Vaqif Səmədoğlunun dəfnindəki xəyanətkarlar...

Vaqif Səmədoğlunun dəfnindəki xəyanətkarlar...

17-01-2015 16:58 / Bu xəbər 2282 dəfə oxundu

Şərif Ağayar

Vaqif Səmədoğlunun dəfninə getdim...

Qəfil, üz-üzə gəlmək istəmədiyim bir xeyli adamın arasına düşdüm. Əvvəldən nəzərə almışdım, almağına da, ancaq hamısını belə bir yerdə görəndə az qaldım arxaya qaçam... Yaxşı ki, qələbəliyin o başında Əlisəmid Kür vardı. Çayda boğulan adam necə üzə-üzə gedib bir budaqdan yapışarsa, elə atıldım ona tərəf. 

Bir az nəfəs dərib toxtayandan sonra həyəcanım azaldı. 

Gecə uzun-uzun və qara-qara düşündüm: “Niyə belədir? Bəlkə, günah məndədir, adamlarla ünsiyyət problemim var?”

Xəyalımdan çox şeylər keçdi. Saatlarla dağı arana, aranı dağa daşıdım, amma inanın, xırda-xuruş səhvlərdən başqa, özümlə bağlı ciddi bir səbəb tapa bilmədim. 

Amma səbəbsiz işmi olar?

Düzdü, kifayət qədər absurd cəmiyyətdə yaşayırıq. Lakin niyə bu absurdun indi görüşmək istəmədiyim adamların əleyhinə gedən bir yanını görmədik? 

Qısa olaraq anladığım bu...

...İmam Hüseyn Kərbəla çölünə gedəndə gecə məşəlləri söndürmək əmrini verir. Deyir, kim mənimlə səmimi-qəlbdən yoldaşlıq etmək istəmirsə, utanmasın, qaranlıqda çıxıb getsin. Məşəllər üç dəfə sönüb-yanır və hər dəfə adamlar yarıbayarı azalır. Axıra 72 nəfər – imamın qohumları və ən yaxın dostları qalır.

Vaqif Səmədoğlunun dəfnində gördüyüm və şəxsən tanıdığım qələm əhlinin mütləq əksəriyyəti ədəbiyyat həqiqətlərinə üz çevirmiş adamlar idi. 

Həm də ölməmək, yaşamaq naminə yox, vəzifə, pul və şöhrət naminə...

Həm də gecə yox, günün günorta çağı... Hamının gözü qarşısında... 

Həm də utanmadan... Xüsusi bir əda və özündənrazılıqla... 

Trierin “Dogvil” filmində başına olmazın oyunlarını açmış balaca qəsəbəni məhv etmək qərarına gələn gənc Qreys özünə belə haqq qazandırır: “Mən də bu ağır şərtlər altında belə pis adam olardım. Amma pisliklərimi müdafiə etməyə utanardım!”

Niyə mənə belə münasibət var?

Niyə adi tənqidi fikirlərimə görə düşmən olurlar mənə?

Mən neyləmişəm?

Onlar kimi ola bilmədiyim üçün gözlərinə görünməməliyəm?

Bilirəm , bu suallar Qaraca qızın Piri kişiyə verdiyi suallar kimi sadəlövhdür. Ancaq həm də onlar kimi əbədi və ağırdır. 

Heç kimdən qəhrəmanlıq gözləmirəm.

Heç özüm də qəhrəman deyiləm. 

Ancaq,

- Həqiqətə arxa çevirmək üçün məşəllərin sönməsini, ən azı işığın azalmasını gözləmək; 

- Məşəllər sönmürsə, həqiqətə utanaraq arxa çevirmək;

- Arxa çevirəndən sonra sinəsini qabağa verib qürrələnməmək;

- Belə biabırçı qürrələnmək lüksü varkən, ədəbiyyatdan danışmamağı anlamaq;

Və ən nəhayət, çirkaba bulaşmayanlara nifrət etməmək kimi insani hallar həmişə mümkündür.

//citytv.az