Ukrayna Xarkovun 20-dən çox yaşayış məntəqəsini azad edib
08-09-2022 16:47 / Bu xəbər 1289 dəfə oxundu
Ukrayna ordusu Xarkovun 20-dən çox yaşayış məntəqəsini azad edib.
Bu barədə sentyabrın 8-də Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, Xarkov istiqamətində müdafiə əməliyyatı çərçivəsində həftənin əvvəlindən Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiyanın bölmələri və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərib.
"Hazırda hərbi birləşmələr düşmənin müdafiə xəttinə 50 km dərinliyə daxil olub. Bir sıra yaşayış məntəqələrində filtrasiya əməliyyatları davam edir”, – Qromov belə söyləyib.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.