Türkiyədə namizədlərin ölkədən və xaricdən aldığı səs faizləri

Türkiyədə namizədlərin ölkədən və xaricdən aldığı səs faizləri

15-05-2023 17:01 / Bu xəbər 747 dəfə oxundu

Ərdoğan ən böyük dəstəyi ərəb ölkələrində yaşayan türklərdən, Kılıçdaroğlu isə ABŞ və Kanadadan alıb

Səsvermənin keçirildiyi 74 ölkədən 27-də Türkiyə vətəndaşları hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs veriblər.

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener xaricdəki seçki məntəqələrində verilən səslərin hesablanmasının davam etdiyini deyib.

İlkin hesablamalara görə, 300 minə yaxın səsi hesablamaq qalır.

Hakim partiyanın namizədi R.T.Ərdoğana ən böyük dəstəyi ərəb ölkələrində yaşayan türklər verib: Livanda 95 faiz, İordaniyada 88 faiz.

Avropa ölkələrindən R.T.Ərdoğana ən çox Avstriya (70 faiz), Almaniya (66 faiz) və Niderland (68 faiz) dəstək verib.

Azərbaycanda onu 52 faiz, Qırğızıstanda 66 faiz, Özbəkistanda 50 faiz seçici dəstəkləyib.

Eyni zamanda, bir çox ölkədə Kılıçdaroğluna dəstək 70-80 faizi ötüb.

CHP sədrinə ABŞ-da-79 %, Kanadada -76 %, Böyük Britaniyada-73 %, Çexiyada – 87 %, Finlandiyada-72 % səs veriblər.

K.Kılıçdaroğlu Estoniya, Portuqaliya və İspaniyada rekord dəstəyə malikdir – hər birində 91 faiz, İtaliya və İrlandiyada isə 89 faiz.

Yüksək Seçki Qurumunun hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın 81 şəhərin 48-də CHP sədri, "Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu qabaqladığını qeyd edib.

2018-ci il seçkilərində olduğu kimi R.T.Ərdoğan bu dəfə də ən çox səsi Bayburtdan toplayıb: 78.86 faiz.

Sonrakı yerlərdə bu şəhərlər sıralanır: Gümüşhane – 74.42, Rize – 72.81, Yozgat – 72.65, Çankırı – 72.14, Kahramanmaraş – 71.88, Aksaray – 71.53, Malatya – 69.4, Sivas – 69.39, Konya – 68.94, Düzcə – 68.6, Ərzurum – 68.59 faiz.

K.Kılıçdaroğlu Batmandan 67,56, Diyarbəkirdən 71,95, Hakkaridən 72,32, Şırnakdan 75,75, Tuncelidən 80,26 faiz səs qazanıb.

Parlamentdə hansı partiyaların daha çox yer qazanmasına gəlincə, "Anadolu” Agentliyinin bildirdiyinə görə, hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 266, CHP 169, Yaşıl Sol Partiyası 62, MHP 50, İYİ Partiyası 44, Yenə Rifah Partiyası 5, TİP 4 millət vəkili yeri qazanıb.

CHP siyahılarından seçkiyə qatılan Türkiyə Dəyişiklik Partiyasının sədri Mustafa Sarıgül Ərzincandan millət vəkili olub.

MHP-nin qurucu sədri Alparslan Türkeşin övladları Yıldırım Tuğrul Türkeş AKP-dən, Əyyüce Türkeş isə İYİ Partiyadan Türkiyə Böyük Millət Məclisinə daxil olub.

Gəzi olaylarına görə bir ildən artıqdır həbsdə olan TİP sədri Erkan Baş, Can Atalay, Ahmet Şık və Sera Kadıgil də millət vəkili seçiliblər.(Meydan TV)