Ruslan Vahabov 4 il azadlıqdan məhrum edilib

Ruslan Vahabov 4 il azadlıqdan məhrum edilib

14-01-2024 04:01 / Bu xəbər 1153 dəfə oxundu

ATİŞ fəalın dərhal azadlığa buraxılmasını tələb edib 

İctimai fəal Ruslan Vahabov 4 il azadlıqdan məhrum edilib. 

Bu barədə Azərbaycan Talışların İctimai Şurasının həmsədri, hüquqşünas Ataxan Əbilov bəyanat yayıb. 

O bildirib ki, Vahabovun həbsi qanunsuzdur və onun ictimai fəaliyyəti ilə bağlıdır: "Bakı Ağır Cinayətlər Məhkəməsi 12 yanvar 2024-cü il tarixdə hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Talışların İçtimai Şurasının üzvü Ruslan Adil oğlu Vahabovu 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə Ruslan Vahabova Azərbaycan polisi tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən düzüb-qoşulan saxta narkotika ittihamı ilə hökm çıxarıb. İş üzrə tərtib edilən və eyni uydurmanın dəfələrlə təkrarından ibarət olan beş səhifəlik istintaq aktından məlum olur ki, cinayət işini istintaq edənlərdən tutmuş iş üzrə şahid kimi rəsmiləşdirilən bütün heyət polislərdən ibarətdir".   

"İş üzrə Ruslan Vahabov tərəfindən narkotik vasitənin qəbul edilməsi xüsusatı tamamilə uydurma, narkotik vasitənin əldə olunması ilə bağlı mənbənin naməlumluğu isə irəli sürülən ittihamın açıq-aşkar günahsız vətəndaşını şərləmək arzusundan olan polisin xəyalından irəli gəldiyini ifadə edir", - deyə bəyanatda qeyd olunub. 

Azərbaycan Talışların İctimai Şurası Ruslan Vahabovun bu formada mühakinə edilməsini onun sosial şəbəkədəki fəaliyyəti ilə, məxsusən onun "Facebook" sosial şəbəkədəki profilindən hakim ailəyə məxsus "Bravo" supermarketlər şəbəkəsi haqqında son paylaşımla bağlı olduğunu bəyan edib.

Təşkilat bildirub ki, Ruslan Vahabov dərhal azad edilməlidir. 

Ruslan Vahabovun yaxınları bildirir ki, sentyabrın 22-də səhər o, işə getmək adıyla evdən çıxıb və az sonra onunla əlaqə kəsilib

Bir gün sonra Daxili İşlər Nazirliyinin "102” xidmətindən ailəyə bildirilib ki, ictimai fəal narkotik ittihamıyla saxlanılıb. 

Onun işgəncəyə məruz qaldığı bildirilib

Yaxınlarının sözlərinə görə, məhkəmədə müstəntiq Ruslan Vahabovu hədələyib.

Ruslan Vahabov deyib ki, həbsinin səbəbi "Facebook”da yazdığı statuslarıdır. 

O, həbs olunmamışdan bir gün əvvəl belə bir status yazıb: "Sual: nə qazandıq 23 saat 43 dəqiqəyə? Xankəndidə "Bravo” tezliklə tikiləcək, yoxsa yox?” 

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarının həqiqətəuyğun olmadığı deyib.