Tankçı Albert - Yəhudi xilaskarım
08-05-2021 13:59 / Bu xəbər 3545 dəfə oxundu
Mustafa Hacıbəyli
(Rekviyem-ballada)
Tank döyüş meydanında sürətlə hərəkət edirdi. Tankın üstündə beş əsgər vardı, onlardan ikisi artıq ölmüşdü, bir nəfər isə yaralı idi. Gah sağ tərəfdə, gah da sol tərəfdə mərmilər partayırdı. Tankın zirehinə dəyib istiqamətini dəyişən güllələrin vıyıltısı eşidilirdi. Amma tankçılar sağdan-soldan onları hədəfə alan düşmənin hədəfindən yayınaraq, zirehli maşını mərmi və güllə yağan ərazidən uzaqlaşdıra bildilər…
Tank dayandı, Albert "lyuk"dan başını çıxartdı. Tankın üstündəki əsgərlərə və cəsədlərə baxdı: "Nu kak vı tam, rebyata?”, – dedi. Cavabı gözləmədi, çünki özü gördü ki, mühasirədən çıxartdığı beş əsgərdən ikisini tankın üstündə ikən artıq vurublar, biri də yaralanıb. "Lyuk"u içəridən bağladı və tank yenə hərəkətə başladı.
Bu, Albert Aqarunov idi. Yaralı əsgər isə mən...
Albert bizi Şuşanın kənarındakı posta gətirdi. Burada cəsədləri və yaralıları "Ural” maşınına sözü hərfi mənasında "yükləyib” hospitala – Şuşa texnikumunun zirzəmisinə yola saldılar. Albert isə tanka mərmilər yükləyib yenidən döyüş meydanına qayıdacaqdı…
Təqribən iki saat sonra hospitala xəbər gəldi ki, Alberti snayper gülləsi ilə vurublar… Xəbəri eşidib çox pis oldum, onun verdiyi cavabsız sual yadıma düşdü, kövrəldim…
Albert Aqarunov "blatnoy” bakılı balası idi. Milliyətcə yəhudi idi. Yaraşıqlı, gülərüz, güclü yumor hissi olan bir insan idi. Tank komandiri idi. Şuşada ən sərrast atıcı kimi ad çıxarmışdı. Ermənilərin onun başına pul qoyduğu deyilirdi.
"Aşağı zapravka” deyilən postdan baxanda Xankəndinin yaxın küçələri əl içi kimi görsənirdi. O küçələrin hər birində vurulub sıradan çıxarılmış tanklar, PDM-lər, maşınlar vardı. Rusiyanın 366-cı polkuna aid olan bu hərbi texnikanın əksəriyyətini məhz Albert vurmuşdu. O, hədəfi adətən ilk atəşdan vururdu. Vaxtaşırı olaraq Alberti "Aşağı zapravka” postuna çağırırdılar, o da gəlib əsgərlərlə bir az zarafatlaşdıqdan sonra düşmənin görünən hədəflərini məhv edib qayıdırdı.
Mayın 8-də, ermənilərin Şuşaya hücum etdiyi gün də onu səhər tezdən bizim posta göndərmişdilər. "Aşağı zapravka” postu Xankəndi-Şuşa yolunun üstündə birinci post idi. Albertin tankı posta təqribən səhar saat 6 radəlrində gəldi. Xankəndindən və Şuşikənddən hücuma keçən düşmən ordusunun mövqelərinə təqribən 40 atəş açdı. Sonra yenidən tanka mərmi doldurmaq üçün Şuşaya qayıtdı.
366-cı polk və ermənilər təkrar həmlə ilə "Hindarxı” və "Aşağı zapravka” postlarını tutduqdan sonra Şuşadan buradakı əsgərlərə kömək olaraq iki tank göndərdilər. Bunlardan biri yenə Albertin tankı idi. Biz həmin gün Albertin tankını təkrar görəndə dəstəmizdə olan 27-nəfərdən 22-si artıq şəhid olmuşdu. Beş nəfər möcüzə nəticəsində sağ qalmışdıq, hər tərəfimiz erməni idi. Əgər Albert olmasa, gəlməsə, bizi götürməsə, beşimiz də öləcəkdik. Albert bizi burdan çıxartdı. İki əsgər yoldaşımızı da tankın üstündə olduğumuz vaxt, çıxdığımız vaxt vurdular. Amma mən və daha iki əsgər yoldaşımız – Masallıdan Əli və Ağdaşdan Əsəd sağ qaldıq. Albert bizi xilas elədi, özü isə şəhid oldu...
1992-ci ilin iyunun 7-də Albert Aqarunova, o vaxt prezident səlahiyyətlərini icra edən İsa Qəmbərin sərəncamı ilə Milli Qəhrəman adı verildi.
Albert bu adı hələ sağlığında haqq etmişdi. Mənə təkrar bəxş elədiyi bu can müqabilində ona qaytara bildiyim nəsə olubsa, bu da müharibə haqqında hər söhbətimdə, hər yazımda ondan söz salmaq, bir də haqq etdiyi Milli Qəhraman adının ona dərhal verilməsi üçün təqdimatımdan ibarətdir.
Aprelin 25-də Albertin doğum günüdür. O vaxt mən özümdən böyük olduğu üçün onu yetkin bir kişi kimi tanıyırdım, amma baxıram, cəmi 23 yaşı varmış. Sağ qalsa, indi 47 yaşı olacaqdı.
Bilsəm, ruhu məni eşidir, onu təbrik edərdim, həyatımı xilas etdiyinə görə təşəkkürümü çatdırardım, bir də soruşardım: "Nu kak vı tam, rebyata?”.
Allah rəhmət eləsin.
25.04.2017