Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verdi
29-06-2022 00:14 / Bu xəbər 1187 dəfə oxundu
Hər üç dövlət terrorla mübarizə aparmaq üçün birgə bəyanat imzalayıb
İyunun 28-də Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.
Bu barədə "Euronews” məlumat yayıb.
Bildirilir ki, memorandumu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Anne Linde imzalayıb.
NATO Sammitinin keçirildiyi Madriddəki İFEMA Sərgi Mərkəzində baş tutan imzalanma mərasimində hər üç dövlətin başçısı da iştirak edib.
Qəbul edilən birgə bəyanatda Finlandiya və İsveç terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarını açıq və birmənalı pisləyiblər:
"Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür. Türkiyə, Finlandiya və İsveç terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı artırmaq qərarına gəlib”.
Bəyanatda qeyd olunur ki, Finlandiya və İsveç PKK və onun bütün qollarının pul toplama və işə götürmə fəaliyyətlərini qadağan edəcək:
"İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq”.
O cümlədən, gələcəkdə NATO müttəfiqləri olan Finlandiya və İsveç Türkiyədə PYD/YPG və FETÖ olaraq təyin olunan təşkilatlara dəstək verməyəcək:
"İsveç təsdiq edir ki, yeni və daha effektiv "Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək”.
NATO-nun baş katibi Y.Stoltenberq də İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün Türkiyə ilə razılığa gəldiyini və Ankaranın narahatlığının aradan qaldırılacağını bildirib.
2022-ci il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdi.
NATO-nun Baş katibi Yens Stoltenberq isə bu addımı müsbət qiymətləndirmişdi.
"NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir” – deyə Baş katib vurğulamışdı.
O bildirmişdi ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.
Türkiyə isə İsveç və Finlandiyanın üzvlüyünə qarşı çıxırdı.
Rəsmi Ankara iddia edirdi ki, hər iki Skandinaviya ölkəsi Türkiyənin terrorla mübarizəsinə dəstək vermir, əksinə PKK-nın Suriyadakı qanadı YPG-yə kömək edir.
Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını açıq şəkildə bəyan edirdi.