Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırıldı

Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırıldı

24-09-2023 05:57 / Bu xəbər 1284 dəfə oxundu

Ruslan Vahabovun narkotik ittihamı ilə saxlanıldığı deyilir

İctimai fəal Ruslan Vahabovun sentyabrın 22-də saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, Ruslan Vahabov evdən işə getmək məqsədilə çıxdıqdan sonra onunla əlaqə kəsilib.

Bir gün sonra məlum olub ki,  polislər onu saxlayaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparıblar.

Sentyabrın 23-də isə Ruslan Vahabov öncə Nizami Rayon Polis İdarəsinə, oradan da 24-cü Polis Bölməsinə göndərilib.

Daxili İşlər Nazirliyinin "102” qaynar xəttindən ailəsinə bildirilib ki, ictimai fəal narkotik ittihamı ilə saxlanılıb, amma bununla bağlı hələ ki heç bir rəsmi məlumat yayılmayıb.

Ruslan Vahabovun həbsinin onun sosial şəbəkədəki statusları ilə əlaqəli olduğu deyilir.

"O, 4 gün öncə yazmışdı: "İnşallah, səhər "Xankəndi Azərbaycandır” sədaları ilə açılsın”. İki gün öncə isə belə bir status paylaşmışdı: "Sual: nə qazandıq 24 saat 43 dəqiqəyə?  Xankəndində "Bravo” tezliklə tikiləcək, yoxsa yox?”, – yaxınları bildiriblər.

Onlar ictimai fəalın məhz sonuncu paylaşımla bağlı həbs edildiyini düşünürlər.

Yaxınları Meydan TV-yə deyiblər ki, Ruslan Vahabov Bakıda kirayədə yaşayır, fəhlədir.

Onun 2 azyaşlı körpəsi var.

Daxili İşlər Nazirliyindən Ruslan Vahabovun saxlanılmasının səbəbini öyrənmək mümkün olmayıb.

Azərbaycanda nə baş verir?

Son bir həftədə Azərbaycanda 9 siyasi və ictimai fəal həbs olunub.

Onların əksəriyyəti hökumətin Qarabağda apardığı hərbi əməliyyatları sosial şəbəkələrdə tənqid edən paylaşımlarına görə cəzalandırılıblar.

Onların bəziləri isə ümumiyyətlə, müharibəyə etiraz ediblər.

Həbs olunanların bəziləri İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka azadlıqdan məhrum ediliblər.

30 sutka alanlardan biri keçmiş diplomat Emin İbrahimovdur.

O, əvvəlcə Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə gətirilib və sosial media hesabındakı paylaşımlarına görə "terroru dəstəkləməkdə” ittiham edilib.

Daha sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə protokol tərtib ediblər.

30 sutka cəza alan Nemət Abbasov və Əmrah Təhməzov isə həbslərindən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə çağrılaraq müharibə əleyhinə paylaşımlarına görə xəbərdarlıq almışdılar.

Saxlanılanlar arasında jurnalist Nurlan Libre (Qəhrəmanlı)  də var. O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Onun müvəqqəti saxlanma təcridxanasında fiziki zorakılığa məruz qaldığı bildirilir.

Həbs olunan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova qarşı isə cinayət işi açılıb.

Gənc fəal Cinayət Məcəlləsinin 126.1 və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham olunur və barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.