Xalqı zülmətdə olan ziyalı özü də qaranlıqdadır
01-06-2021 11:33 / Bu xəbər 1250 dəfə oxundu
Elgün Şahverdi
Absolyutizm, anarxizm, alternativ, anarxiya, apolitik, apologet, apatridizm, assosiasiya, avtarkiya, avtoritarizm, aristokratiya, bürokratiya, despotizm, depolitizasiya, demokratiya, elita, ekstremist, oliqarxiya, inflyasiya, kosmopolitizm, kompromis, kontrakt, komprador, klerikalizm, konservatizm, konkurensiya, koalisiya, konsensus, korrupsiya, liberalizm, makkartizm, meritokratiya, monarxiya, plüralizm, patriotizm, patriarxal, paternalizm, proqnostika, plutokratiya, suverenitet, vandalizm, şovinist, texnokratiya, timokratiya kimi siyasi terminlər əzbərləməklə, Avropada siyasi elmlər oxumaqla xalqın rəğbətini qazanıb, xalqı inandırmaq olmur, olmayacaq da...
Kiminsə xaricdə oxuduğu universitet də, aldığı siyasi təhsil də xalqa yararı olmadıqda bir önəm kəsb etmir. İnsanlara səmimi, onun güvənəcəyi, xalqın içində olan siyasətçilər lazımdır.
Xalq "Facebook"dan və digər sosial şəbəkələrdən ibarət deyil. Seçkidən-seçkiyə təbliğat-təşviqat vaxtı qapı-qapı gəzib braşür paylamaqla, insanlar sizə səs verməyəcək. Ən yaxşı halda seçkiyə getməyəcək və bununla da hələ uzun zaman indiki rejimdən qurtula bilməyəcəyik.
Hər gün xalqın arasında olmaq lazımdır, tək seçki vaxtı yox, hər zaman. Seçkiyə illər qalıb. Gələcək parlament, prezident, bələdiyyə seçkilərində namizəd olacaq adamlardan hansı indi xalqın arasındadır?
Demək olar ki, heç biri. Amma seçki vaxtı qapıları döyüb səs istəyəcəklər və verməyəndə də deyəcəklər ki, bu xalq yatıb, başlayacaqlar xalqı pisləməyə. Olmaz ki, indi hər kəs gələcəkdə namizəd olacağı dairənin, bələdiyyənin problemləri ilə maraqlansın, o problemləri həll etmək üçün çaba göstərsin?
Prezidentliyə namizəd olacaq adam efirlərdə xalqı narahat edən problemlərdən çox onların həlli yollarını səsləndirsin? Qollarını çırmalayıb icra hakimiyyətindən tutmuş, həmin rayonun deputatına kimi hər birinin fəaliyyətsizliyini, ərazinin problemlərini işıqlandırsın, həll etməyə çalışsın? Seçicilər də görsün ki, gələcək namizəd indidən xalq üçün nələrsə etməyə çalışır.
Ümumiyyətlə, hər şeyi xalqın üstünə atmaq kimi asan bir şey yoxdur. Cəmiyyətin gözündə qorxu var, bəli, amma bu o demək deyil ki, xalq qorxaqdır. Əsla belə deyil. Qorxu hissi normal bir hissdir, bu, hər kəsdə var. Xalq inanmadığı bir oyuna girməz, itirəcəklərini, qazancını hesablayır, baxır ki, qazanc yox, itirəcək çox şey var: həbslər, təhdidlər, işdən qovulma, işə götürülməmək və s.
İnandığı kimsə olmadığından da sakit oturur evində, işinə gedir, evinə gəlir, bir tikə çörəyini qazanıb səssiz qalır. Amma liderlər, səmimi siyasətçilər çıxıb bu xalqı əməlləri ilə inandıra bilsə, inanıram ki, xalq axıra kimi prosesin ardınca gedər. Belə bir ata sözümüz var: "Xalqın gözü tərəzidir".
Həqiqətən, tərəzidir. İnanın ki, xalqın inandığı bir lider olsa, ancaq dildə yox, əməldə də səmimi olduğunu göstərə bilsə, xalq o lideri dəstəkləyəcək, arxasınca da gedəcək, səsini də qoruyacaq. Hələliksə, düşünürəm ki, xalq gözləmə mövqeyindədir.
Dr. Ali Şəriətinin belə bir sözü var: "Ziyalı elə hesab edir ki, onun xalqı zülmətdədir. Halbuki xalqın zülmətdə olması, ziyalının varlığını şübhə altına alır. Demək, ziyalı özü də qaranlıqdadır".
Siyasətçi xalqın içində olmalı, xalqın içindən çıxmalıdır. Xalq müxalifətə inanmır, balaca bir toplum inanır, bəli, amma bu böyük bir kütlə deyil. Müxalifətlə hakimiyyətin təmasını hakimiyyət kəsib. Müxalif siyasi partiyalar hökumətə xalqı arxasına alaraq basqı etməlidirlər, müxalifət xalqa güvənməli, xalq müxalifətə güvənməlidir.
Həmin bu səddi aşmaq lazımdırdır. Xalq-müxalifət birliyinə nail olmaq lazımdır. Musa peyğəmbər tək danışmaqla deyil, həm də əməli ilə xalqı inandıra bildi, firona qalib gəldi. Yoxsa nə Musa cənnətdən gəlmişdi, nə Firon cəhənnəmdən. İkisi də xalqın içindən çıxmışdı!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Müəllifin mövqeyi Arqument.az-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.