Sevimli yay tətilim

Sevimli yay tətilim

05-01-2022 17:18 / Bu xəbər 1475 dəfə oxundu

Orxan Adıgözəl                         

1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra ulu babamgil köçüb,Sabirabada yerləşiblər. Əslimiz Şamaxının Göylər kəndindəndir. İndi nəinki o kənd, ümumiyyətlə, Şamaxı ilə heç bir əlaqəmiz yoxdur. Adıgözəl babamın evi Sabirabadın Qaratəpə kəndində yerləşir. 

Sabirabadın quraq və çox isti iqlimi var, xüsusilə yayı adamın cızdağını çıxarır. Rayon əsasən boz-çəmən torpaqlardan ibarət olsa da, babamın yurdu, təsvir olunan iqlimə oxşamır. "Babamın yurdu” deyəndə, mən, futbol meydançasından da böyük həyəti nəzərdə tuturam. 

Babamın həyəti elə geniş, elə baxımlıdır ki, adam özünü az qala xan imarətinin həyətində hiss edir. Bir vaxtlar babam, kəndin varlı şəxslərindən olub. Əkin-biçindən savayı, çay kənarında işlətdiyi restoranı da varmış. Bu restoranın həm sahibi, həm də aşbazı imiş. Restoran çayın üzərində salındığı üçün lap cəlbedici olub. Bundan başqa, babam ərzaq mağazası da işlədib. Atam deyir ki, dolanışıqları həmişə yaxşı olub. 

O, ağlıma gələndə, gözümün qarşısına gələn ilk aydın mənzərə babamın cansız bədəni olur. 1993-cü ildə, babam öləndə mənim üç yaşım vardı. Onun nəşi evin ortasında idi. Ətrafına çoxlu adam yığılmışdı. Bu səhnədən savayı heç nə yadıma gəlmir.  

Bibim babamın ölümünü təsvir edərkən deyir ki, o canını tapşırmazdan əvvəl çox gümrah idi.  Nədənsə şikayət eləməyib. Ayaq üstə gəzən adam, qəfildən uzanmaq istədiyib. Yatağa uzanandan sonra gözlərini yumub. Bibim onun bağlı gözündən yaş gəldiyini görüb. Qapalı gözlərin kənarından incə bir göz yaşı cığırı açılıb. Evdəkilər babamın öldüyünə əmin olublar. Bibim deyir, babamın üzündə qəribə bir təbəssüm varmış və məhz bu təbəssümdən onun öldüyünü hiss edib. 

Babamın miras qoyub getdiyi evdə indi balaca əmim, öz ailəsi ilə yaşayır. Məktəb illərində, demək olar, hər yay tətilini, Yeni il və Novruz bayramı tətillərini kənddə keçirərdim. Bakıdan kəndə yollanarkən, sevincimin həddi-hüdudu olmurdu. Avtomobilimiz kəndə girəndə elə bilirdim, içimdə kəpənəklər uçuşur. Məhəlləyə çatanda isə, az qalırdım maşından düşüb, evə qədər piyada qaçım. Nahamar, qrunt yollarda çətinliklə irəliləyən avtomobildən qabaq çatacağımı düşünürdüm. 

Mis rəngli darvazaya çatanda, atamın avtomobilin siqnalını basırdı. Əlimi sükana uzadıb, ikinci ya üçüncü dəfə özüm siqnal verirdim. Bu siqnal tələskənliklə bərabər, sevincimdən də xəbər verirdi. Həyətdəki itin hürməyi siqnal səsinə qarışıb, qulağıma nəğməsayağı gəlirdi. Sonra dəmirin səsi eşidilirdi. Əmim dəmiri çəkib, iki qapını aralayanda, elə bil qarşımda cənnətin qapıları açılırdı. 

Evə qədər uzanan yollar, gözə dəyən evlərin həndəvəri başdan-ayağa qumlu-çınqıllı, quraq ya da otu saralmış sahələrdən ibarət olduğu halda, babamın həyətinə girəndə, elə bil, gözəl, yamyaşıl xalı döşənmiş bir yerə girirdin. Həyətdə ayaqlarını basdığın hər yer səliqəli, yaşıl çəmənlikdi. Gün boyu bir neçə dəfə sulanan bu yaşıl otlardan, az qala bütün həyəti tutmuş səliqəli meynənin yarpaqlarında, həyətin ortasındakı hündür tut ağacından gələn qoxu adamın ciyərlərinə yayılır və bütün bu yaşıllıq zanki Sabirbadın o ciyər qovuran istisini unutdururdu.

Avtomobildən düşən kimi əmimi, onun arvadını, uşaqlarını qucaqlayandan sonra, qaçıb həyətin ortasındakı hündür, qoca tut ağacını, ortalıqda gəzişən qazları, toyuqları, bizə əsəblə hürən köpəyi də qucaqlamaq istəyirdim. Onsuz da zəncirdə olan itlə bir-neçə saatdan sonra dostlaşır, qazların və toyuqların sevimlisinə çevirilirdim. 

Səhər yeməyindən, nahar vaxtı yediklərimdən heyvanlar üçün pay saxlayırdım. Onsuz da heyvanların gündəlik yemlənməsində və suvarılmasında birbaşa iştirak edirdim. Buğda çəlləyindən dəmir qabla dən götürməyə gedəndə, toyuqlar bunu hiss edir, qiyyə çəkib, sevinclə dalıma düşürdülər. Onları fitlə səsləyirdim. Bu, melodik bir fit idi. Uzaqdan avazım gələn kimi ilk reaksiya qazlardan gəlirdi. Ardınca hinduşkalar cikkildəyirdilər. Toyuqlar səs çıxartmasalar da, yanıma hamıdan tez yetişirdilər. Bir sürü quş arxamca yeridikcə, özümü "Cəngəlliklər kitabı”nın qəhrəmanı Mauqli kimi hiss edirdim.

Quşlara dən vermək, mal-qaranın, itin suyunu vermək xoşuma gəlirdi. Gecələr işığa yığışan müxtəlif böcəkləri tutur, şüşə bankaya yığır, səhər quşlara böcək ziyafəti verirdim. Bəzən həyətin quşlarına gizli-gizli əlavə dən verəndə, əmim mənə acıqlanırdı. Onları yemləməyi bu qədər sevsəm də, toyuq kəsmək işinə də mən baxırdım. Bu işi də könüllü seçmişdim. Arada çobanlıq edir, axşamüstünə qədər əmimoğlanları ilə qoyunları otarır, arada sahəyə gedib, ot, kartof və qarpız gətirirdik. 

Şəhərdən bura bir neçə gül toxumu gətirib, əkmişdim. Həmin toxumları Bakının Əmircan kəndində yaşayan nənəmin həyətindən toplamışdım. Gülləri sulamaq o qədər gözəl idi ki... Ən ləzzətlisi rəngarəng güllərin böyümə prosesini görməyim idi. Onlar da yetişir, qara toxumlarını yerə tökürdülər. Toxumları yığır, başqa yerlərdə əkirdim. 

Bütün yay tətili boyu ən çox vaxtımı elə babamın həyətində keçirirdim. Həyətdə çoxlu nar ağacları vardı. Narın mövsümü oktyabrda başlayır. Nar mövsümündə az hallarda kənddə olduğum üçün, meyvə yığımını görməsəm də, yaşıl yarpaqların aralarından görünən qırmızı nar çiçəklərini seyr etmək heç də pis deyildi. 

Həyətdə çoxlu sayda növü vardı: tut, əncir,ərik, fındıq, alma, armud, göyəm, gavalı və s. Eyni meyvələrin müxtəlif növləri var. Əmim bəzilərini calaq edib, özünəməxsus növə çevirib. Buna görə yay uzunu  meyvədən bol olurdum. İstənilən ağaca yaxınlaşıb, meyvələrini dərir, ağzımın dadını dəyişirdim. Ən çox xoşuma gələn isə evin arxasındakı yaşıl alma ağacı idi. Meyvələri elə bol idi ki, yetişib, ağacdan yerə tökülürdü. Nə çox şirin, nə də çox turş idi. Həmin alma barədə bəlkə də kəmşirin demək olar. Yox, o, nəsə xüsusi dad idi. Bəzən hətta otların üstü, ayağımı basdığım hər yer alma ilə dolu olsa da, ağacı silkələyir, almaların tökülməsindən ləzzət alardım. 

Bibim mənə "nanəcib uşaq” deyirdi. Qardaş-bacı uşaqları arasında ən çox məni istədiyini desə də, onu hövsələdən çıxarmağı yaxşı bacarırdım. Bəzən "çox danışırsan” deyir ya ağzını əyirdim. O da cin atına minirdi. Üzü qızarır, boynundakı damarı şişir və mənə ağzına gələni deyirdi. Elə vaxtlarda bibimin o halına güldüyüm üçün lap əsəbiləşirdi. Bir neçə dəfə əlinə başmaq alıb, dalımca qaçsa da, məni tuta bilməmişdi. Sonra hirsi sakitləşir, yenə mehriban olurduq. 

Əmim uşaqları məndən balaca idilər. İki oğlan və bir qız. Gizlənpaç, qaçdı-tutdu oynamaqdan yorulanda, onların arasını qızışdırıb, dalaşdırırdım. Hərdən üçü bir olub, məni təkləyirdilər. Bir dəfə əmim qızı Saraya nəyəsə görə hirslənmişdim, qardaşlarına "təlimat” verdim ki, qızı tutub, balaca gölməçəyə ataq. Bunu oğlanlara bir oyun kimi təklif etmişdim. Oyuna etiraz edən və həqiqi cəzalandırıldığını anlayan təkcə Sara idi. Beləliklə, Fərid və Adil, hərəsi Saranın bir tərəfindən tutub, gölməçəyə atmışdılar. Sara soyuqlayıb, xəstələndi. Ondan sonra belə oyunları "yumşaltmalı” oldum. Daha gölməçə söhbəti olmadı. Danlanan isə Fəridlə, Adil oldu. Çünki mənim Saraya heç barmağım da toxunmamışdı. Əslində əmim və arvadı günahın məndə olduğunu bilirdilər, amma qonaq uşaq idim deyə, üstünü vurmadılar. Bakıdan kəndə gələn uşaqlara kənd yerində çox vaxt belə yumşaq davranırlar. 

Evin arxasındakı tut ağacına qum kisəsi asdırmışdım. Hər gün onu yumruqlayır, məşq edirdim. Kisəni yumruqlamaqdan əllərimin üstü yara və qabar olmuşdu. Buna baxmayaraq, hər gün məşq edir, bu məşqə əmi və bibi uşaqlarını da cəlb edirdim. Onlara məşqçilik etmək xoşuma gəlirdi. Yorulub, əldən düşənə qədər qaçır, otluqda dombalaq aşır, akrobatik hərəkətlər edirdik. Uşaqları əsgər kimi cərgəyə düzür, günlük nələr edəcəyimizi bildirirdim. Əsas "işimiz” idman və oyunlar idi. Kim tapşırıqları yerinə yetirmirdisə, onu "cəzalandırırdım”. Cəza əlavə olaraq evi on dövrə qaçmaq və 100-ə qədər sayana qədər əlləri göydə saxlamaqdan ibarət idi.

O biri həyətdə böyük əmim yaşayırdı. Mən gah burada-gah da orada vaxt keçirirdim. Əmilərim qapıqonşu olsalar da bir-biri ilə danışmırdılar. Onların nə üstündə, dalaşıb, küsdüklərini yada sala bilmirəm. Ağlım kəsəndən əmilərimin küsülü olduğunu görmüşdüm. Qonşudakı böyük əmimin iki oğlu məndən yaşca böyük idilər: Anar və Vüqar. Onlarla çoxlu söhbət edirdim. Yeganə oyunumuz çaya gedib, üzmək olurdu. Yaxınlıqda Kür çayının uzun kanalı vardı. Kanalın adı Sabir idi. Üzməyi Anarın və Vüqarın köməyi ilə elə o kanalda öyrənmişdim. "Çox yaxşı üzürdüm” desəm, qətiyyən şişirtmərəm. Suya buradan baş vurub, o biri yandan çıxmağım saniyələr alırdı. Çayın o biri sahili əsasən mesxeti türklərinin yaşadığı Əhmədabad kəndi idi. Arada ora çimməyə gələn türk oğlanlarla söhbət edir, üzgüçülük yarışlarına girirdim. 

Anar və Vüqarla qoyunları otarmağa gedir, başqa ərazidə yerləşən əmimgilə məxsus sahəyə yollanır və oradan kartof, qarpız və ot yığıb gətirirdik. Böyük əmimgilin boz rəngli atları vardı. Sahəyə gedəndə onu arabaya qoşurduq. Arada arabanı mən də sürürdüm. Çox xoşuma gəlirdi. Çətin, dolanbac döngələrdə, avtomobil yolunda atın yəhəri əmi uşaqlarının əlində olurdu. 

Evdə olan günləri həyətdə atı tək minir, möhkəm çapmağı öyrənirdim. Bir dəfə mağazaya gedəndə, bərbərxananın yanında atamın əmisi nəvəsi Nahid ilə qarşılaşmışdım. Həmyaşıdım Nahid ilə aramız pis deyildi. Atın belində idi. Xallı ağ at çox xoşuma gəldi. Nahiddən atı yarım saatlıq mənə verməyini istədim. Onu əmin elədim ki, yaxşı çapıram. Nahid atı verməyə razı oldu. O, bərbərxanaya girib, saçını qaydaya salacaq, işi qurtarana qədər mən atı gətirəcəkdim. 

Bir neçə dəqiqə sonra. atın belində, asfalt yolla asta-asta irəliləyirdim. Özümü döyüşdən qalib çıxıb, yurduna geri dönən yorğun və məğrur cəngavər kimi hiss edirdim. Kimsəsiz yolun bir kənarı hündür qamışlarla örtülü gölməçə idi. Saralmış qamışlar küləyin təsiri ilə titrəyir, sanki məni salamlayırdılar. Qamışlıq, gölməçə, uzaqdan batmaqda olan, qırmızı rəngə boyanmış günəş atın belindən lap şahanə görünürdü.

Sonra yaşlı bir kişi ilə rastlaşdım. Salamlaşdıq, mənə gülümsədi. Asfalt yolda hələ də avtomobil gözə dəymirdi. Nədənsə atı möhkəm sürmək də istəmirdim. Birdən avtomobil səsi eşitdim. Arxaya boylandım. Gələn ağ rəngli "Jiquli” idi. Avtomobil yanımdan keçəndə, nədənsə at hürkdü və kişnəyib, şahə qalxdı. Sonra sürəti artırıb, maşının arxasınca cumdu. Qızışmış at, başını elə buladı ki, onun yəhəri əllərimdən çıxdı. Bu vəziyyəti gözləmirdim. Həyəcanlansam da, özümü itirməyib, atın yoğun boynuna sarıldım. O, vəhşi kimi çapır, sanki, avtomobilə çatıb, onun üzərinə çıxmaq istəyirdi. Ağzımla atı saxlamağa hesablanan xüsusi səsi çıxartsam da, o, qətiyyən dayanmaq bilmirdi. 

Ürəyimdə Nahidi söyürdüm ki, niyə atın "dəli” olduğunu mənə deməyib. Yan-yörədə yenə heç kim yox idi ki, necəsə köməyimə çatsın. Tək çarəm atdan mümkün qədər möhkəm yapışmaq idi. Avtomobil sahibi vəziyyəti görüb, sürəti artırdı və uzaqlaşdı. Toz-dumana qərq olmuş asfaltda "Jiquli” görünməz oldu. At bir qədər də çapıb, sürətini aşağı saldı. Mən isə hələ də onu qucaqlamışdım. Başımı, boğazımı onun boynuna dirəmiş halda gülməyə başladım. Sonra ata "ağıllı at-ağıllı at” deyə-deyə yəhəri əlimə aldım və üzü bərbərxanaya doğru yönəldim ki, heyvanı Nahidə təhvil verim.   

Atla bağlı yadımda qalan başqa hadisə də var. Bu, böyük əmimgilin həyətində baş vermişdi. Saat hardasa 19.00 radələri idi. Hava nə çox isti, nə də sərin olardı. Əmim, onun həyat yoldaşı, iki oğlu – bir sözlə, bütün ailə həyətdə idi. Hərə bir işlə məşğuldu. Əmim stulda oturub, hansısa əşyanı düzəltməyə çalışır, yoldaşı hində qurdalanır, əmioğulları isə bağçaya girib-çıxır, pomidor-bibər götürüb, gəlirdilər. Mən isə atın belində həyətdə o yana-bu yana yeriyir, vəziyyətdən zövq alırdım. Arada həyətin məşğul əhli-əyalına göz atır, mənə quyruq bulayan iti fitləyir, daşlıq həyətdə gəzişməkdən və havanın gözəlliyindən xoşhallanırdım. 

Qəfildən it hürüb, zingildəməyə başladı. Üzünü bağçaya tərəf çevirmişdi. Bu hürüş yad adamın peyda olmasından xəbər verirdi. Atın da narahat olduğunu hiss etdim. Ayaqlarını yerə pərçimləmiş, tərpənmək istəmirdi. Bağçanın o tayından bir neçə dəfə qışqırıq eşidildi. Ardınca da ağacların və hündür kolların tərpəndiyini gördüm. Atın belində olduğum üçün hər şeyi daha aydın görə bilirdim. İt lap ucadan hürür, at isə başını aşağı-yuxarı əyib, ön ayağının birini yerə çırpırdı. Əmimgil əllərindəki işlərini saxlayıb, maraqla bağçaya, səs gələn tərəfə baxırdılar. Bir az sonra silkələnən ağacların və samanlığın arasından əli baltalı bir adam çıxdı. Onun üst-başı qan içində idi. Başından axan qan üzünü, boynunu qırmızı rəngə boyamışdı. O, bərəlmiş gözləri ilə, hoppana-hoppana qaçır, bağırırdı. Sonra qaçanın arxası ilə ona çatmağa çalışan kişili-qadınlı beş-altı nəfər peyda oldu. Onlar "dayan-dayan” deyə qışqırır, qan içində olan əli baltalı gənci saxlamağa çalışırdılar. Bu mənzərə Mel Gipsonun rejissorluğu ilə çəkilən "Apokalipsis” bədii filminin qabarıq səhnələrini xatırladırdı. 

Qorxumdan özümü atdan yerə atıb, onun arxasına sığındım. Bəlkə də darvaza açıq olsaydı, atı çapıb, oradan qaçardım da. Ürəyim möhkəm döyünürdü, boğazım qurumuşdu. Əmim irəli çıxdı. Hamı birləşib, əli baltalı adamı yaxaladılar. Məlum oldu ki, onun hədəfi biz deyilmişik. Qonşudakı balaca əmim bu adamla çay kənarında tutaşıb, dalaşıbmış. Əmim də həmin kəsi döyüb, orada qanın içində qoyub, evinə dönübmüş. Bu da özünə gələndən sonra intiqam almaq qərarına gəlib. Kiminsə həyətindən balta götürüb, çayın sahili tərəfdən böyük əmimin həyətinə keçib, "qanlı olay”ın hesabını çürütməyə niyyətlənibmiş. 

Kəndlimizin bu davranışı bir növ özünü sakitləşdirmək idi. Çünki, o, həqiqətən də balaca əmimdən intiqam almaq istəsəydi, məhz onun həyətinə keçib, ona hücum edərdi. Bu isə özünü hirsini necəsə çıxarmaq, ətrafdakılara da "mən cəsuram” demək istəyi idi. Əlbəttə böyük əmim və onun başına toplaşanlar döyülən adamı sakitləşdirdi. Sonra da hamı evinə geri döndü. 

Kənddə çox adam balaca əmimdən çəkinir və qorxurdu. O, Birinci Qarabağ Müharibəsi iştirakçısı idi. Müharibədə kontuziya almışdı. Əsəbləri yerində olmurdu. Gənc yaşından davaya meyilli olub. Mənə də döyüşməyi öyrətmişdi. Aramız çox yaxşı idi. "Çalış, döyüşdə ilk zərbəni sən endirəsən” - əmimin "qızıl” məsləhətlərindən idi. Dırnaqlarını xüsusi tərzdə saxlayırdı. Qıraqlarını kəsir, ucunu azca şiş saxlayırdı. Bunu kiminsə boğazından yapışanda, onu daha tez "zərərsizləşdirmək” üçün edirdi. Ona baxıb, bir müddət mən də dırnaqlarımı elə saxlamışdım. 

Axşam yeməyindən sonra mənə həyatında baş verən maraqlı hadisələrdən danışırdı. Bəzi günlərdə də döyüş vaxtı çətin vəziyyətdən necə çıxmağı, hansı effektiv fəndlərdən istifadə edib, qalib olmağın yollarını göstərirdi. Рəmişə qara  paltarlar geyirdi. Bu rəng onu daha əzazil, həmçinin, чarizmatik göstərirdi. Təsərrüfat və meyvəçilikdən savayı, onun əsas gəlir mənbəyi sürücülük idi. Bəzən Sabirabaddan Bakıya və geriyə, həmçinin müxtəlif kəndlərə adam aparırdı. Televizorda ən çox baxdığı veriliş,  heyvanlar aləmi barədə sənədli filmlər və Rusiya istehsalı kriminal filmlər olurdu. Demək olar, hər gecə mütaliə edirdi. Oxumağı xoşlayırdı. Ən sevdiyi roman, yazıçı Abbat Prevonun "Manon Lesko”su idi. Bu kitabı düz 14 dəfə oxumuşdu. 

"Manon Lesko” mənim də sevdiyim romanlardandır. Bir kişinin qadına olan sevgisi olduqca bəlağətli və gözəl şəkildə təsvir olunan həmin kitabı əmim mənə yeniyetmə olanda oxumağa qoymurdu ki, orada müəyyən intim səhnələr var. Əlbəttə, mən kitabı çırpışdırıb, Bakıya gətirmiş və burda oxumuşdum. 

Babamın evində ikinci mərtəbədəki otaqlardan birində pəncərə önündə əmimin çoxsaylı kitabları vardı. Həmin otaqda nənəmin nehrəsi, köhnə qab-qacaqlar, sandıq və taxta əşyalar gözə dəyirdi. İçəridəki azsaylı əşyalar keçmişin nişanələri idi. Onlara baxanda, nənəmi xatırlayırdım. Nehrə, sandıq, dəri üzlüklər – bir vaxtlar bu yurdda yaşayan, bu dünyanın havasını udan, suyundan içən, çörəyindən yeyən nənəmə məxsus idi. Onlara baxdıqca nənəmi gənc qız kimi təsəvvür edir, həmin əşyalarla canlı təmasda ikən necə emosiyalar yaşadığını düşünürdüm. 

Bu otaqda heç kim qalmırdı. Mən ora əsasən günortalar girirdim. Yayda aran bölgəsində günortalar camaatın çoxu yatırdı. Yatmayanlar da istinin əlindən çölə çıxmırdılar. Bu hal kollektiv şəkildə yaşanırdı. Həmin saatlarda mışıl-mışıl yatanları görəndə təəccüblənir və darıxırdım. Şəhərdən gələn enerjili uşaq üçün bu hal qəribə idi, axı Bakıda "günorta yuxusu” deyilən şey yoxdu. Aran kəndində isə bu, ənənəyə çevrilmişdi.

Hamının evə yığışıb, yatdığı saatlarda ikinci mərtəbədəki boş otağa gedirdim. Əlimdən gəldiyi qədər sakit yeriyirdim ki, ayağımın altındakı taxta döşəmə cırıldamasın. Ev əhli səsimi eşidən kimi, məni yatmağa çağırırdı. Bir neçə dəfə cəhd etsəm də, heç vaxt günortalar yuxuya gedə bilməmişdim. Keflə yatan əmimuşaqlarına baxıb, sıxılmışdım. Sonra günortalar yuxuya getməyə çalışmanın başını buraxmışdım. Hamı evə yığışanda, mən də onlarla birgə otağa çəkilir, hamı yatandan sonra isə ikinci mərtəbəyə qalxırdım. Nənəmin əşyaları olan həmin otaq başqa aləm idi. Naxışlı pəncərədən içəri süzülən günəş şüaları otağı işıqlı məbədə oxşadırdı. Burada insana sakitlik gətirən atmosfer hökm sürürdü. Elə bil, içəridə zaman dayanırdı.

Oradakı sakitlik mənə hüzn gətirirdisə də, bu, cansıxan və ağırlıq gətirən hüzn deyildi. O otaqda yaşca böyüdüyümü düşünürdüm. Pəncərədən çölə baxdıqca yaşıl zəmilər, ağaclar, əngin səma mənə əyləncədən və səfadan çox, həyatın ölümlü tərəfini xatırladırdı. Bunu nənəmin yoxluğu ilə əlaqələndirirdim. Həm də kitabların arasında məni ən çox cəlb edən "Ölmək asan deyil” adlı hekayələr toplusu da belə əhvala köklənməyimə vasitəçi olurdu. "Ölmək asan deyil” ingilis və amerikalı yazıçıların hekayələr toplusu idi və kitabın üz qabığında qumluq səhrada skelet kəllə təsvir olunmuşdu. Tez-tez illustrasiyalarına baxdığım Dantenin "İlahi komediya” poeması da ən çox vərəqlədiyim kitablardan idi. 

Düşünürəm ki, həmin otaqda ölümü xatırladan nümunələrin çoxluğu əhvalıma hüzn notları qatmaqda idi. Pəncərənin böyründə, kitabların yerləşdiyi sırada qadın-kişi rəsmi vardı. Qadın və kişinin bədənlərinin aşağısında sevgi rəmzi kimi ürək təsvir olunmuşdu. Eyni zamanda onlara dolaşan heç də balaca olmayan ilan və tikanlı qızılgülü də görmək olurdu. Bu rəsm balaca əmimin qolunda tatu halında da vardı. Əmimdən soruşsam da, döymənin tarixçəsindən danışmamışdı. Həmin rəsm bəlkə də onun nakam məhəbbəti ilə əlaqəli idi. 

Pəncərədən götürdüyüm kitabları balkonda oxuyurdum. Bura sevimli məkanım idi. Ayaqlarımı ikinci mərtəbədən aşağı sallayır, hündürdən ətrafı seyr edərək, mütaliə edirdim. Orada məni kim görürdüsə "yıxılarsan, düş aşağı” deyirdi. Onların dediklərinə əhəmiyyət vermirdim. Burda oturmaq çox gözəl idi. Həyət ayaqlarımın altında olurdu. Bu, bir növ ətrafı qartal baxışı kimi görmək idi. Özümü qartal kimi hiss edirdim. Elə bilirdim, qanadlarım əmələ gələcək və göyə qalxıb, uçacağam. Hündür yerdə kitab oxumaq və ya sadəcə ətrafı sezmək mənə sevinc və rahatlıq gətirir, özümü quş kimi yüngül hiss edirdim. 

Uzaqlara baxdıqca bəzən elə təsəvvür yaranırdı ki, indi hasarın o tayından nəhəng bir dinozavr çıxacaq və ətrafı dağıda-dağıda evə hücum çəkəcək. Bu ən sakit vaxtlarda ağlıma gəlirdi və məni gülümsəməyə məcbur edirdi. Sanki əmim dinozavrla döyüşə girişəcək və evin aşağısına yaxınlaşanda, mən ikinci mərtbədən dinozavrın başına ağır əşyalar atıb, onu məhv edib, qəhrəmana çevriləcəyəm. Ağlıma belə fantaziyalar gəldikcə, müxtəlif səslər çıxarır, gülüb, əylənirdim. 

Saat beşdən sonra ev əhli yavaş-yavaş günorta yuxusudan oyanır, həyət-baca yenidən canlanırdı. Günorta vaxtı kölgəliyə çəkilən heyvanların da səsi aləmi götürür, "yemək istəyirik” siqnalını ötürürdülər. Günortadan sonra həyat çox rəngli olmağa başlayırdı. Bu həm də nisbətən sərinin düşməsi ilə əlaqəli idi. Həmin saatlarda bağçada gəzişirdim. Dərindən nəfəs alıb-verir, ətrafdakı gözəllikləri eyni ciyərlərimə çəkdiyim hava kimi, gözlərimlə də udurdum. Quşların şirin nəğmələri bir-birinə qarışır, təbiətin gözəlliyini təkcə gözlərimlə yox, həm də qulaqlarımla da duyurdum. Burnuma gələn ot-ələf qoxusu ilə birgə bütün duyğu orqanlarımın ümumi xoş vəhdətdə olduğunu hiss edirdim. Bəzən sadəcə qaçır, hoppanıb ağacların budaqlarına toxunur, təbiətdə olmaqdan zövq alırdım.

Gəzərkən çılpaq qıçlarıma toxunan hündür otların və kolların sərt tərəfləri belə mənə doğma gəlirdi. Dizlərimi cızan tikanlar məni məyus etmirdi. Bəzən ayaqyalın gəzirdim. Bu xasiyyəti böyük əmi uşaqlarımda görüb, götürmüşdüm. Onlar deyirdilər ki, ayaqyalın yerimək ayaqların altını möhkəmlədir. Çox vaxt quru torpaqda da ayaqyalın gəzirdim. Əvvəl ayaqlarımın altı isti torpağa dəyib, yansa da, xırda daşları tapdayanda, qanasa da, qısa vaxtda keçib-gedirdi. Ayaqlarımın altı qabarıb, möhkəmləndiyi üçün sevinirdim. Əmi uşaqları mənə fəxarətlə baxırdı. Səhər lap tez duranda, evin böyründəki sıx çəmənlikdə ayaqyalın gəzməyi çox xoşlayırdım. Şehli kollar, otlar ayaqlarıma dəydikcə, xoşbəxt olurdum. O vaxt özümü buludların üzərində hiss edirdim. Bu həzzdən məni ayıran tək şey, diqqətli olmaq məcburiyyəti idi – aranda ilanar çox olurdu və hər an adamın ayaqlarına dolana, sanca, zhərləyə bilərdi. Ev əhli həyətdə bir neçə dəfə ilana rast gəlmişdi deyə, məni də xəbərdar etmişdilər. 

 Amma mən heç ilana rast gəlməmişdim. İlanları çox sevirəm. Adamın canına saldıqları vahimədən başqa, onların vəhşi bir cazibədarlığı var. Sabirabadda ilan çox olsa da, nəsə rastıma çox az çıxmışdı. Bir dəfə böyük əmimgilin evinə iri bir ilan girib, şkafın arxasında gizlənibmiş. Həmin vaxt mən orada yox idim. Gələndə artıq ilanı öldürmüşdülər. Bir dəfə də böyük əmimgildə günorta evdə oturub televizorda nəyəsə baxdığımız yerdə it möhkəm hürməyə başladı. Adətən o, həyət qapısına yad kimsə yaxınlaşanda belə hürür. Bu dəfə isə üzünü darvaza tərəfə yox, öz yuvasına çevirib, hürür, boynundakı zəncirdən xilas olmaq istəyirdi. Əmim oğlu Vüqarla evdən çıxıb, düz itin komasına tərəf qaçdıq. Ora çatana yaxın gördük ki, iri bir ilan itin komasının arxasında dayanıb, ona hücum etmək istəyir. Boz və qara rəngin qarışığı olan gürzə o qədər cazibədər görünürdü ki, ona baxmaqdan doymurdum. Elə bil, məni hipnoz eləmişdi. Yerimdəcə donub, qalmışdım. O, titrəyir, qıvrılır, boynunu sağa-sola tərpədirdi. İlandan valehedici dalğanın yayıldığını hiss edirdim. 

Vüqar, hinin yanından oraq götürdü ki, ona hücum eləsin. Bu vaxt gürzə elə şütüyüb, uzaqlaşdı ki, heyran qaldım. Televizorda heç vaxt onları bu cür sürətlə aradan çıxan görməmişdim. Həmin şeyin şahidi olandan sonra, düşündüm, görəsən, heyvanlar haqda sənədli filmlərindəki ilanlarla üz-üzə gələn, hətta arxaları ilə qaçıb, onları tutan adamların həmin kadrları qurama deyil ki?! Gürzənin elə sürətini görəndə, həm də dünyanın zəhərli və sürətli ilanı olan qara mamba barədə də düşündüm. Gürzə belə sürətlidirsə, gör, indi qara mamba necədir...  

Əmim mənim üçün söyüd ağacının budağından sapand hazırlamışdı. Sapandla quş ovuna çıxırdım. Sərçə, bildirçin, göyərçin – bu quşlardan hansı rastıma çıxsa, ovlamağa çalışırdım. Guya onların ətindən dadmaq istəyirdim. Hasarın başında, naqillərə qonmuş yerdə, ağacların budağında, harada bu quşlardan görürdümsə, cibimdən sapandı çıxarır, ətrafdan xırda çay daşı tapıb, onu enliyə qoyub, rezini dartırdım ki, quşu vura bilim. Yaxşı ovçu deyildim. Heç bir daşım hədəfə tuş gəlməmişdi. Deyəsən, bir dəfə sərçə vurmuşdum. Onu da nə qədər axtardımsa, düşdüyü yerdə tapmadım. Özümü ovçu sayırdım, Robin Qudsayağı filmlərin təsirinə düşmüşdüm. Bir gün elə oldu ki, sapandın rezini qırılıb, əlimə çırpıldı və möhkəm ağrıdı. Bu söhbətdən sonra sapandın başını buraxdım.   

Yayda axşamlar kənd bir başqa olurdu. Cücülərin vızıltısı və qurbağaların quruldaması eşidilir, meh əsir, uzaqlardan hardasa keçirilən toy sədaları gəlirdi. Axşam yeməyindən sonra əmimlə çoxlu söhbət edirdik. Ona qulaq asmaq xoşuma gəlirdi. Əmim gənc yaşındakı macəralarından, əsgərliyindən, Bakıda işlədiyi günlərdən və iştirak etdiyi Birinci Qarabağ Müharibəsindən danışırdı. O, elə həvəslə danışırdı ki, etdiyi maraqsız əhvalat belə adama xoş gəlirdi. Əmim yaxşı hekayəçi idi. Axşam yeməyində içdiyi 200 qram araq həmin hekayələri lap bəzəkli danışmağına səbəb olurdu. O, məni ruhlandırır, cəsarət verirdi. Yaxşı dinləyici olduğum üçün mən də əmimin xoşuna gəlirdim. Onun məndə bəyənmədiyi şey bəzi qohumlarımızgilə getməyim olurdu. Əmimin onlarla gediş-gəlişi yox idi deyə, mənim də ora getməyimi istəmirdi. Mən isə arada darıxdığım üçün həmin yerlərə qonaq gedir, yaşıdım uşaqlarla oynayır, əyləncəli vaxt keçirirdim. Tanıdım-tanımadım qohum-əqrabanın evinə getməyi xoşlayırdım.

Arada heç yaşıdım olmayan qohumlarımızgilə də gedirdim. Bu, atamın dayısının evi idi. O ev məhəllənin girəcəyində yerləşir. Atamın dayısı uşaqları ilə münasibətim çox yaxşı idi. Hamısı məndən xeyli böyük olsalar da, söhbətimiz yaxşı tuturdu. Əsas da qızlarla. Oğlanlar çox ünsiyyətcil deyildi. Həm də nə vaxt görürdün, işləyirdilər ya da televizora baxırdılar. Evin böyük qızı Zəminə ilə söhbətlərimiz tuturdu. Biz hər şey barədə danışırdıq. Zəminə informasiya mənbəyi idi. Qohum-qonşuda olan qeyri-adi hadisələri çox böyük həvəslə danışma qabiliyyəti vardı. Orada darıxmırdım. Həmin vaxtlar əmim oğlu Vüqar da mənimlə olurdu. Axşama qədər çənə vururduq. Hava qaralandan sonra evə qayıdanda çox vaxt əlimizdə daş tuturduq ki, işıq olmayan ərazilərdən keçəndə, itlərin hücumundan özümüzü qoruyaq. Bir neçə dəfə küçədə itlə rastlaşmışdıq. Daş atmasaydıq, bizə hücum edəcəkdilər. 

Kənd toyları çox maraqlı keçirdi. Adamlar bir araya yığılır, küsülü olanlar müvəqqəti barışıq elan edir, qohum-qonşu, hamı toy yiyəsinə kömək edirlər. Böyük çadır qurulur, həyət-baca təmizlənir, ev səliqə-sahmana salınır. Bu işlərdə əsas yük qadınların üzərinə düşür. Təmizlik işlərindən, yeməklərin hazırlanmasına qədər əsas fəallığı qadınlar çəkirdi. Kişilər tutulan siyahı üzrə bazarlıq edir, heyvan-qaranı kəsib, doğrayır, musiqiçlərlə danışır, bütün günü fəaliyyətdə olurdular.

Toydan üç gün əvvəl çadır qurulur, "ciyər axşamı” adlanan yığıncaq təşkil olunurdu. Orada ancaq yaxın qohum kişilər iştirak edirdi. Mal-qaranın içalatı qovrurması verilən yığıncaqda kişilər deyib, gülə-gülə yeyib-içir, toyla bağlı planlar müzakirə olunur, qumar oynayırdılar. 

Toy günü əsl canfəşanlıq yaşanırdı. Elə bil, hamı bir ağızdan danışır, məclisin yaxşı keçməsində səbəbkar olmaq istəyirdilər. Günorta vaxtı kişilər və qadınlar ayrı-ayrı məkanlarda yemək yeyir, axşam isə bir yerə toplaşıb, rəqs edirdilər. Axşamüstü çadırın kənarına çoxsaylı gənc oğlan yığışır və əylənənləri seyr edirdilər. Həmin seyrcilər əsasən  toya dəvət olunmayan qeyri-tanışlar olurdu. Onlar hətta başqa kəndlərdən də gəlirdi. Demək olar, hər toyda dava düşürdü. Kənardan qızları, qadınları seyr edənlərin hansısa baxışı, sözü oradakı kişilərin xoşuna gəlmirdisə, həngamə qopurdu. "Sən o qıza niyə elə baxdın” – sualı və ardınca yumruq-təpik "danışırdı”. Həmin vaxt musiqiçilərin üzü gülür, lap həvəslə davanın tempinə uyğun mahnılar səsləndirirdilər. 

Yas və ya toy vaxtı qurulan çadır sabirabadlıları bir araya yığan tək-tük vasitələrdəndir. Aran isti yer olsa da, sabirabadlıların öz aralarında istilik, mehribanlıq çox az gözə dəyir. Başqa kəndləri dəqiq deyə bilmərəm, ancaq Qaratəpədə vəziyyət belədir. Bunu Bakıda və digər yerlərdə də görmüşəm. Yerlipərəstlik və qohumbazlıq çox az rast gəlinən hallardandır. Sırf yerli və qohumsan deyə səni işə götürən, necəsə maddi dəstək olan – biz tərəfdə belə şeylər azdır. Buna görə də adını bilmədiyimiz, küçədə görsək, tanımayacağımız onlarla qohum-əqrabamız var. Bu soyuqluğun təməlini nənəmlə babam qoyub. Yəqin ki, onlar da belə görüblər. İndi babamın övladları və nəvələri də eyni şeyi edir. Mehribanlıq yoxdur. Bu barədə danışanda hamı birağızdan narazılıq edib, gileylənir, ancaq vəziyyət dəyişmir ki, dəyişmir. Hər şeyə rəğmən kənddə keçirdiyim yay tətillərim ölənəcən yadımda isti və doğma xatirə olaraq qalacaq...

Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı  dərsləri laboratoriyası” layihəsi çərçivəsində yazılıb.