"Bank BTB"-nin də ləğv ediləcəyi bildirilir

01-06-2023 11:48 / Bu xəbər 1436 dəfə oxundu

Ötən ay ölkənin bank sektorunda baş verən mühüm hadisələrdən biri "Günay Bank”ın bağlanması idi. 

Mayın 16-da Mərkəzi Bank tərəfindən lisenziyası ləğv olunan "Günay Bank”dan sonra ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşüb. 

Bu banklardan 2-si dövlət, 22-si isə kommersiya bankıdır. Lakin ekspertlər ölkədəki banklarla bağlı bədbindirlər. 

Onlar düşünür ki, bu banklardan da bəzilərinin yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. 

"Bank sektorunda monopoliya getdikcə güclənəcək"

Məsələn, iqtisadçı, Azərbaycan Demokratik Rifah Hərəkatının sədri  Qubad İbadoğlu problemi bank sektorundakı monopoliya ilə əlaqələndirir. 

O düşünür ki, bundan sonra da bank sektorunda monopoliya getdikcə güclənəcək.

İqtisadçı dəfələrlə qeyd edib ki, Azərbaycandakı banklar "parnik bankları"dır, belə bir şəraitdə, iqtisadiyyatın şəffaf olmadığı indiki situasiyada və ya havada onları xilas etmək mümkün deyil və bağlanması davam edəcək. 

Azərbaycanda bank sisteminin öz axarı ilə yaranmadığı və inkişaf etmədiyi sirr deyil. Əsasən oliqarx və yüksək vəzifəli məmurların müdaxiləsindən sonra bank sektoru böyüməyə başlayıb.

Ona görə Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin hansısa yüksək vəzifəli məmura bağlı olması ilə bağlı məlumatlar yayılır və əsasən də təkzib olunmur. Bu baxımdan bank sektoruna müxtəlif məmurların nəzarət etdiyi sirr deyil. Belə banklardan bir çoxu isə hələ də "vurulmuş” məmurların kurasiyasındadır. 

Oliqarxiyanın bank sistemi niyə çökdürülür? 

Ekspertlər düşünürlər ki, illərlə dövlətin verdiyi imtiyazlardan özünə bank yaradan sabiq məmurlar indi də bu sektordan əl çəkmək istəmirlər, yəni gəlir mənbələrini qorumaq niyyətindədirlər.

Onların fikrincə, digər tərəfdən, "vurulmuş” məmurların nəzarətində olan bu bankların eyni zamanda ölkə iqtisadiyyatının inkişafına qatqı payı çox azdır. Eyni zamanda isə onlar bu banklar vasitəsilə siyasi və iqtisadi maraqlarını təmin etmək üçün ölkə iqtisadiyyatına həm də ciddi problemlər yarada bilər. 

Ortada Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri Cahangir Hacıyev kimi acı təcrübə var. 

C. Hacıyevin qanunsuz olaraq ölkədə 10 milyard dollar civarında vəsait çıxardığı bildirildi. 

2016-cı ildə həbs olunan və 15 il cəza alan Cahangir Hacıyev hələ də həbsdədir. 

Cahangir Hacıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudova yaxınlığı ilə tanınırdı.

Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra Cahangir Hacıyevin törətdiyi cinayətlər üzə çıxdı. Bu baxımdan vəzifəsindən uzaqlaşdırılmış məmurların hansısa banka nəzarət paketini əlində saxlaması strateji baxımdan təhlükəlidir. Lakin hələ də sabiq oliqarx məmurlara bağlı olan banklar var və onlar həmin banklara nəzarət paketinə sahibdirlər. 

Yayılan məlumatlara görə, "parnik bankları"nın bağlanması ilə qərarlar hələ də qüvvədədir. Bunun da bir neçə səbəbi var. 

Məsələn, "Günay Bank" bağlananda iqtisadçılar belə bir proqnoz vermişdilər ki, bir neçə böyük bankın hökmran mövqeyini möhkəmləndirmək üçün xırda banklar qurban veriləcək.

Ona görə də növbəti bankların da yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Hazırda bağlanması gözlənilən iki bankın adı çəkilir. Onlardan biri "Bank BTB”-dir ki, bu bankın AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin kurasiyasında olması ilə bağlı mediada kifayət qədər informasiyalar var.

"Bank BTB”nin əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. 

O, bankın 75 faizlik hissələrinə sahibdir. 

Bank səhmlərinin 19 faizi isə onun qardaşı Rza Sadiqə məxsusdur. 

N.Mehdiyeva Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin həyat yoldaşıdır. 

Nigar Mehdiyeva həmçinin Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin sabiq müdiri İsmayıl Sadıqovun qızıdır.

İ.Sadıqov 2018-ci ilin 7 martında yaş senzinə görə, tutduğu postdan azad edilib. 

"Ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq var"

İqtisadçı Natiq Cəfərli isə bank sektorunda baş verənləri inhisarçılıqla əlaqələndirir. 

O, "Arqument.az"a deyir ki, azad rəqabət və dayanıqlı iqtisadi inkişaf olmadıqca belə problemlər artan xətt üzrə gedəcək. 

"Ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq var. Dəfələrlə demişəm ki, bizim banklar hələ də 19-cu əsrin bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb, yüksək faizlə kredit verməklə pul qazanırlar. 21-ci əsrin bankları isə başqa cür işləyir. Onlar çoxdan investisiya mərkəzlərinə çevriliblər. Bizdə isə investisiya bankçılığı yoxdur. Bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahıdır. Problem siyasi sistemdə, idarəetmədədir. İdarəetmə dəyişməlidir”, - deyə o bildirib. 

Azərbaycanda bağlanan banklar

Azərbaycanda son 10 ildə bir neçə bank bağlanıb. 

Bağlanan banklar arasında ən böyüyü "Bank Of Azerbaijan” idi. 

Adıçəkilən bank 2016-cı ildə bağlanıb. 

Həmin il bağlanan tək "Bank Of Azerbaijan” olmayıb, "Texnikabank”-da fəaliyyətini dondurub. 

2016-cı ildə "Bank Standard",  "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC də bank sektorundan gedən şirkətlərdir. 

Adıçəkilənlərdən "Parabank” ASC bank sektoruna sonradan bank olmayan kredit təşkilatı kimi daxil oldu və hazırda bu istiqamətdə fəaliyyət göstərir. 

Sonuncu bağlanan bank isə "DəmirBank" ASC olub. 

Sözügedən bank 2017-ci ildə bağlanıb. 

2000-ci ilin əvvəllərində isə bir neçə bank birləşərək daha da böyüdülər. Bunlardan 1992-ci ildə yaradılmış "M bank” "PROMTEXBANK”-la birləşərək "Unibank” adlanıb. 

"Caspian Development Bank” isə "Atabank”a qoşulub.

2023-cü il mayın 17-də Mərkəzi Bankı (AMB) "Günay Bank"ın lisenziyasını ləğv edib.

Bankın bağlanmasının səbəbi məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması göstərilib. 

Maraqlıdır ki, bu qərarların hamısı bağlanan bankların özləri üçün də gözlənilməz olub, yəni bir çoxu ləğv olunacağını əvvəlcədən bilməyib.