Rəsmi: Azərbaycan silahlı qüvvələri 50, Ermənistan isə 49 hərbçi itirib

Rəsmi: Azərbaycan silahlı qüvvələri 50, Ermənistan isə 49 hərbçi itirib

14-09-2022 00:43 / Bu xəbər 1563 dəfə oxundu

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də məlumat yayaraq sentyabrın 12-dən bu yana silahlı qüvvələrin 50 hərbçisinin həlak olduğunu bildirib. 

Onlardan 42 nəfər Azərbaycan ordusundan, 8 nəfər isə Sövlət Sərhəd Xidmətindən (DSK) olub.

"Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub”, – Müdafiə Nazirliyi bildirib.

Məlumatda qeyd edilir ki, silahlı toqquşma sentyabrın 12-də gecə saatlarında başlayıb, sentyabrın 13-ü səhər saatlarınadək davam edib:

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib”.

Ermənistan tərəf də açıqlama verərək qarşıdurma nəticəsində 49 hərbçisinin həlak olduğunu açıqlayıb.

Sentyabrın 12-də Azərbaycan Ermənistan sərhədində baş verən qarşıdurmada tərəflər bir-birini günahlandırıb.

Ermənistan tərəf açıqlama verərək Azərbaycan tərəfin təxribat törətdiyini, Azərbaycan tərəf isə əksini iddia edib.

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib. 

Onun sözlərinə görə, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə Azərbaycanın mövqelərini mütəmadi atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda da bildirilir ki, sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan tərəf isə açıqlama verərək deyib ki, sentyabrın 12-də gecə Azərbaycan silahlı qüvvələri Ermənistanın sərhədyanı rayonlarında erməni mövqelərini intensiv artilleriya atəşinə tutmağa başlayıb. Söhbət Qoris və Cermuk şəhərlərindən, eləcə də Ermənistan ərazisində yerləşən Sotk kəndindən gedir. Qarşı tərəf Azərbaycan ordusunun pilotsuz uçuş aparatlarından və minaatanlardan istifadə etdiyini bildirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.