Rusiya-Ukrayna müharibəsi: qalib də yoxdur, məğlub da
28-02-2022 13:48 / Bu xəbər 1265 dəfə oxundu
Elşən Feyzullayev
Qırılan mifin sonluğu - bu, çox acı olacaq. Putin təcili və təxirəsalınmaz dərəcədə Ukraynada döyüşləri dayandırıb, qoşunu geri çəkməsə, sığınmağa yer də tapa bilməyəcək!
Müharibə azadlıq uğrunda, şərəf və ləyaqət üçün ediləndə ədalətli olur!
Faşizm isə heç zaman uğur qazana bilməz. II Dünya müharibəsi kimi. Müxtəlif millətlərdən olan xalqlar nasizmə qarşı döyüşərək qələbə qazanmışdılar. İndi Putin həmin müharibədə müttəfiqi olmuş xalqalara qarşı savaşır. Bu savaşda rus ordusunun məğlubiyyəti qaçılmazdır. Əslində qüdrətli rus ordusunun şöhrəti bir mifdir! Yoxdur belə qüdrətli və döyüşkən ordu. Varsa da, ideologiyası qəsbkar xislətlidir, qidası ruha zərər verir. Ya da bu mif elə bugünkü ukraynalıların sələfləri hesabına qazanılmışdı.
İstər II Dünya müharibəsində, istərsə də, Əfqanıstanda və digər coğrafiyada döyüşənlər və rus ordusuna əzəmət gətirənlər qeyri-rus millətlərindən olanlar idi. Adətən komandir heyəti ruslardan olardı. Ukraynalılar slavyan əsilli olduğundan rus ordusunda daha çox etibar qazanmışdılar.
Ukrayna ordusu və gücü
Hərbi xidmətdə olduğum vaxt 5 zabitimizdən 3-ü ukraynalı idi. "Kombat"ım belə ukraynalı idi. Rus komandanlığı istər zabitlərinə, istərsə də əsgərlərinə bizdən daha çox etibar edirdi. Təbii, slavyan olduqları üçün. Ona görə də texnikanı mükəmməl bilirdilər. Bu üstünlük Ukrayna ordusuna imkan verəcək ki, könülsüz döyüşən rus ordusu ilə bərabər səviyyədə döyüşə bilsin. Digər səbəb isə ondan ibarətdir ki, indiki ukraynalılar 1941-1945-ci illərdə Ukrayna-Belarus cəbhəsində partizan hərəkatı yaradıb nasistlərə ölümcül zərbələr vuran partizanların xələfləridir. Geniş əraziyə və meşəliklərə sahib olan Ukrayna ordusu bu tezliklə ruslara məğlub olmayacaq, lazım gələrsə, partizan hərəkatı geniş vüsət alacaq və Putin bunu çox gözəl bilir.
ABŞ və Qərb oradadır!
Yəni Ukraynada! Bu gün Zelenskini davam gətirməsinə və çox rahat danışmasına, Ukrayna ordusunun rəşadətlə döyüşməsinə səbəb də budur! Bunu, bəlkə də, sıravı əsgər bilməsə də, NATO-nun Ukraynada olduğunu zabit heyəti çox gözəl bilir. Amma açıq şəkildə, müsəlman dövlətlərində olduğu kimi canlı qüvvə ilə hücuma keçməməsinin müxtəlif səbəbləri var.
Qoca Putin, deyəsən, gethagetdə dünyanı İtaliya atalar sözünə doğru aparır, Amerika da bunu bilir. Əslində Putinin istəyi çox bəsitdir. Putinin təhdidli çıxışına baxdım. Çox net danışdı, bölünmüş dünyada ona düşən paya toxunulmamasını, onun dövlətinin daxili işlərinə qarışılmamasını tələb etdi. ABŞ qarışmaq haqqını çoxdan, Misirdə, İraqda, Liviyada itirb. Çünki zamanında Putin sözügedən müsəlman dövlətlərində jandarma rolunu oynamağa icazə verdi. Kənarda qalıb eynən bu gün Amerika kimi bəyanat verməklə kifayətləndi. O vaxtlar, əsasən də İraqa və Səddama qarşı münasibətdə Putin Bayden kimi tənqid olundu, İraqa "qaz” verib sonra ABŞ-la təkbətək buraxdı, ittihamlarına susdu. İndi ilk etapda borclu olan Amerika susmaq zorunda. Amma bu sonacan belə davam edəcəkmi.
Etməyəcək!
Amerika bilir ki, Ukrayna ordusu döyüş qabiliyyətinə görə heç də ruslardan geri qalmır. Üstəlik, 40 milyonluq xalq azadlığı uğrunda savaşda bir dəfə ölməyə qərar versə, rus ordusunu, külünglə torpaqlarından qovar. Bu gun Zelenskinin əmri ilə "Molotov koktel"ləri ilə düşmən üzərinə yeriyən sadə vətəndaşların cəsarəti də əyani subutdur. Digər nuans isə ondan ibarətdir ki, rus ordusu məcburi surətdə döyüşür. Yəni ordu və komandanlıq özü də bilir ki, Ukraynada savaşmağın heç bir məntiqi ədaləti yoxdur, sadəcə, hərbiçilər əmrə tabedirlər.
Amerika da kimin üçün maraqlarını riskə atdığını görmək istəyir, ona görə prosesi hələ müşahidə edir. Ukrayna xalqının dirənişi nəticəsini göstərəcək. Zelenskinin çıxışlarına bənd olmayın. Onun çıxışları ictimai rəyə əsaslanıb. Qərb və ABŞ Putini əvvəlcə siyasi baxımdan tərkisilah etməyə çalışırlar, onun əleyhinə anti-Putin təbliğatı yetişmək üzrədir. Bir-iki gündən sonra rus hərbiçilərinin cənazəsi ölkəyə gedəndə vəziyyət başqa səmtə dəyişəcək.
Zelenskinin, "tək qalmışıq" nidaları da bu üzdəndir. "Veliki derjava" məzlum və gücsüz bir dövlətdə qətliamlar törədir. Ordunun və rus xalqının Putindən imtina etdiyini duyan kimi NATO döyüşlərə canlı qüvvə ilə qatılacaq. Bu isə Putinin sonu olacaq! Qərb və ABŞ Ukraynadadır, yaxşı baxın görəcəksiniz.
Putin müharibəni saxlamasa, sığınmağa yer də tapa bilməyəcək!
Bu gün əks qütübdə yerləşənlər Zelenskini Rusiyaya dirəniş göstərməkdə qınayır. ABŞ hər münaqişədə öz dövlət maraqların güdür, aydındır. Əsgərlərinin ölməyini də istəmir, bu da başadüşüləndir. Yaxşı, Rusiya iddialarından əl çəkmir, Putin şahənşah rolunda çıxış edir. Qərbə də xox gəlir ki, nüvə silahım var.
İndi Ukrayna neyləməlidir?
Ancaq ölməyi bacaran xalqların azad və müstəqil dövlətləri olur. Müstəqil olmaq hüququnu yalnız mübariz xalqlar qazana bilir. Öna görə də Zelenskinin və Ukrayna xalqının Putin ordusuna dirənişi möhtəşəmdir! Ukrayna əslində, həm də rus dubinkası altında illərlə inləyən keçmiş və daha çox müsəlman respublikalarının azadlığı uğrunda savaş verir. Biz bu savaşda hər formada Ukraynanın yanında olmalıyıq. Bu həm bizim, həm də rus xalqının qurtuluşu olar.
Belə fürsət bir daha ələ düşməz!
Şayət, Ukrayna bu müharibədən qalib çıxsa, Rusiya-Belarus ittifaqı üzərində qələbə çalmış olacaq. Bu isə Ukraynanın siyasi nüfuzunu həm keçmiş sovet respublikaları coğrafiyasında, həm də Qərb-ABŞ siyasi dairələrində artıracaq. Amma dünya gərək Cınubi Qafqazda və Şərqi-Avropada yeni güc dövlətinin yaranmasına imkan verməyə. Bir də gördün rusun dizini qatlayan Ukrayna Rusiya olmaq sevdasına düşdü.
Sonda onu da deyim ki, tarixdə Rusiya-Ukrayna müharibəsi olmadığı üçün qalibi və məğlubu da yoxdur!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.