Şuşa yuxusu

Şuşa yuxusu

08-12-2020 16:07 / Bu xəbər 709 dəfə oxundu

Rövşən Hacıbəyli

Bu gecə Şuşaya getmişdim. Ömrümdə cəmi bircə yol olduğum Şuşaya. Heç vaxt yuxuma girməyən, həm də gördüyüm yox, görmədiyim – dağılmış, xaraba qoyulmuş, ancaq işğaldan qurtarılmış Şuşaya.

Tək deyildim, o vaxt olduğu kimi dostlarla getmişdik, ancaq indi kimlərlə getdiyim yadımda qalmayıb. Heç necə, hansı yolla getdiyimiz də yoxdur yuxuda…

Dağıdılmış şəhərdə gəzirdik, Hikmət də yanımızda – tələbə yoldaşım, iş yoldaşım, dostum Hikmət Sabiroğlu. Üz-gözü yadımda deyil, o vaxtkı gənc Hikmət idi, yoxsa indiki, yurdu yağmalanmış, evi dağıdılmış, qaçqınlıq əzablarını yaşamış və… yurduna qayıdan Hikmət.

İşğaldan sonra Şuşaya onun da ilk səfəridir…

Şəhərdə kimsə gözə dəymir, sanki bizim dəstədən başqa heç kəs yoxdur. Təkcə bizim dəstə… Hamı ora-bura vurnuxur. Hikmətdən evlərinin yerini göstərməsini istəyirəm və cavab gözləmədən də yadımda qalanı deyirəm, yəni öz aləmimdə qalalıya evinin yerini nişan verirəm:

– Mərkəzdə avtobusdan düşəndən sonra üzüaşağı bir az gedirsən, qabaqda, yolun sağında olmalıdır, – deyirəm.

– Yox, yolun solundadır, – Hikmət deyir.

Gedib çatırıq, ancaq mənə elə gəlir ki, yolun sağını, dağılmış bir yeri göstərib kədərli-kədərli deyir:

– Bura bizim evimizdir. Bax, siz burda, balkonda dayanmışdınız.

Özülünə qədər dağılmış evin yerini göstərir. Mən də özümü buraları dəqiq tanıyan biri kimi göstərərək təsdiqləyirəm:

– Şəkil də çəkdim, evdə var, tapıb göstərərəm.

Bunu da o mənada deyirəm ki, guya həmin şəklə baxıb evi ona uyğun tikərlər. Həm də təskinlik olar. (Yuxudan ayılandan sonra xatırlayıram ki, biz ora 29 il qabaq Hikmətin atasının yasına getmişdik, bir qədər oturub geri qayıtmışdıq. Heç fotoaparatımız da olmayıb).

Həyəti, bağçanı göstərməsini istəyirəm. Göstərir. Burda da hər yer dağıntıdır, daş, taxta, ağac qırıqları, şifer parçaları… Heç salamat ağac da yoxdur.

– Buraları təmizləyib pomidor əkərik, – bağçanın bir tərəfini göstərib deyirəm (Şuşada niyə pomidor əkmək fikrinə düşdüyümü yuxudan ayılandan sonra da anlaya bilmirəm).

Dağılmamış evlər də var, çöldən salamat görünür, ancaq çoxunun qapı-pəncərəsi, döşəməsi, tavanı belə yoxdur. Bəzisinin içi yandırılıb.

Axşama kimi gəzib-dolaşırıq, ac-susuz, ancaq heç yemək yadımıza düşmür, sanki Şuşanın havasından doymuşuq…

Getmək zamanı gəlir. Hikməti axtarıb tapıram. Getmək istəmir.

– Mən qalıram, – deyir.

– Harada qalacaqsan? İşıq yox, ev yox.

– Aşağıda post var, Rövşəngil ordadır, onlarla qalacam.

Heç bilmirəm burda Hikmətin Rövşən adlı dostu, qohumu varmı. O göstərdiyi yerdə post olub-olmadığını da bilmirəm. Ancaq onun qalmasıyla razılaşırıq.

O qalır, bizsə qayıdırıq…