“Şir həmişə şirdi, mənim Qardaşım!”

“Şir həmişə şirdi, mənim Qardaşım!”

10-11-2023 02:18 / Bu xəbər 3236 dəfə oxundu

Və yaxud "Meşə Şiri” Əbil Həsənovun ad gününə SÖZARDI!

Aydın Can

Əbil Həsənovu nə bizim Yazıçılar Birliyində, nə bizim ədəbi saytlarda, nə də Azərbaycan ədəbiyyatında Ədəbi İmza kimi təqdim edən, bu istəkdə olan yoxdur! Heç Əbil özü də bunu istəmir! Sadəcə, yazır!

İçində olduğu yaradıcı cameənin, kino sənayesinin, siyasi mübarizənin bütün "ünlü” isimlərini, "mübariz qəəəhrrrəmanları”nı, "cahanşümul” aktyor və rejissorları şəxsən tanıdığı halda.

Uzun-uzadı Əbil Həsənovdan yazmayacam, təqdim də etməyəcəm – zəhmət çəkin, paylaşımlarına baxın, görün ki, yazdıqları Almaniyadan, Ukraynadan, Türkiyədən, Qazaxıstandan anrı-bəri nə qədər yerdə və neçə dildə yayılıb, düşüncəsiylə tanış olun, özünüz tanıyın, özünüz sevin (əminəm ki, Siz onu mənim əlimdən alacaqsınız, məni ona həsrət qoyacaqsınız, amma mən sizin əlinizdən onunla danışmağa vaxt tapmayacam)! 

Mənim, sadəcə, demək istədiyim odur ki, Əbil Həsənov istedadı hələ ədəbi istismara verilməmiş potensial bəşəri yazıçılardandır. Haçansa ən böyük etiraflar, dəyərləndirmələr olacaq! 

Və... mən onu ona görə çox istəyirəm ki, o, mühacirətdə nəyi və necə etməli sualının cavabını bilir! Lazım olanla məşğuldur!
Əbil mənim üçün xaricdə Azərbaycanı layiqincə təmsil edən əxlaqlı kişi, gözəl ailə başçısı, ləyaqətli oğul atasıdır!

Oğlu Almaniyanın siyasi həyatında gənclər nazirinin diqqətini cəlb etmək qədərincə yetkin, təfəkkürlü, savadlı, istedadlı gəncdir!
Mən heç Əbilin neçə yaşı olduğunu bilmirəm!

Əbil Həsənovun yaradıcılığı haqqında sözümü elə onun öz hekayəsini paylaşmaqla demiş sayıram! Əlavə edəcəyim bir şey var:
Bu ölkədə çox az adam bilir kim kimdir, bu ölkədə çox az adam özünü tanıyır, səviyyəsini bilir, amma Əbil hamını, o cümlədən də özünü tanıyan mükəmməl bir insandır!

Əbilin gözəl bir fikri var: bir var meşə şiri, bir də var sirk şiri! Hətta sirk şiri var ki, meymunun əlində meymunluq edir!
Budur Azərbaycan siyasətinin, ədəbiyyatının, siyasətinin intelegensiyasının durumu: sirkdə meymunun işarəsi ilə meymunluq edən "şirlər”.
Hamısı da həqiqətən də şirdir, amma artıq fərqində deyillər ki, onları meşə şirliyindən sirk şirliyinə inteqrasiya ediblər! Özü də rəhbərləri... meymundur!
Əbil... vətəndən kənarda da "meşə şiri”  olaraq qalıb, qalacaq da – Əbili sındırmaq üçün Tarixin və Taleyin bütün zərbələri boşa çıxıb!
Bu Zəfər Günündə Sənin də Zəfərin var Əbil: "meşə şiri” olaraq qürbətdə də dik qalmağındır bu zəfər, əziz Qardaş!
Bağrıma basıram, Yaxşı Oğul, Yaxşı Oğul Atası olan, əzizim Əbil!
Sən yaradıcı insanlar üçün ədəbi ləyaqətin sanbalını əyənlərin qarşısında ən azından pərsəng daşısan!
Var ol!

Əbil Həsənov

Ölü canlar

Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır. 

Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar adətən ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə, gələcək oğurluqları üçün plan hazırlayardılar. Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı.

Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "Çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər. Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü. Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi. 

İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər. Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər. Bəli, bu "öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.