Sevdim, sevdim... yordum səni...
15-08-2023 11:56 / Bu xəbər 2224 dəfə oxundu
Arqument.az gənc yazar Xəyalə Sevilin yeni şeirlərini təqdim edir:
Yadıma yadlığın düşdü,
Soyudum, lap qış oldum.
Sonra səni unutmağa
And içib... sərxoş oldum.
Çəkdim səndən baxışımı,
Gözümdən yerə qoydum.
Xatirəni, həsrətini, ağrını
Həzin bir şeirə qoydum.
...Ürəyimin ağ yerinə
Yığdım, yığışdırdım səni...
Bağışla, vaxtını aldım,
Sevdim, sevdim... yordum səni...
***
Səni çox xatırladırdı,
Yatıb öldürdüm gecəni.
Dağıtdım fikrimin səliqəsini
Ki, düşünməyim heç səni.
Nə yeridi,
Nə vaxtıdı həsrətin.
İndi səni düşünməyə
Bəs axı nə gərək var?
Fikirli gəzirəm,
Qəmgin gəzirəm
Görən deyir,
Bu işdə bir ürək var.
Ümid bitir,
Təsəllilər başlayır:
Qoy getsin gedənlər,
Nə olacaq ki?
Özümə də yer qalsın
Ömrümün sıxlığında.
Mən varam,
Həmişə öz yanımdayam
Hamının yoxluğunda...
***
Sən orda sus, mən burda,
Sözü buluda verək.
Üç-beş günlük ömrü də
Beləcə bada verək.
Könlümüzdən nə keçir?-
...dörd divardı ki, içim.
Yaxın gəl, bir ah çəkib
Tanrıya səda verək.
Ya məlhəm ol ağrıma,
Ya daş basım bağrıma...
Bir eşq ola, uğruna
Qan verək, qada verək.