Vətəndaşlarla banklar arasında narazılıq getdikcə artır
25-07-2015 11:21 / Bu xəbər 1276 dəfə oxundu
Devalvasiyadan sonra kreditlərin ödənilməsində problemlər daha da ciddiləşib; çıxış yolu tapılacaqmı?
Bu ilin fevralındakı manatın devalvasiyadan sonra bankların vəziyyəti getdikcə pisləşməkdədir. Əmanətlərin sürətlə geri çəkilməsi, kredit ödəmələrində yubanmalar banklar üçün böyük problemlərə yol açıb. Bütün bunların nəticəsində manatla verilən kreditlərin faizi 37-42-yə qədər yüksəlib. Banklar baş verən bu proseslərin qarşısını almaqda çətinlik çəkirlər.
Heç şübhəsiz ki, bütün bunlardan ən çox əziyyət çəkən banklara borcları olan vətəndaşlardır. Faizlərin artması kreditlərin ödənilməsində ciddi problemlərə səbəb olub. Onsuz da yüksək olan faizlərin bir qədər də artması vətəndaşlarla banklar arasında narazılıqlarla nəticələnib.
Bəzi ekspertlər problemlərdən çıxış yolunu ana məbləğ saxlanılmaqla faizlərin ləğv edilməsində görürlər. Azərbaycan reallığında bunlar mümkünsüz görünür.
İqtisadçı ekspert Natiq Cəfərli bankların da borclarının olduğunu bildirdi: "Bankların faizlərlə bağlı qərar vermələri çox çətin görünür. Bankların özlərinin də ciddi borcları var. Çünki devalvasiyaya qədər banklar maliyyə mənbələrindən yüksək faizlərlə pullar alırdılar. Əsasən də dollarla götürürdülər. Sonradan əhaliyə istehlak kreditləri şəklində verirdilər. Aşağı-yuxarı sadə sxemlə desək, belə işləyirdi. Manatın devalvasiyasından sonra bankların dollarla götürdükləri kreditlərin manat səviyyəsində yüksəlməsi nəticəsində banklar çətin duruma düşdü. Açıq şəkildə gördülər ki, faizləri azaltsalar, durumları daha da ağırlaşacaq. Çünki borc öhdəlikləri var. Atılacaq addımlar ondan ibarət ola bilərdi ki, devalvasiyadan sonra dərhal Rusiya, Qazaxıstanda olduğu kimi, Mərkəzi Bank və ekspertlərin iştirakı ilə Beyin Mərkəzi qurulaydı. Problemlər həmin ölkələrdəki kimi, bu mərkəzdə müzakirə olunmalı və çıxış yolları axtarılmalı idi.
Bankların işləri və dövlətin edəcəyi güzəştlər müzakirə olunmalı idi. Rusiya və Qazaxıstanda bütün bunlarla bağlı bəzi qərarlar qəbul edildi. Azərbaycanda isə belə bir mərkəz hələ də qurulmayıb. Günlərin birində hökumət müdaxilə etməyə məcbur olacaq. Vəziyyət nə qədər pis olacaqsa, onun düzəldilməsinə xərclənən pullar da artacaq. Gözlənilən odur ki, yaxın gələcəkdə bir neçə bank bankrot olacaq. İlin sonuna qədər bir neçə bankın bağlanması mütləqdir. Kiçik bankların böyüklər ətrafında birləşdirilməsi kimi hallar da gözləniləndir. Göründüyü kimi, devalvasiyadan sonra yaranan problemlər hələ də aradan qalxmayıb. Bunları aradan qaldırmaq bankların üzərinə atılsa, mümkün olmayacaq”.
Digər iqtisadçı ekspert Samir Əliyev mövcud vəziyyətdə ən çox zərərin vətəndaşlara dəydiyini qeyd etdi: "Vətəndaşlar və banklar devalvasiyanın vurduğu zərərdən hələ də çıxa bilmirlər. Hər ikisini ona görə deyirəm ki, birdən-birə faizlərin 35% artması vətəndaşlara ciddi zərbə oldu. Banklarda da həmin vəziyyət yaranıb. Xaricdən cəlb olunan paketlər bahalaşıb. Təbii ki, burada ən çox zərər vətəndaşa dəyib. Bu gün nəinki dollarlarla, hətta manatla belə götürülən kreditlərin ödənilməsində ciddi problemlər var. Hər bir halda burada güzəşt olmalıdır. Güzəştlərə daha çox bankların ehtiyacı var. Çünki bankların öhdəlikləri var. Verilən pulları banklar da başqa mənbələrdən götürüblər. Müəyyən güzəştlər banklar tərəfindən olunur.
Amma kifayət etmir. Güzəştlər nədən ibarətdir? Faizlər 1-2% azaldılır, kreditin ödəniş müddəti uzadılır. Bu, müəyyən qismə sərf edir. Faizlərin ləğv edilməsi təklifləri problemin həlli üçün əhəmiyyətli ola bilər. Amma unutmayaq ki, bank da vətəndaş kimi çətin durumdadır. Vətəndaşın vəziyyətində daha çox sosial amil var. Burada insan amili rol oynayır. Bunlar sonda özünü öldürmə hallarına gətirib çıxarır. Bankların vəziyyətinin ağır olması ölkə iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Əsas problem odur ki, faizlər azaldılsın. Bankların əvvəllər də verdikləri kreditlərin həcmi çox yüksək idi. Əmin edirəm ki, manatın devalvasiyası insanlara faiz məsələlərində bir o qədər də ciddi təsir etmədi. Onsuz da əvvəllər də yüksək idi. Devalvasiya, sadəcə, vəziyyəti daha da pisləşdirdi. Banklar imkan daxilində güzəştə getməyə məcburdurlar. Faizlərin müəyyən qədər azaldılması və kreditlərin ödənilməsinin uzadılması problemləri bir qədər azalda bilər”.
Arqument.Az












