Sufi şərqisi
31-12-2021 20:18 / Bu xəbər 1469 dəfə oxundu
Ənnağı Hacıbəyli
"Bilməyən nə bilsin bizi..."
Anaq Yunisi, anlayaq Yunisi:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik.
Haradan gəldiyini bilməyən
heç vaxt vara bilməz mənzilə...
Mənzil son dayanacaqdır,
Tanrı mənzil başındadır...
Yol təkdir – haqqın yolu:
yanlışa aparır bütün ayrıclar...
Dərkolunmazdı İlahinin yolu.
Amma dərkolunandı ilahi yol.
Dərk olunmaz yol yol deyil.
Ulaşılandır dərk olunan yol...
Özünə varmayan mənzilə varmaz.
Tanrı - qutsal arzudur:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik...
"Səfasız sufiyi gör kim, haram der: dinləməz sazı,
Ki, əhli-həq olan kişi, nə qəm, girsə kəlisayə..."
Varlıq da birdir, yol da.
Varıb gedən üçün yoldur şəriət,
Dərk edib seçənə yoldur təriqət,
Mərifət arifin ruhunun əksi,
İdrakdan üstdədir amma həqiqət...
Şəriət könlünü Tanrıya vermişlər üçün deyil.
Könülə sığan dünyaya sığmaz.
Gözümüzü doyuran könlümüzdür.
Könül quşu uçar mürşidə sarı,
Ki, ona ariflər mürği-dil derlər...
"Varınsa əql özün tək qafili-mürşid qəbul etmə.
Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz..."
Bir sən bəslərmisən səndən içəri?!
Tanrı dindardan yuxarıda, sufinin içindədir.
Din Tanrının ətəyindən yapışır,
Tanrı süfinin özündədir.
Dindar qeyd-şərtsiz "Allah var” deyər.
Sufi "Tanrı var” və ya "Tanrı yoxdur” deməz.
Dindar üçün Allahın evi məsciddir, kilsədir.
Sufi üçün Tanrı hər yerdə və onun içindədir.
Dindar inanclı, sufi şübhəçidir.
Sufiliyə inanmayanlar onu dərk etməyənlərdir.
Qeyd-şərtsiz inam xəstəlikdir.
Sufilik idrak və məhəbbət yoludur.
Sufilər Tanrını ürəklərinin gözü ilə görənlərdir.
Gerçək zəvvarlıq Tanrıya gedən yoldur:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik.
"Bulmuşam həqqi, Ənəlhəq söylərəm!
Həqq mənəm, həqq məndədir, həqq söylərəm..."
Tanrı ilə insanın arasına girən hər kimsə, bayquşdur.
"Surəti-xəttü-xalinə sacidü abid olmayan,
Millətimizdə oldurur, müşrikümüz, yəhudumuz".
Dərviş cahilin gözündə dinsiz sərgərdandır.
"Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü-gümanə sığmazam.
"Həqqi bilən bilir ki":
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik...
Dünyanı "ol”sözüylə olduran Tanrı.
Həyat varsa, ölüm də var...
Ölüm Tanrı dərgahının qapısıdır.
Ölüm son deyil, ölüm bir köçdür.
Gəlirik, keçirik, köçürük...
"Dünya duracaq yer deyil, ey can, səfər eylə".
Tale Tanrıdan gəlir.
Hər şeyə hökm edən Tanrıdır.
Bu dünya hamını məzara çılpaq yola salan bir müflisdir.
Hamımız bu dünya bazarına bir kəfən çalmaq üçün gəldik.
"Bəzərsən cismini bica yerə əlvan libas ilə,
Gəlibsən lüt cahanə, lüt edərsən tərk dünyani".
Gəlməz yolun yolçularıyıq:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik...
Eşqsiz bədən cəsəddir.
Gerçək aşiq eşqdə yox olandır:
"Fani ol eşq içrə kim, bənzər fənasi aşiqin,
Feyzi-cavid ilə Xizrin çeşmeyi-heyvanına".
Aşiqlər öz içindən Tanrı dərgahına ucalanlardır.
Eşq aşiqin içini nurlandıran fəzilətdir:
"Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili əhli-kəmal eylər məni".
Sevgisiz baxan göz kor olar.
"Can vermə qəmi-eşqə ki, eşq afəti-candır..."
Can borcumuz Tanrıyadır:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik.
Söz zamanı aşar.
Zamana qalib sözdür!
"Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz".
Sükut da sözdür.
Sözünə yox, sükutuna baxar dərviş.
Söz ədalətin deyilsə, əyrinin, oğrunundur.
Ədalət – məsumiyyəti aramaqdır.
Ədalət tərəzisini dəlillər çalışdırır.
Gecikən ədalət ədalətsizdir.
Ədalət Tanrıdan gəlir:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik.
Dərvişlər həqiqət yolçularıdır.
Dərviş yoxluq əhlidir.
Dərvişin içini arındıran zikrdir:
"Məni mən etmə, ey zahid, güvənmə zikrə, ey sufi,
Ki sən məğrursən zikrə, mənəm müştaq didarə".
Dərvişlik nəfsin islahıdır.
Son məqama ulaşan qəlb arınmış qəlbdir:
Son məqama ulaşan qəlb arınmış qəlbdir:
"Çeşmi-qibti nə bilir xilqəti-Harun sirrin..."
Dünyadan üz çevirmədən dərvişə dönülməz:
"Əgərçi iynə tək keçdim cahanın cümlə varından..."
Dünya tanınmaz, özünü tanısan, yetər.
"Sən hümayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq".
Eşq özünüdərk və Tanrıya bağlanışdır:
"Eşqdir ol nəşeyi-kamil, kim ondandır müdam",
Səni hər kəs bilər, bir sən özünü bilməzsən.
"Bilməyən nə bilsin bizi?!"
Ehey Yunis, budur sufinin şərqisi:
Tanrıdan gəlmişik,
Tanrıya da dönəsiyik.