Saçımı sığala inandırmısan...

Saçımı sığala inandırmısan...

03-06-2024 00:05 / Bu xəbər 1032 dəfə oxundu

"Arqument.az" Banu Muharremin "Yuxu" şeirini təqdim edir:

Bu gecə yuxumu qatmışam elə,
gördüm gözlərin də bulanıqlaşıb.
Mənim  səhərimə doğan saçların,
özgə barmağına yolunu çaşıb.

Yarıda  saxlayıb yuxularımı, 
oyanıb yenidən  yatıram sənə.
Saçımı sığala inandırmısan, 
bəlkə, yuxum kimi dönəsən mənə?!

İnan bir gecədən uzun yaşayır,
səni xatırladan toz kəpənəklər.
Nə deyim, qarşını nə əngəlləyər? 
o köhnə mahnılar, dəli köpəklər?..

Yastığım torpaqdı, ay daşürəklim,
mən başıbatmışın başına daş ol.
Təklikdən daş kimi yatanlardanam,
bu gündən torpağa çevrilən daş ol.

Bəlkə, səhv yazılar, dolayı yollar,
qısalıb puç olar, düzə pozular...
Bəlkə, yuxular da qeyrətə gələr-
yalan dünyalara gerçək yazılar.