Siyasət həyatdır!

Siyasət həyatdır!

17-04-2021 11:05 / Bu xəbər 4196 dəfə oxundu

Rəşad Ramazanov

Bu gün cəmiyyətimiz iqtidarın totalitar xarakteri və avtoritar siyasəti sayəsində manqurt istehsal edən böyük bir siyasi-ictimai fabrikə çevrilib. 

Manqurtların təşkil etdiyi xalqın nəinki torpağı, bütün sərvəti, təbii ehtiyatları, hətta qadın və uşaqları da zalımlar tərəfindən istismar ediləcək və edilir də! Böyük güclər belə xalqların başına öz vassallarını gətirib himayə etməklə dəyəri və qiyməti olan hər şeyi mənimsəyirlər. 

Bu baxımdan xalqımızın düşdüyü vəziyyət bədbəxt Afrika xalqlarının və neft şeyxlərinin müsəllət olduğu miskin ərəb xalqlarının vəziyyətindən heç nəylə fərqlənmir! Məsələn, Afrika qitəsində çıxarılan təbii sərvətlərdən (neft, qaz, uran, mis, dəmir, xrom, tantal, qızıl, gümüş və s.) gələn saysız-hesabsız gəlirlərin çox yox, sadəcə, 10-ca faizi bu qitənin ac-yalavac xalqlarına verilsəydi, bu qitədə nəinki acından heç kim ölməz, hətta ən azı orta səviyyədə yaşayardılar.

Eləcə də Azərbaycanda çıxarılan təbii sərvətlərdən (xüsusən neft və qazdan) gələn milyardların çoxu Qərbin (Rusiyanın payı xüsusidir!) acgöz şirkətlərinə, az qismi də onların içimizdəki əlaltılarının cibinə axır! Heç kim də səsini çıxara bilmir! Xalqın payına düşən bu gəlirlərin heç 1%-i də deyil! 

Acgöz Qərb şirkətləri başımıza zorla gətirdikləri xainləri xalqdan gələn hər hansı bir təhlükədən sığortalamaq müqabilində neft-qaz işlərinə nəzarəti tamam öz əllərinə alıblar! Eyni zamanda Əliyev hakimiyyəti də xalqın mübariz ruhunu məhv etməklə Qərbin, xüsusilə anqlosaks imperializminin, həmçinin bir nömrəli düşmənimiz Rusiyanın qarşısında böyük xidmət göstərdi! 

İndi artıq hər bir və hər cür sərvət və dəyər sovuran vampir şirkətlər Azərbaycana rahat gəlir, rahatca da mal və sərvətlərimizi talan edirlər.

Abşeronda Qərbin və Rusiyanın hər hansı bir şirkətinə satılmamış torpaq sahəsi çətin tapılar. Öz "mən”ini satan kimsələr üçün torpaq satmaq nədir ki?! Qarabağı satmadılarmı?! Çox vaxt mənə deyirlər: "Sən alimsən! Alim siyasətə qarışmamalıdır!” 

Mən bu cür insanlara, sadəcə, iki dahi ictimai-siyasi xadimin sözlərini xatırlamaqla cavab verəcəyəm. 

Antik Yunanıstanın siyasət zirvəsi hesab edilən Perikl deyirdi: "Çox az adam siyasətçi ola bilər, amma siyasətçilərin əməllərinə qiymət verməyə hamının haqqı var!” 

Bismarkın da bu sözləri məşhurdur: "Nə edirsən et, hara gedirsən get, siyasət özü gəlib səni tapacaq!” 

Qısa və konkret deyim ki, siyasət həyatdır! Siyasət yaşantıdır, reallıqdır! 

Siyasiləşməmiş hər bir insan incimədən anlamalı və bilməlidi ki, o potensial manqurt və ya zombidən başqa bir şey deyil! Adi insan siyasi kimliyini dərk etmədikdə manqurta çevrilə biləcəyi kimi, alimlər və yazarlar da siyasi-ictimai kimlik və məsuliyyətlərini kənara atdıqda isə nəhəng bir bədheybətə çevrilərək xalqı despotizm bataqlığına sürükləyir və ya o bataqlıqdan çıxmasına əngəl olurlar!

Tarix boyu avtoritar və totalitar dövlətlərdə haqqı görən və deyən insanları "siyasətə girişmək olmaz!”, "terrorçuluq!”, "separatizm!”, "sabitlik pozulacaq!” və digər totalitar, avtoritar və despotik şablonlarla qorxutmağa çalışmışlar. 

Bəzi dostlarımı da bu qorxaqların arasında görəndə qəlbimin başı göynəyir! 

Allah bu xalqın aqibətini xeyirli etsin!

P.S. Bu status 2007-ci ildə yazılmış məqalədəndir. Düşünürəm ki, bu gün də aktualdır! 

P.P.S. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.