Tarif Şurasında həzz
15-11-2021 18:44 / Bu xəbər 1710 dəfə oxundu
Orxan Adıgözəl
(Hekayə)
İyunun axırı idi. Hava mülayim, bir az da küləkliydi. Neçə vaxtdır istidən nəfəs almağın mümkün olmadığı bürkülərin ötüb, yerinə sərin havalarının düşməsi Ülkəri sevindirmişdi. Axşam gəzintisindən evə dönəndən sonra özünü divana atan gənc qadın televizoru yandırdı və tənbəl-tənbəl kanalları çevirməyə başladı. Onun divanda uzandığı poza, pultu tutmaq tərzi, qadını xüsusi hərbi qüvvələrin əsgərinə bənzədirdi. Pultun düyməsini sıxdıqca, elə bil 22 kalibrli "Colt Trooper” revolverindən atəş açırdı.
Telekanallarda Ülkərin diqqətini cəlb edən bir şey yoxdu. Xəbər proqramları, şou-biznes əhlinin qalmaqalları, türk serialları...
Ülkər televizoru söndürmək istəyirdi ki, sonuncu keçid elədiyi telekanalda dayandı. Bu, AzTv kanalı idi. Gənc qadının üzündə təbəssüm peyda oldu. Hətta dikəlib, divanda düz oturdu. Onun ən sevdiyi film – "Şouşenkdən qaçış” nümayiş olunurdu. Ülkər bu filmə bəlkə də qırx dəfə baxmışdı. Hər dəfə təsadüfən televizorda rastına çıxanda, mütləq izləyirdi. Baş rolu canlandıran aktyor Tim Robbinsin oyunu o qədər xoşuna gəlmişdi ki, aktyorun oynadığı bütün filmlərə baxmışdı.
AzTv-də yayımlanan xarici filmlərin dublyajı Ülkərə sakitlik gətirirdi. Bu, nəsə ovsunlayıcı alınırdı. Dublyaj heyətinin monoton səsi, ən qızğın, aqressiv və söyüşlə dolu səhnələri belə yüksək ədəblə səsləndirmələri qadına yuxu gətirirdi. Belə vaxtlarda onun əzələləri boşalır, qayğıları yaddan çıxırdı. Elə bil, öz dininə aşiq bir buddist, fanatik bir imanla yoqa təliminə köklənirdi. Qadının üzündə abidlərə məxsus, insanın qəlbini rahatladan ifadə yaranırdı. AzTv-ni izləyərək yuxuya getdiyi az olmamışdı. İndi isə onun sevimli filmi nümayiş olunurdu və yatmaqdan söhbət gedə bilməzdi.
Amma Ülkərin qanı qaraldı, film artıq bitmək üzrə idi. Kinonun əsas qəhrəmanları Endi Düfreyn və Ellis Boyd dəniz sahilində görüşürdü. Bu səhnə Ülkəri həmişə təsirləndirirdi. İki dostun qumlu dəniz sahilində qovuşması qadının qəlbini titrədirdi. Ülkər özünü Düfreynin yerində hiss edir və uzaqda yaşayan rəfiqəsi Şəhla ilə görüşməsini təsəvvür edirdi. Şəhla onun uşaqlıq dostu idi. Bakının Buzovna kəndində, dənizə yaxın bağlarda böyümüşdülər. Ayrılmaz dostlar sayılırdılar. Nə vaxt görürdün, bir yerdə idilər. Sonra hər ikisi böyüdü. Şəhla ailə qurub, Amerikaya köçdü. O vaxtdan Azərbaycana dönməmişdi. Gedəndən sonra da məsafələr, ailə qayğıları onların ünsiyyətini tədricən azaltmış, arada soyuqluq yaranmışdı. Artıq üç il idi ki, aralarında heç ünsiyyət yoxdu.
Ülkər rəfiqəsini xatırladıqca kövrəlirdi. O, rəfiqəsini düşünərək gözlərini yumdu. Gözlərini yumduqdan sonra uşaqlıq dostu ilə xatirələrini başqa duyğular əvəzləməyə başladı. İndi o, özünü Buzovna bağlarına yaxın sahildə, günəş doğuşunu izləyərkən gördü.
Ülkər gözlərini dəniz mənzərəsindən bir saniyə belə ayırmırdı. O, hər xırda detalı gözləri ilə "udub”, bu anları yaddaşına möhkəm həkk etmək niyyətindəydi. Budur, dənizin səthi narıncı rəngə boyanır. Günəş sürətlə səmanın hündür yerinə doğru irəliləyir. Üfüq odlanıb yanır, günəşin iti şüaları Ülkərin çılpaq qollarını, ayaqlarını isidir. Küləklə günəş, süd kimi ağdərili Ülkərin bədəninə təmas etmək üstündə sanki yarışırlar. İstər isti şüanın, istərsə də sərin mehin hər toxunuşu xoş təəssürat oyadır, gənc qadının canına rahatlıq yayırdı.
O, günəşi qucaqlamaq istəyirmiş kimi qollarını yana açır. Sonra da iki qolu ilə özünü qucaqlayır. Axırıncı dəfə nə vaxt belə elədiyini xatırlamayan Ülkər dənizin beş addımlığında yaşamağına baxmayaraq, çoxdandı ki, günəşin çıxmağını izləmirdi. İndi, məhz burada - sahildəki qayanın üstündə oturub, dənizi və günəşi seyr edərkən, bu anlar üçün necə qəribsədiyini anladı. O, hələ ovuclarını çiyinlərində saxlayıb, fikrə getdi. Özündən ayrı düşdüyü çox uzun zaman olmuşdu. Gör, neçə vaxtdır özü ilə vaxt keçirmir, sahildə beləcə oturub, dənizin və günəşin gözəlliyini seyr etmirdi.
Bir anda sahildə kimsə peyda oldu. Uzun saçlı biri dənizə girirdi. Ülkər diqqətlə baxıb, onu tanıdı. Bu, Şəhla idi. Bədəni yarıya qədər suda idi. Sonra üzünü sahilə tərəf çevirib, qayanın üzərində oturan rəfiqəsinə əl eləyərək suya baş vurdu. Ülkər azca həyəcanlansa da, bu hadisəni sakit qarşılamağı bacardı. Başa düşdü ki, rəfiqəsi onunla birdəfəlik sağollaşdı və baş vurduğu dənizdən daha çıxası deyil.
Daha qəlbində rəfiqəsinə qarşı heç bir inciklik qalmamışdı. Özünü quş kimi yüngül hiss edirdi. Gözlərini yumaraq, dərindən nəfəs alıb-verməyə başlayan gənc qadın, ciyərlərinə çəkdiyi havanın təmizliyini duyur, özü ilə tək qalmaqdan məmnun olurdu.
Çiyinlərindən bir az aşağı sallanan qəhvəyi rəngli saçları küləyin təsiri ilə yanaqlarına, incə burnuna toxunur, saçlarının təmiz ətri, dəniz qoxusu ilə birgə duyulurdu. Gözləri hələ də bağlı idi. Dənizin dalğalı səsini, o qədər də uzaqda olmayan quşların cikkiltisini eşitdikcə, özünü dənizin üstü ilə ilə uçan quş kimi təsəvvür edirdi. Bu təsvirdən üzündə təbəssüm yarandı. Gülümsədiyi üçün daha da çəhrayı rəngə çalan, nazik dodaqları qaçarkən, alt dodağının sol hissəsində yerləşən iki xalı da buna həmahəng halda tərpəndilər. Alt-alta duran iki xal, Ülkərin gözəl simasına xüsusi yaraşıq verirdi. Qalın, biçimli qaşlarının ortasından üzü yuxarı – alnına doğru şişkin bir damar uzanırdı. Əsəbi və ya çox sevincli ikən şişən damar, qadının gözəlliyinə qətiyyən xələl gətirmirdi. Uzun boğazı, paltarının üstündən də bəlli olan körpücük sümükləri, çox da iri olmayan sinəsi, hamar dərisi, əlləri, ayaqları – bir sözlə, bütün vücudu indi çox, çox həssas idi.
Ülkər gözlərini açdı və ətrafa baxdı. Heç kim gözə dəymirdi. Burada yaşayış azdı, sahilin bu hissəsini də elə çox adam tanımırdı. Gələn-gedən də az olurdu. İnfrastrukturun yoxluğu, az qala keçilməz qayalıqlar buranı narahat, sevilməyən bir yerə çevirmişdi.
Ülkər, ərazidə heç kimin olmadığına əmin olandan sonra yenidən dərindən nəfəs alıb-verdi və gözlərini gömgöy ipək paltarı xatırladan dənizə dikdi. İndi onun üzündəki təbəssüm də yoxa çıxmışdı. Simasında iblisanə bir ifadə yaranmışdı. Ciddiyət və ehtiras bir-birinə qarışmış, qəlbində qarışıq əhval baş qaldırmışdı.
Ülkərin əynində ağ don vardı, donun üstü xırda nar çiçəkləri ilə doluydu. Bir anda paltar ona ağırlıq elədi. Donun bütün tikiş yerlərini, qoltuq altının darlığını, belini sıxan orta büzmələrini, ətəyinə əlavə edilmiş krujevaların qıdıqlamasını – hər şeyi dərisində hiss elədi. Əynindəki ağ rəngli alt paltarı da sanki bir anda bədəninə darlıq eləməyə başladı. O, əynində nə varsa, hamısından xilas olmaq, dərisinə hava və azadlıq vermək, sonra da da dənizə atılmaq istədi. Amma vaz keçdi. Kimsə gələ bilərdi...
Günəş ətrafı necə qızdırırdısa, içindəki ehtiras da Ülkəri o cür alovlandırırdı. Fikrinə hər hansısa kokret kişi gəlməsə də, indi, burda sevişmək istədiyini anladı. Bu istək getdikcə çoxalır, Ülkərin ürəyi şiddətlə döyünürdü. Boynunda, alnında, gicgahındakı damarlar zoqquldayır, şişir, sanki bütün bədəni ondan nəsə tələb edirdi. Bədənində ən quduzlaşan yer isə, qıçlarının arası idi.
Ətrafa yenə nəzər saldı. İns-cins yox idi. Ancaq qumlu qayalıqlar, günəş, dəniz və Ülkər vardı. O, daha dözmədi və əlini qıçlarının arasına saldı. Uzun barmaqları ilə alt paltarını aşağı dartdı və "qaynar qapı”nın girəcəyinə əl uzatdı.
Vulvasına toxunduqca az qalırdı nəfəsi kəsilsin. O, sanki sərt qayalıqaların üstündə uzandığını hiss etmirdi. Dodaqları azca aralanmış, göz qapaqları bağlanmışdı. Gözləri qapalı şəkildə, üç barmağı ilə klitorunun üzərində ehtiyatla dövrələr vurmağa başladı. Barmaqların dövrə vurmaq sürəti artdıqca, Ülkərin iniltisi də çoxalırdı. İndi onun barmaqlarının hərəkətinə şahidlik edən dalğalar da vardı. Hər dəfə bu dalğalar qayalara çırpılarkən, Ülkər də içinə girən xəyali penisin sərtliyini duyurdu. O, üzərində hansısa kişinin olduğunu düşünsə də, onun üzünü, rəngini, yaşını, heç bir əlamətini təsəvvür edə bilmirdi. Bəlkə də, bu dəniz tanrısı Poseydon idi? Poseydonla bağlı fikir Ülkərin ağlına ani olaraq gəlsə də, o dəqiqə də yox oldu. Onun təsəvvüründəki heç bir əlamətlə məhdudlaşmayan xəyali bir kişi idi.
Ülkər, barmaqlarını klitorunun üzərində hərlədikcə, ölkədə az-çox tanınan kişiləri xəyalına gətirir, hazırda onlarla bir-bir sevişdiyini təsəvvür edir, bu adamların hansının onun ehtirasını gücləndirdiyini öyrənməyə çalışırdı. İdmançılar, aktyorlar, siyasətçilər – Ülkərin xəyalından daha kimlər keçmədi ki?!
Bütün həmin kişilər film lenti kimi göz önünə gəlib-gedir, onların xəyali obrazı sürətlə bir-birini əvəz edirdi. O, bir anda özünü amerikalı porno-aktrisa Liza Sparksın yerində hiss etdi. Liza Sparks 24 saat ərzində 919 kişi ilə sekslə məşğul olaraq Ginnesin Rekordlar kitabına düşmüşdü. Bu düşüncə Ülkəri lap dəli elədi. Onun gözləri bərəldi, iniltisi lap çoxaldı. Sonra gözlərinin qarası gedib, ağı qaldı.
O, ağzı açıq halda masturbasiya edir, havası çatmayan adamlar kimi tövşüyürdü. Ülkərin kişilər barədə təsəvvürü ölkə xaricinə çıxmışdı. Çünki indi o, İlon Maskla, Cef Bezosla, Larri Peyclə, Castin Trüdo ilə ehtiraslı oyunlar çıxardığını təsəvvür edir və bu, ona hakimiyyətin, gücün, nüfuzun necə ehtişamlı və seksual nəsnə olduğunu xatırladırdı.
Ülkər fərqinə vardı ki, bu yoldan getmək lazımdır. O, xəyalına gətirdiyi kişilərlə özünü romantik atmosferə xas yumşaq yataqda deyil, işgüzar, ciddi atmosferdə təsəvvür etməli, özünü kişinin deyil, gücün, heybətin ixtiyarına verməli idi...
Ağlına gələn bu fikir, elə yerinə düşdü ki, sanki əlinə xəzinə düşmüşdü. O, bir daha gözlərini yumub, özünü Tarif Şurasının növbəti kollegial iclasında təsəvvür elədi. Əslində, televizor açıq olduğu üçün, AzTv-nin efirində xəbərlərin xüsusi buraxılışı gedirdi. Amma gənc qadının xəyal dünyasında tamam başqa şeylər baş verirdi. Xəbərlərin xüsusi buraxılışı Tarif Şurasının son qərarları barədə idi. Ülkər isə əli vulvasına pərçimlənmiş halda, öz dünyasındaydı.
İndi, o özünü Tarif Şurasının iclası keçirilən məkanda hiss edirdi. Ülkər həmin zalda olduğunu get-gedə daha aydın təsəvvür edə bilirdi. Penthaussayağı bir məkanda keçirilən iclasda, dairəvi stol arxasında yeddi nəfər pencəkli-qalstuklu kişi oturub. Bu kişilər, əyinlərindəki klassik məmur "uniforma”sından savayı, pencəyin üzərindən də aydın bilinən yekə, yumru qarınları və dodaqlarının üstünü örtən bığları ilə də bir-birinə bənzəyirdilər. Kişilər ağızları köpüklənə-köpüklənə danışır, yarı iqtisadi-yarı loru dildə olan ifadələr işlədir, nəyinsə "qalxmağının” zəruriliyindən dəm vururdular.
Bu an Ülkər toplantının düz mərkəzində - həmin dairəvi stolun üstündə, tamamilə çılpaq şəkildə uzanıb, masturbasiya edirdi. Bayaqdan iclasda dəfələrlə işlənən "qaldırmaq zəruridir” ifadəsi gənc qadını daha da ehtiraslandırdı. O, bu vəziyyəti o qədər güclü təsəvvür edirdi ki, elə bil, doğrudan da, orada, iclas zalındakı stolun üzərində idi. Onu dövrəyə alan yeddi bığlı kişinin əhatəsində, Ülkər özünü Qrimm qardaşlarının yazdığı "Ağbəniz və yeddi cırtdan” nağılının qəhrəmanı Ağbəniz kimi hiss edirdi.
Birdən iclas keçirilən otağın qapısı açıldı. Hamı susub, diqqətlə ora doğru boylandı. Açıq qapıdan, yarıişıq və ya yarıqaranlığın ortasından tüstü süzülərək, sirli bir atmosfer yaratdı. Həmin tüstü laylarının ortasında bir kişi peyda oldu. Onun içəri girişindən, arxayın və təmkinli addımlarından, bütün vücudundan güc yağırdı.
Ülkər əməlli-başlı həyəcanlanmışdı. O, masturbasiyanı davam edir, qəhrəman kimi ortaya çıxan kişinin sirli-ələmli varlığından, onun ətrafa saçılan güclü enerjisindən cuşa gəlirdi. Kişi lap yaxına gələndə Ülkər onu dərhal tanıdı. Bu, Tarif Şurasının sədri Erkin Cabbarov idi.
İçəridəki kişilər ayağa qalxıb, sədrə təzim etdilər. Cabbarov burnundan bir az aşağı sürüşən eynəyini yuxarı qaldırıb, gülümsədi və "əyləşin, yoldaşlar, əyləşin!” - dedi.
Onun təbəssümü, harizması, əli ilə dirijorsayağı göstərişi Ülkərin başını gicəlləndirdi. Gənc qadın sədrin üstünə cumub, onun yaxasını cırmaq, tüklü sinəsini öpüşlərə qərq eləmək, iti dırnaqlarını onun çiyinlərinə sancıb, sədrin qucağında özünə yer eləmək istədi. Ancaq o, ayağa durmaq iqtidarında deyildi. Elə bil, tilsimlənmişdi. Əlini bir saniyə belə klitorundan ayıra bilmir, bu səmavi həzzdən məhrum olmaq istəmirdi. Buna görə də sədrə acgözlüklə baxır, klitorunu barmaqlayır və qıvrılırdı.
Başdakı stula əyləşən Erkin Cabbarov indi daha əzəmətli görünürdü. İçəridəki yeddi kişi müti və yaltaq baxışlarla sədrə gülümsəməkdə idilər. Cabbarov ağıl saçan gözlərini tavana dikdi və barmaqlarını pianoda çalırmış kimi stolda taqqıldatmağa başladı. Hiss olunurdu ki, o, mühüm qərar barədə fikrə gedib.
Barmaqların stola dəyib, səs çıxarması Ülkərin vücuduna titrəmə ötürməyə başladı. Gənc qadın təpədən-dırnağa qədər ehtirasın bütün çalarlarını və ritmini isti bədənində hiss etməkdə idi. Şura sədri kürsüyə oturan kimi, fiziki göstəriciləri dəyişmişdi. Hamının tanıdığı alçaq boyu uzanmış, yöndəmisiz bədəni gənc atletlərin bədəninə dönmüşdü. Elə bil, bir az da cavanlaşmışdı. Bu yeni, güclü və təravətli görkəmi ilə sədr Herakla bənzəyirdi.
Sədr danışmazdan əvvəl yenə gülümsədi. Sonra sinəsini qabartdı, əzələlərini şişirtdi. Gücünümü göstərməyə çalışırdı, ya bu, təbii baş verirdi, Ülkər anlaya bilmədi.
Ülkər Erkin Cabbarova baxıb düşündü: "Bu günə kimi, bu qədər vəzifə dəyişibsə, gör, indi yataqda pozaları necə sürətlə dəyişir də...”.
Bu fikir Ülkəri lap dəli eləyirdi. Beləliklə, sədrin göstərişi ilə, əvvəlcə elektrik enerjisinin, ardınca da təbii qazın qiymətinin üç dəfə qalxmasını qanunla qəbul etdilər. Onlar "üç dəfə” deyəndə Ülkər klitorunun üzərində sərt şəkildə fırlanan üç barmağına baxdı. Öz vaginasını xalq üçün zəruri, vacib qərarların verildiyi dairəvi stol kimi təsəvvür etdi. Gənc qadın həzzin pikini yaşayırdı.
Masturbasiya heç vaxt bu qədər ləzzətli olmamışdı. Elə bil, getdikcə külək daha da şiddətlənir, hava da eyni anda isinirdi. Əslində, bunların heç biri baş vermirdi. Zövq o qədər güclü idi ki, Ülkər üçün təbiət illuziyaları yaranmışdı. Qadının üzü günəşin bərq vuran işığı altında daha parlaq olmaqla yanaşı, bir qədər də nuraniləşmişdi. Bu ehtiras dolu sevinc "qalxan” qərarların onun simasında iztirabla yoğrulmuş mazoxist duyğuların nurani-əyani təzahürü idi.
Benzinin qiymətinin qalxması qanunla qüvvəyə minəndə, Ülkər həzzdən möhkəm inildədi. Barmaqların sürəti, ah-nalələrin qopuşu lap itiləşdi. Bir az da cəhd və budur – orqazm... Günəş elə bil dənizin içinə düşdü və su fontan vurub, ətrafı cənginə aldı.
Ülkər gözlərini açanda dənizdən sahilə doğru irəliləyən yekəqarın kişi silueti gördü. Çaşqın halda gözlərini ovuşdurdu. Heç kim yox imiş. Onun gözünə görünübmüş. Bir qədər sonra özünə gəldi və gözlərini yenidən ovuşdurdu. Televizorda Erkin Cabbarovu göstərirdilər. O, reallığa geri dönmüşdü. İki otaqlı mənzilində idi və yarıqaranlıq otağa nəzər yetirib, uşaq kimi güldü. Yenidən dərindən nəfəs alıb-verdi. Ülkərin hansısa kişi ilə sevişməyə ehtiyacı yox idi. Bunu həmin kişinin əvəzinə edən aidiyyatı orqan çoxdan mövcuddu...
Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə həyata keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb.