım qətidir. AYO-da dəyər verdiyim insanlara olan bütün rəğbətimə, özümü daxilən həmişə ayoçu hesab etməyimə baxmayaraq, artıq həmin təşkilatda təmsil olunmaq istəmirəm. Çünki bir hərəkatın ədəbi yanaşmaları, estetik zövqləri dəyişmirsə, inkişaf etmirsə, deməli, ayrılmaq zamanı gəlib. AYO artıq özündən əvvəlki təşkilatlar kimi gerçək zamandan qopuq haldadır, öz qeyri-müəyyən zamanını yaşayır və həmin zaman artıq yaquar yerişli deyil. Buna görə də 2012-ci ildən üzvü, 2023-cü ilin dekabrından başqanı olduğum AYO-nu (Azad Yazarlar Ocağı) başqan və üzv olaraq tərk edirəm”, - deyə o bildirib.
 
Rəşad Səfər 2012-ci ildən AYO (Azad Yazarlar Ocağı) ədəbi təşkilatının üzvü, 2023-cü ilin dekabrından isə başqanıdır.