Toto Kutunyonun mahnıları və Bakının 1980-ci illəri...
23-08-2024 21:22 / Bu xəbər 1484 dəfə oxundu
Çingiz Sultansoy
Bu gün əfsanəvi müğənni və bəstəkar, İtaliya və dünya estrada ulduzu Toto Kutunyonun ölümündən bir il keçir.
Bir il öncə səksən yaşlı Toto gözlərini həmişəlik yumanda dünya estradasının bir parlaq ulduzu da söndü.
Bu adı-soyadı 1980-cı illərdən tanımışam, amma əvvəlcə bəstələdiyi mahnıları eşitmişəm, ifaçı və bəstəkarın kim olduğunu bilməmişəm.
Totonun ilk məşhur, ciddi tanınmağa başladığı və kart-vizitinə çevrilən əsəri "L`İtaliano" mahnısıdır, cəzbedici melodisiylə yanaşı maraqlı sözləri var:
Lasciatemi cantare
con la chitarra in mano
lasciatemi cantare
sono un italiano
Buongiorno Italia!
Qoy mahnı oxuyum,
əlimdə gitara,
qoy oxuyum,
Mən italiyalıyam!
Sabahın xeyir, İtaliya!
Kutunyo bu mahnını dostu, məşhur müğənni Adriano Çelentano üçün yazmışdı, amma Adriano özünü bu mahnıya, "Mən italiyalıyam! Mən əsl italiyalıyam!” sözlərinə layiq bilməyib oxumaqdan imtina elədi.
Dünyada yüzmilyonluq pərəstişkar ordusu olan Toto Kutunyonun bəstəkarlığı ifaçılığından daha böyük və önəmlidir, bəlkə də, bunu çox adam bilmir.
Məsələn, illər sonra öyrənmişəm ki Fransa və dünya meqaulduzu, Totodan da məşhur olan və cavan, qırx iki yaşında ürəktutmasından keçinən Co Dassinin eyni 1975-ci ildə çıxan "Et si tu n'existais pas" və "L'Été indien" , habelə "Salut" (1979) adlı hitlərini Toto Kutunyo bəstələyib, daha bir italiyan bəstəkarı həmmüəlliflikdə.
Maraqlı həm də budur ki, Toto mahnıların oxuduğu hər hansı şeirlərə bəstələməyib, yalnız melodilərini yazıb.
Co Dassinin daimi əməkdaşlıq etdiyi iki şair isə bu melodilərə fransızca yazılan şeir mətnlərini uyğunlaşdırıblar, sonucda isə yüz milyonlarla insanın zövqünü oxşayan, rəğbətini və sevgisini qazananan dünya estradası inciləri yaranıb:
Et si tu n'existais pas,
Dis-moi pourquoi j'existerais?
Pour trainer dans un monde sans toi,
Sans espoir et sans regrets?
Sən olmasaydın, niyə yaşayardım?
Sevgilim, bu sual cavabsız.
İllər boyu niyə gəzib-dolanardım?
Ümidsiz, arzusuz, xəyalsız...
Bu mahnılar və adlar, fransız və İtaliyan kinoları və aktyorlarıyla birlikdə 1960-cı illərə, "Xruşşov istilənməsinə” qədər dünyadan təcrid olunmuş, "Dəmir Pərdə” arxasında yaşayan SSRİ vətəndaşlarına çataraq və ürəkləri fəth edərək həmin o dəmir pərdə arxasında başqa, rəngarəng və gözəl dünyanın, bu dünyada başqa həyat yaşayan adamların varlığından xəbər veriridi.
Kiçik qardaşım Ramiz 1981-ci ilin iyununuda İtaliyaya turist səfərinə getmişdi, oradan sovet dövrü və adamı, durğunluq illəri üçün görünməmiş, bir dünya müşahidə və təəssüratla qayıtmışdı. Təəssüratla yanaşı bir xeyli pal-paltar və kompakt maqnitofon kasetlərində mahnılar gətirmişdi. Bu, on-on iki günlük səfərə xərclənən 460 sovet rublu dövrü üçün balaca pul deyildi.
Müqayisə üçün deyim ki, mən Azərbaycan Elmlər Akademiyası Riyaziyyat İnstitutunda baş laborant işləyirdim, maaşım doxsan beş rubl idi, həyat yoldaşım Zöhrə də Kənd Təsərrüfatı Nazirliyinin Torpaqşünaslıq və Tərəvəzçilik insitutunda laborant, maaşı elə mənimki qədər olardı, kirayədə yaşamasan hətta iki uşaqla da dolanmaq olurdu. Əlbəttə, buna firavan yaşamaq demək olmazdı, amma həmişə "Tox qarından ümid yaxşıdır” prinsipiylə yaşamışam və indi, üstündən yarım yüz il keçəndən sonra deyə bilərəm ki, aldanmamışam.
Buongiorno Italia con i tuoi artisti
con troppa America sui manifesti
con le canzoni con amore con il cuore
con più donne sempre meno suore
Buongiorno Italia
buongiorno Maria
con gli occhi pieni di malinconia
buongiorno Dio
lo sai che ci sono anch'io.
sabahınız xeyir İtaliya sənətçiləri
afişalarda çoxlu Amerika
mahnıları ilə ürəkdən sevgiylə
daha çox qadın və daha az rahibə ilə
sabahın xeyir İtaliya!
sabahın xeyir, Məryəm!
melanxoli dolu gözlərlə
sabahın xeyir, Allahım!
bilirsən ki, mən də burdayam.
Ramizin İtaliyada gördükləri, aldığı təəssürat, gətirdiyi pal-paltar nəinki dörd yüz altmış, hətta min rubla dəyərdi, hətta sərfəli idi. Bakıda və hətta Moskvada tapılmayan geyim, ayaqqabı, qara gözlük, aksessuarlar. Məsələn, özünlə apardığın iki keyfiyyətli rus arağını yeyib-içdiyin restoranda ya barda kiməsə on-on beş dollara sataraq sənə səfər üçün rəsmi icazəsi verilən otuz dolların bir hissəsiylə üstünü düzəldib "Lewis Strauss” cinsi ala bilərdin, onun Bakıda qiyməti iki yüz-iki yüz əlli manat idi, amma satmayıb şəstlə geyirdin.
Ramiz mənə Bakının heç bir mağazasında olmayan, tapılmayan, original dizaynlı, İtaliya milli rəngləri – ağ və yaşıl kiçik applikasiya ilə bəzədilmiş ən son dəbli qara çimərlik tumanı gətirmişdi.
Müqayisə üçün - adı istehsal ölkəsinə görə "vyetnamka” olan çimərlik-hovuz-hamamda ayağa geyilən rezin çəkələklərin mağazalarda tapılmadığı, "Kubinka”da əl altından rəsmi qiymətindən dəfələrlə baha satıldığı bir zamanda belə çimərlik geyimi nadir, çox bahalı və dəyərli hədiyyə idi.
Bu hədiyyənin mənimçün nə olduğunu, duyğularımı anlamaq üçün sevdiyim, həmişə məşğul olduğum idman növünün futbol yox, üzmək olduğunu, yayda günümü çimərliklərdə keçirdiyimi, ona görə də üzgüçülüklə bağlı bütün ləvazimat və əşyaların xüsusi önəm kəsb etdiyi otuz yaşlı, ailə qayğıları olsa da, ruhu hələ gənc kişi üçün qardaşının gətirdiyi kiçik əşyanın baha qiymətini yox, ölçüyəgəlməz dəyərini görün, əziz oxucu...
Amma bütün bunlara baxmayaraq mən də, yoldaşım Zöhrə də Ramizi dolayırdıq, o vaxtlar yayılan, xarici səfərlərə pul xərcləyən adamlara kinayə dolu "Ну, посмотрел он Колизей, / За девять дней семьсот рублей!" mahnısını oxuyurduq.
Ramizin gətirdiyi kassetlərdə o çağacan tanımadığımız Toto Kutunyonun, Hulio İqlesiasın və "Rikki e Poveri” qrupunun mahnıları da vardı, amma hansılarıydı, artıq dəqiq xatırlamıram:
Lasciatemi cantare
con la chitarra in mano
lasciatemi cantare
una canzone piano piano
Lasciatemi cantare
perché ne sono fiero
sono un italiano
un italiano vero
Qoy mahnı oxuyum
əlində gitara
qoy oxuyum
həzin mahnı
Qoy mahnı oxuyum
çünki fəxr edirəm -
Mən italiyalıyam
Əsl italiyan!
Ramizin təəssüratlarını bölüşürdü - yeganə sovet aviaşirkəti, monopolist "Аэрофлот”un təyyarəsindən gecə "Leonardo da Vinci” paytaxt hava limanında onları avtobusa mindirmişdilər ki, mehmanxanaya aparsınlar:
"İndiyəcən gördüyümüz ən yaxşı avtobus Macarıstan istehsallı "İkarus” idi. Bizi isə "Mercedes” avtobusuna mindirdilər, oturacaqları, daxili işıqları, kondisioneri, musiqini dinləmək üçün qulaqcıqları düşdüyümüz sovet təyyarəsindən dəfələrlə keyfiyyətli və gözəl olan sürətli və rahat bir avtobusa. Bəs getdiyimiz yol? Onun genişliyi, asfaltının hamarlığı, ətrafdakı maşınların rəngarəngliyi, sürəti… 1980-cıların əvvəlində nəinki İtaliyada, sosialist, "xalq demokratiyası ölkələri” sayılan Polşa, Çexoslovakiya və Macarıstanda mağazaya girmək sovet turisti üçün şok olurdu”.
Xatırladıram, Bakı ərzaq mağazalarında keyfiyyətsiz, sür-sümüklü ət, yağ faizi az olan, içinə üzü alınmış süd qatılan yağ və şəkər tozu talonla satılırdı, mağazalara yumurta gətiriləndə növbələr yaranır, dava düşürdü, oranın mağazalarında isə səkkiz-on növ ət, on beş-iyirmi növ kolbasa və ən müxtəlif ərzaqlar satılırdı…
"Şüşə botuldan "Koka-Kola”nı ilk dəfə orada içdik…”.
Amma bütün bunlar, bu maddiyyat nə qədər maraqlı və cəzbedici olsa da, xırda şey idi. Ramizin orada yaşayan adamlar, onların həyatı və dəyərləriylə bağlı maraqlı və qiymətli, sovet təbliğatı dumanından ayıldıcı müşahidələri vardı:
"Məsələn, biz burada dolanmaq, yaxşı yaşamaq üçün işdə irəli getməyə, daha böyük vəzifəyə, məsələn, laborant yox, kiçik elmi işçi, böyük elmiş işçi, laboratoriya müdiri; mühəndis yox, baş mühəndis, usta ya sex rəisi vəzifəsinə keçməyə, elmi ya inzibati karyera qurmağa, daha çox maaş almağa çalışırıq, oradakı adamlarda isə sovet adamının çalışması-çarpışması ya yoxdur ya da görünmür, hiss olunmur, sadəcə, işləyir, həyatlarını yaşayırlar və görünəni də budur ki, zövq alaraq yaşayırlar”.
Onların getdikləri və daha çox gəzdikləri Neapol şəhərinin bələdiyyə sədri bələdiyyə seçkisində qalib gəlib gələrək şəhərin meri seçilən adam kommunust idi. Bu məndə təəccüb doğurmadı o vaxt – bazar iqtisadiyyatlı burjua dövlətində kommunistin şəhər bələdiyyə seçkilərində qalib gəlməsi. Ramizin danışdıqlarında başlıca məqam bu idi:
"İtaliyada yaxşı yaşayan yalnız varlılar yox, adi adamlardır, Azərbaycandan gələn turist qrupuyla təmasda və ünsiyyətdə olan turist şirkətinin əməkdaşları - qız və oğlan, avtobus şoferləri, mehmanxana xidmətçiləri, barmen, restoran və kafe ofisiantları, ziyafətlərdə görüşdükləri kommunist bələdiyyə işçiləri və başqa adamlar…”.
Ramizin bu dedikləri sovet təhsilinin və təbliğatının bizim beynimizə yeritdiyi fikirləri, sadə zəhmətkeşləri istismar edən, qanını içən vəhşi burjua quruluşu və sinfi haqqında sovetin qəlibləmiş təsəvvürləri dağıdırdı…
Onun dedikləri ləzzətlə baxdığımız İtaliya və Fransa istehsallı "Müqəddəs Yanuariy" əməliyyatı", "Tapançalı qız" ("Assunta") komediyaları, "İtaliyasayağı nikah”, "İtaliyasayağı boşanma”, "Xanımlar və ağalar”, "Aldadılmış və atılmış qız” tragikomediyaları, "Kişi və qadın”, "Hovuz”, "Macəra axtaranlar” Love Story filmlərini, mafiya haqqında realistik, qəddarlığıyla tamaşaçını sarsıdan "Polis komissarının respublika prokuroruna etirafı" filmi və başlarında gördüyümüzü təsdiqləyirdi.
Hələ mən bu, sovet senzurasından keçən filmlərdə çəkilən, unudulmaz Sofia Loren, Jan Qaben, Alberto Sordi, Marçello Mastroyanni, Jüliette Mazina, bu yaxınlarda ölmüş Anuk Eme və Alen Delon kimi aktyor və aktrisalar, onların rejissorları, bizə göstərdikləri azad və sərbəst həyat tərzini demirəm...
Sovet quruluşunun artan sürətlə çürüyüb dağılmasına hələ iyirmi il qalırdı, ömürdən uzun iyirmi il. Amma bu bizim çevrədən kimin ağlına gələrdi? Sovet dövləti qüdrətli, yenilməz, Amerikaya meydan oxuyan, əbədi görünürdü.
Nə isə, Toto Kutunyodan çox uzaqlaşdım…
Fransa, Avropa və dünya ulduzu Mirey Matyeni məşhurlaşdıran "Çiao, bambino, sorry" mahnısını da Toto Kutunyo yazıb. "Çao, bambino, sorri"nin sözləri fransız dilindədir, italian dilindəki "Ciao, bambino" - "Sağ ol, oğlan", istisna.
"Sorry" isə ingiliscədir:
Tu te crois irrésistible
Avec ta moustache
Et tes talons de cowboy
Tu te prends pour Pancho Villa
Pour Buffalo Bill
Et moi pour une petite fille
Ciao, bambino, sorry!
Elə bilirsən çapqınsan?
Bığlarınla
Ya kovboy çəkmələrinlə?
Özünü Panço Villa sayırsan?
Ya Buffalo Bill?
Mən isə adi kiçik bir qızam?
Sağ ol, oğlan, bağışla!
Çox ehtimal, mahnı İtaliyadan Fransaya, Parisə qız ovuna gələn çapqın oğlanlara həsr olunan kinayəli mahnıdır. Dalınca düşdüyü qız ovçu oğlana istehzayla: "Ciao, bambino, sorry!”, - deyir: "Sənin tilovuna düşmədim, qarmağına keçirə bilmədin, bağışla, oğlan!"
Totonun daha bir məşhur mahnısının linkini burada yerləşdirirəm, mehmanxanada bir gecəlik məhəbbət macərasını təsvir edən "Buona Notte" - "Gecəniz xeyrə" mahnısının klipini
Bu hekayəti Toto Kutunyonun bəstələdiyi, Co Dassinin fransız dilində oxuduğu, linkini əvvəldə paylaşdığım "Salut” – "Salam” mahnısının sözləriylə bitirmək istəyirəm:
Salut, c'est encore moi.
Salut, comment tu vas?
Le temps m'a paru très long.
Loin de la maison j'ai pensé a toi.
- Salam, yenə mənəm
- Salam, necəsən?
Qürbətdə günlər uzun olur
Səni tez-tez xatırlayıram...
Et je me sens fatigué.
Fais-moi un bon café,
J'ai une histoire a te raconter.
Il était une fois quelqu'un,
Çox ölkələr gəzdim,
Dünyanı dolaşmaqdan yoruldum,
Bir yaxşı kofe süz,
Gördüklərimi danışım...
Əlvida, böyük bəstəkar və müğənni! Mahnıların, varlığın, ölümünlə bağlı yazdığım bu yazı da gəncliyimi xatırlatdı, yazanda qırx-qırx beş il əvvələ qayıtdım, o illəri bir də yaşadım. Mühacirətdə doğma Azərbaycan mahnılarıyla yanaşı, sənin ifanı, melodilərini dinləyirəm, yenə dinlədim, dinləyəcəyəm də.
Ruhun şad olsun, Maestro!