Sözlərin sağlığına!

Sözlərin sağlığına!

19-04-2015 00:21 / Bu xəbər 2270 dəfə oxundu

Aydın Canıyevin "Sözün sağlığına" kitabından

(Hekayə-pyes)


Kişi:
- Bunu içək sözlərin sağlığına! O yalan söhbətdi ki, susmaq ən yaxşı danışmaqdı, nə bilim, əməllər olan yerdə sözə ehtiyac yoxdu. Məncə, elə sözlər var ki, onlara hər zaman ehtiyac var. Onları demək və eşitmək lazımdı. Mənə görə, əsl xoşbəxtlik bütün sözlərimi deyə biləcəyim, yanında maskalanmaq lazım olmayan qadının həyatımda olmasıdı! Təkcə məni dinləyən birinin yox, həm də eşidə biləcəyim birinin mənimlə eyni dalğada olmasıdı. Bax mənim illər boyu arzuladığım tablodu bu - Sənin üzünü əllərinin arasına alıb məni beləcə dinləməyin. Odur ki, susma. Sən sussan, mən ölərəm!
Qadın:
- İstəyirəm, bir az ayrılıqlardan danışaq. Bilirəm, gözəl sevgilərin olub. Başqa-başqa şəhərlərdə kəşf elədiyin, müxtəlif millətlərdən, müxtəlif dillərdə danışdığın qadınlar. Bax məni o ayrılıqlar düşündürür. Başqa-başqa şəhərlərdə qoyub gəldiyin sevgilər. Necə olsa, sevgilər bir-birinə bənzəyir, ayrılıqlar isə təkrarsızdır. Əsl roman olan sevgi deyil, ayrılıqdır. Ayrılıqlar olmasa, sevgi romanları yazılmaz.
Kişi:
- Ayrılıqların ömrünü uzatmağı xoşlamıram, romana çevirməyi də. Sevgilər əsasdı mənim üçün, yaşananlar önəmlidi. Həyatda üç dildə bir sevgiylə sevdim, hansı dildə necə sevildim, düzü, bilmədim, heç indi də bilmirəm, artıq heç maraqlı da deyil. Haqlısan, ola bilsin, hər ayrılıq bir romandı, sevgi isə həyatdı, əzizim. Onu yaşamaq lazımdı, yazmaq yox. Ona görə də, sevgilərin sağlığına içək.
Qadın:
- Çatmır mənə, söhbət müstəqim mənada “qadın” anlayışından getmir. O qadınlar səndən öncə də vardı, səndən sonra da yaşayırlar. Məni hisslər maraqlandırır. O hisslər ki, hansısa “ikinci mən”dən daha yaxındı sənə. Axı onların müəllifi səndin, onları sən böyütmüşdün.Və yaxud da qarşı tərəfin hissi? Bəlkə hansısa şəhərdə qoyub gəldiyin, ömürlük unutduğun qadının qəlbindəki ölü bildiyin sevgi dipdiridi? Hamısında demirəm, hansısa birində deyirəm. Bunu heç düşündünmü? 
Kişi:
- Qadın ya mənim yanımdadı, ya da yadımda deyil! Yanımdadısa yadımdadı, yanımda deyilsə, yadımda da deyil! O ki qaldı onların hissinə, mənsiz qala bilən qadının sədaqət performansı önəmli deyil - ən azından, mən boyda boşluğu doldura biləcək bir sevgiyə inanmıram. Axı sevgi əzab deyil, olmamalıdı, yaşamdı, xoşbəxtlikdi. Bəlkə başqalarında belədi, amma mənim varlığımı yoxluğumla əvəz etmək olmaz, buna əminəm. Nədən düşünməliyəm ki, buraxıb qoyduğum yerdə yellər əsməyib, yağış izləri yumayıb. Bilmirəm, bəlkə də qəddarlıqdı, ancaq mən döndüyümə dönmürəm. Ani ayrılıqları sevirəm. Sərrast atəş kimi kəskin və öldürücü. Heç bir iz qoymayan, heç bir tərəfi yaralı buraxmayan sonluq. İstəyirsən, gəl belə ayrılıqların sağlığına içək!
Qadın:
- Mümkündümü? Ağlım almır, axı... Bir vaxtlar ömrünün bir parçası olmuş varlıqları necə unutmaq olar? Bəyəndiyin, fərqləndirdiyin, zərrə-zərrə kəşf elədiyin kəslərdən anidən imtina etmək, öyrəşdiyin bir nəvazişdən, fərqli bir sevgi yöntəmindən birdən-birə necə imtina etmək olar? Kədərlidi axı bu. Məncə, keçmişin sağlığına içək. Gözəl və kədərli keçmişin sağlığına!
Kişi:
- Keçmiş bir daha heç vaxt aydınlaşmayacaq qədər qaranlıqdı mənim üçün. Çox işlənmiş cümlədi, bilirəm. “Keçmişlə yaşamağı sevmirəm”. Amma məndə həqiqətən belədi! İçimi qəbristanlığa çevirməkdən uzağam – fərq etməz sevgilərimin fəxri xiyabanımı, ya şəhid məzarlığımı, ya “beynəlmiləl “qəhrəmanlıq” piri”mi olsun. Mən heç indi ilə də kifayətlənmirəm. Bax indi hər şey Səninlə - musiqisi və sözləri İlahiyə məxsus həyat şərqisi ilə gözəldi. Pəncərədən o üzdə qarmı yağıb, günəşmi çıxıb, qalaktikalar varmı-yoxmu, dünya məhvərindən pozulurmu, ya ayrı axara düşür, mənim üçün fərqi yoxdu. Mənə əziz olan Sənsən – hamının və hər şeyin əvəzinə. İndi mənim üçün kainat bizim bu balaca masamızdan ibarətdi. Sənin və mənim kreslomdan, Sənin və mənim bokalımdan! Sən və Mən indi bizik. İndi bu dünya bizim üçün həm də bu konyak şüşəsindən ibarətdi. Ordan nə qədər içə biləcəyik, nə qədər məsud ola biləcəyik, bu, bizdən asılıdı. Bu “indi” həm də ona görə gözəldi ki, mənə möhtəşəm bir gələcək vəd edir! Mən həmişə o gələcəyə doğru can atmışam, bütün ömrüm boyu. Həmişə yanımda kim olubsa, getməyə nə nəfəsi çatıb, nə də həvəsi. Sən axırıncı yolçusan mənim yolumda, çox istəyirəm, bu yolu sonacan mənimlə gedəsən. Sən kiçilib yenə də sən olmayasan, mən səni itirib yenə də özümə qapanmayım, həminki miskin mən olmayım. Biz ola bilək, bölünməyən bir ola bilək. Bölünməyən hər şey qüdrətlidi, qalibdi. Gələcək də bölünməyən qələbədi, o, həmişə var olan, həmişə yaşadan yeganə qüvvədi, inan mənə. Ona görə də gəl gələcəyin sağlığına içək.///tezxeber.com