Tofiq Yaqublu məsələsi və jurnalist neytrallığı

Tofiq Yaqublu məsələsi və jurnalist neytrallığı

10-09-2020 16:28 / Bu xəbər 2863 dəfə oxundu

Müəllif: Seymur Kazımov

Tofiq Yaqublu məsələsində jurnalist neytrallığı şəxsin özü ilə deyil, əsasən onun üzləşdiyi hadisə ilə bağlıdır. Jurnalistika həm də sənədlilikdir, yəni faktlar həm də sənədlərin dili ilə danışmalıdır. Burada "hadisə” Tofiq Yaqublunun ətrafında cərəyan edənlər, "sənəd” (sənədlilik) isə məhkəmənin onun barəsində çıxardığı hökmdür.

Hadisə. İstintaq prosesi göstərdi ki, hadisə təfsilatı ilə araşdırılmayıb, öyrənilməyib. Təqsirləndirilən şəxsin günahını sübuta yetirmək üçün gərəkli və zəruri nümunələr yoxdur.

Sənədlilik. Təqsirləndirilən şəxsin vəkillərinin qaldırdıqları bütün vəsatətlər səbəb və arqument göstərilmədən rədd edilib. Bir-birini təkzib edən şahid ifadələri, müttəhimə son söz verilməməsi də məhkəmənin öncədən hazırlanmış ssenari olduğunu göstərib.

Nəticə. Belə olan halda jurnalist nəyi əsas götürməlidir? Onun ilk növbədə diqqət yetirməli olduğu məsələlər bunlardır: məhkəmə işə obyektiv baxdımı, bütün tərəflərə bərabər imkanlar yaradıldımı, proses açıq keçirildimi? Nəticə bu elementar, eyni zamanda mürəkkəb suallara cavab verdikdən sonra çıxarıla bilər. Cavablar da məlumdur.

Jurnalistika fakta əsaslanır. Hadisənin kimlərinsə tərəfindən qiymətləndirilməsi və sonra sənədləşdirilməsi öz-özlüyündə prosedur xarakterli faktlar olsa da, onlar kökündə reallığa əsaslanmırlarsa, deməli, burada mötəbərlikdən söhbət gedə bilməz. Tarixdə bunun örnəkləri çoxdur. İstintaq düzgün aparılmadığından, hakim səhv qərar çıxardığından, illərlə həbsdə yatan insanlar var.

İstintaq və məhkəmə proseslərini uzun-uzadı təsvir edib, zamanınızı almaq istəmirəm. Onları əvvəldən izləyənlər hər şeyi bilirlər.

"Tofiq Yaqublu günahsızdır”. Bu, simpatiya məsələsi deyil, hadisəyə verilmiş obyektiv qiymətdir. Bunu açıq yazan jurnalist də peşə prinsiplərini pozmur, çünki jurnalistikada həqiqət anlayışı faktların dürüstlüyünə əsaslanır.

"Tofiq Yaqublu günahsızdır”. Peşə etikası kontekstindən yanaşsaq, belə deməyə haqqımız var. Peşə davranışı qaydaları jurnalistə faktın və rəyin sərhədlərini cızmağa kömək edir. Bu isə faktdır, çünki günah sübuta yetirilməyib.
 
"Pressklub.az"