Saxta xeyriyyəçilər və saxta əzabkeşlər

Saxta xeyriyyəçilər və saxta əzabkeşlər

28-03-2021 21:24 / Bu xəbər 7005 dəfə oxundu

"Cəmiyyətimiz dilənçi kimi tərbiyə olunur"

Rüfət Əhmədzadə

Bir ateist tanışım vardı.. indi də var, amma əlaqəni kəsmişəm. Demək, bu şəxs din mövzusunda o qədər məsxərə edirdi ki, kənardan hətta ateist yox, satanist kimi görünürdü. Dəfələrlə məni də mübahisəyə çəkmək istəmiş, amma mən din mövzusunda diskussiyanı sevmədiyimdən, mübahisədən kənar qaçmışam.

Nə isə, bu şəxs bir gün çətin vəziyyətə düşdü, məndən kömək istədi, mən də etdim (dostların "etmə-eləmə” sözlərinə rəğmən). Sonra bu şəxslə münasibətimiz düzəldi və qərara gəldik ki, oturub bir-iki bokal pivə içək.

Adam yenə dini mövzuda danışanda, dedim ki, sevmirəm belə şeyləri, ayrı mövzuda danışaq. Tanışım əsəbiləşdi və qayıtdı ki, indi sən mənə pul vermisən deyə, hər dəfə ağzımdan vurmalısan?

Dedim ki, onu Allaha xatir etmişəm, amma sənlə insan kimi oturub söhbət edirəm. Söhbətimiz alınmırsa, durub gedim. Hətta əlavə etdim ki, mənə borcun yoxdur! Adam daha da aqressiv şəkildə qayıtdı ki, bəs mənim yumşalıb dinə gəlməyimi gözləyirsən, özün də oturub pivə içirsən…

Nə isə, hesabı verib ordan uzaqlaşdım. Əlbəttə ki, mən öz günahlarımı və eyiblərimi yaxşı bilirəm. Lakin içimdə az da olsa vicdan var və "Allaha xatir” dediyimiz şey də həmin vicdanın sızıltısıdır. Bəlkə də, Allaha görə yox, özümüzə görə edirik – yaxşı adam kimi görünək, ya da özümüzlə fəxr edək deyə!

Mövzu mən deyiləm… Şükürlər olsun ki, cəmiyyətimizdə vicdanlı insanlar var. Heç də az deyillər, sadəcə gözə girənlər vicdansızlardır. Minlərlə insan öz cüzi maaş və pensiyasından böyük hissəsini kəsib, müharibə vaxtı əsgərlərə sovqat göndərdi.

Amma bu "əsgərə yardım” mövzusunda özünü reklam edib, babat pul yığan adamlar da oldu.

Adamlar var ki, ehtiyacı olan qadınlara guya yardım edir, sonra isə "yaşamaq” təklif edir. Ola bilər ki, zamanla  təsadüfən kimdəsə hansısa duyğular yaranar… Amma bu qədər də təsadüf ola bilməz ki…

Yaxud, ya real qadınlar, ya da qız profili ilə ondan-bundan "yardım” istəyən kişiciklər sonra söhbət əsnasında flirt edirlər ki, qarşısındakı adam tora düşsün… Sabah ağzını açıb nəsə deyə bilməsin. Çünki şantaj oluna bilər.

Bu günlərdə oxşar hadisələrin şahidi olduq. Bir deyil, iki deyil.

Nə edəsən, hansı qərar verəsən?

İnsan bu cür murdarlıqları görəndə, həqiqətən ehtiyacı olan adama da yaxşılıq etməyə qorxur. Çünki hər şeyi aydın görə bilmirsən. İnsanların ürəyini, niyyətini oxuya bilmirsən.

Cəmiyyətimiz həqiqətən çox iyrənc məcrada "inkişaf edir”. Sanki ölkə "avtopilot” rejimindədir. Axırda ya Xeyir, ya da Şər qalib gələcək deyə, bir-birimizin ətini yeyirik…

Ümumiyyətlə, balıq başdan iylənir. Hökumətin də günahı az deyil. Cəmiyyətimiz dilənçi kimi tərbiyə olunur.

Qurumların adına baxırsan:  Elmin inkişafına yardım, Sahibkarlara kömək, QHT-lərə dəstək, KİV-lərə yardım, şəhid ailələrinə və qazilərə yardım…

Bu qədər fonda, şuraya, təşkilata nə ehtiyac var idi?

Əlbəttə, ehtiyacı olan insanlara, şəhid ailələri və qazilərə yardım etmək lazımdır.

Lakin cəmiyyətdə insanların öz ayaqları üstündə dura bilməsi üçün də nələrsə edilməlidir. Qazilərdən əmək qabiliyyətini tam itirməyən adamlar var, onlara hansısa sənət və peşə öyrətmək üçün kurslar təşkil edilə bilər və s.

Mətbuat üçün, biznesmenlər üçün isə nə yardım, nə fond… Sadəcə, ölkədə normal bazar iqtisadiyyatı qurmaq lazım idi. Korrupsiyadan, "otkat”lardan uzaq bir iqtisadiyyat!

Bu gün Azərbaycanda kinodan çox, qısametrajlı filmlər (youtube çarxları) çəkilir.

Bir-iki "label”dən sponsorluq əsasında pul alıb nəsə edirlər. Bəs hanı kinonun inkişafına ayrılan milyonlar?

Televiziyalardakı serialların biri o birinə dəyməz. Hamısını apar tulla…

Yardım, dəstək, kömək… Belə şeylər artıq korrupsiyadan, oğruluqdan, dilənçilikdən xəbər verir.

Sanki ölkə deyil, böyük bir qaraçı məhəlləsidir…

Beynəlxalq Valyuta Fondu köməyimiz olsun!