Saakaşvili: "Məhkəmə iclaslarında iştirak etməyə hazıram"

Saakaşvili:

03-10-2024 02:40 / Bu xəbər 719 dəfə oxundu

Tbilisinin özəl "Vivamed” klinikasında müalicə alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı qaldırılan işlərlə bağlı məhkəmə iclaslarında şəxsən iştirak etmək istədiyini bildirib.

O, bu barədə videobağlantı vasitəsilə iştirak etdiyi növbəti məhkəmə iclasında deyib.

"Şahidlərin dindirilməsində iştirak etmək istəyirəm və hazıram. Mənim məhkəmədə iştirakımı təşkil edin ki, bu biabırçı, uydurma işlərdə bütün şahidlərin gözünün içinə baxa bilim”, - Saakaşvili qeyd edib.

Saakaşvili 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və bundan sonra o, məhkəməyə getməyi dayandırıb.

Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. 

Bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. 

Onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda məhkəmədə 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın "İmedi” teleşirkətinin ofisinin talan edilməsi və təxminən 9 milyon lari (3,2 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır.

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 

Bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.