Xatirəyə dönən illər

Xatirəyə dönən illər

08-11-2021 15:01 / Bu xəbər 2291 dəfə oxundu

Hər kəsin həyatında enişlər, yoxuşlar, çətinliklər, olmazlar, aclıqlar, toxluqlar, varlıqlar, yoxluqlar olur. Ömrün elə çağları, məqamları olur ki, düşünürsən, sanki dünyanın sonudur: bir daha üzün heç gülməyəcək, bu çətin günlər heç bitməyəcək, gülüşün, təbəssümün, sevinməyin nə demək olduğunu unudacaqsan. Amma həyatın da öz qanunauyğunluqları var: bu gündən sabaha səni nələrin gözlədiyini bilmirsən. Mən bunu öz taleyimdə yaşamışam. Bir vaxtlar hamı kimi bizdə də yaşayış çətin idi. 

Uşaq idik, amma həyat o qədər maraqsız gəlirdi ki... Uşaq olsaq da, ata-anamızın çəkdiyi əziyyətləri, şəraitin yoxluğunu, aclığı, əziyyəti görmüşdük. Sevincimiz kədərimizə qarışar, bu anda seçim imkanı belə olmazdı, çünki hər gün eyni idi həyat - dəyişməz, boz, bulanıq... 

Axşamları kimi sabahları da eyniylə təkrarlanırdı.
 
Sabah olunca atamla anam tezdən durar, biri heyvanları yemləyər, biri də samovara od salar, sobanı yandırıb evi qızdırmağa çalışardı. 

Yarıqaranlıq havada otağımız güclə işıqlaşarkən səs-küydən hiss edərdik ki, artıq sabahdır, durub məktəbə hazırlaşmağımıza az qalıb. Amma yenə də durmaq istəməz, yorğana daha bərk bürünərdik, hətta başımızı da yorğanın altında gizlədərdik ki, çağırıb oyatmasınlar, isti yatağın kefini bir az da yaşayaq. 

Həyətdən anamın səsi ucadan eşidilərdi: Cip-cip-ciiip... Toyuq, cücənin də səsi bir-birinə qarışardı. Bilirdik ki, anamız səsini ucaltmaqla həm də bizə xəbərdarlıq edir, yəni durmaq vaxtıdır, ay tənbəllər. 

Oyanar, amma yenə qalxmazdıq, gözümüzü yumar, anam gəlincə özümüzü yuxulu göstərərdik. O isə otağa girər-girməz, səslənərdi:

- Aygün, Abid, qalxın, məktəbə gecikirsiniz. Gözləriniz tərpənir, bilirəm, oyaqsınız, bəsdi yatdınız. Hamı durub məktəbə gedir, siz hələ də yerinizdən durmamısınız. 

Bir az da bərkdən qışqıranda dik atılar, tez qaçıb əl-üzümüzü yuyardıq. Biz geyinənə qədər anam çay süzər, yumurta, süzmə, sobada isidilmiş yeni bişmiş kimi isti, yumşaq təndir çörəyi, yağ qoyardı süfrəyə. Daha sonra biz məktəbə yola düşər, atamla anam da öz işlərinə gedərdilər. Hər kəsin dolanışığı çətin idi o zaman. Müharibədən yeni çıxmışdı ölkə, vəziyyət ağır idi. Hər kəs bir tikə çörəyini zorla qazanırdı. Hamı kimi bizim ailənin də əsas qazancı fındıq, qoz, tütün, taxıl, heyvandarlıq idi. Çox çətin zamanlar idi, ailələr vardı ki, aclıqdan əziyyət çəkərdilər. Hətta fəsilə uyğun geyim,  ya başqa ehtiyacları almaq üçün bir yerdən başqa yerə getməli olurduq. Orada da ya tapılmırdı, ya da ölçüsü uyğun gəlmirdi. Bir sözlə, hər kəs aclıq, çətinlik, səfalət içərisində yaşayırdı. Biz uşaq ağlımızla bunun nə qədərini anlaya bilirdiksə, o qədər dərk edib xatırlayırıq...

***

Ailəmizdə ən gözəl məqamlardan biri bu idi ki, hər şeyə rəğmən, bütün çətinliklərə baxmayaraq ata-anamız bizi sevgi ilə böyüdürdü... Nəyimiz əskik olsa da, sevgidən kasıblıq çəkməmişik. Dörd nəfərlik ailə olsaq da, sevgimiz dünyaya yetəcək qədər çox idi. Zaman su kimi axıb gedirdi. Biz də yavaş-yavaş böyüyür, ağlımız daha da kəsməyə başlayırdı. Hamı kimi biz də sadə evdə yaşayan ailələrdən biri idik. Atam hər il deyirdi ki, bu il Allah imkan versə, ev tikərik, özümüzə şərait qurarıq yavaş-yavaş. Həmişə bu gözəl planlarından ağız dolusu, həvəslə danışardı. Biz də yerimizə uzananda hər gecə bu planların xəyalını qurub elə yuxuya gedərdik. Hər şey o qədər gözəl gedirdi ki, sən demə, amma biz bunu anlamırdıq. Narazı qaldığımız, bəyənmədiyimiz, şikayət etdiyimiz o anlar əslində bir zamanlar gündüz işıqla axtaracağımız günlər olacaqmış, sadəcə, biz bilmirikmiş. 

...Ölüncə unutmayacağım bir gün var. Həmin gün özümü həyatımda dünyanın ən xoşbəxt uşağı saymışdım. İndi də elə düşünürəm. Həmişəki kimi adi günlərdən biri kimi başlamışdı, yəni sıradan bir gün. Anam həmin gün yarpaq dolması bükmüşdü. Amma ətsiz, yalançı yarpaq dolması. Atam da evə gəldi, bizi çağırdı yanına ki, sizə şad xəbərim var. Dedi ki, bəs adi kanallarla yanaşı, TV-də "Saman yolu " kanalı da bizdə göstərəcək. O vaxt televizorda ancaq yerli kanallar göstərirdi. Bu isə Türkiyənin tele-kanalı idi. Anam süfrəni qurdu, dolma yedik, daha sonra "Saman yolu"nda cizgi filmi izlədik. Sevincimizin həddi-hüdudu yox idi. O gecə yerimə uzananda o qədər sevincli idim ki... Bu gecə ilk dəfə atamın ev tikəcəyi, gözəl, rahat şəraitli evdə yaşayacağımız xəyalını qurmadım. O gecə özümü yer üzündə ən xoşbəxt uşaq saydım. Hətta o qədər xoşbəxt idim ki, səsli şəkildə özümə etiraf etdim ki, mən dünyanın ən xoşbəxt uşağıyam. Ata anam, qardaşım yanımda. Dolma yedik, cizgi filmi izlədik, daha nə olsun..? Bundan böyük xoşbəxtlik, yer üzündə məndən xoşbəxt uşaq var? Əlbəttə, yox. Belə xəyallar,arzular,istəklərlə böyüdük...

***

İlk mən ailə qurdum, daha sonra qardaşım. Valideynlərim hansı xəyallar, arzu-istəklərlə toy etdilər mənə. Onların gözlərindəki xoşbəxtliyin sözlə ifadəsi mümkünsüz idi. Əsl indi tamamlanmışdı xoşbəxtliyimiz. Atam söz verib xəyalını qurduğu evimizi tikmişdi. Hər şəraitimiz vardı. Günlər hər çətinliyi, hər problemi ilə bizə yenə də xoş gəlirdi, ömrümüz maraqlı, mənalı keçirdi.  Hər gözəl şeyin sonu tez gələr deyərdilər, inanmazdım. İnanmadığım hər şey taleyimiz oldu. Uşaqlıq xəyallarımızdan idi: qardaşım atam kimi ata olacaqdı, mən də anam kimi ana. Övladlarımızı sevgi dolu böyüdəcəkdik. Aylar keçdi, mən ana oldum, qardaşım da ata, amma fələk də saydığını sayırmış... 

Bir sabah qəfil xəbər yayıldı ki, səfərbərlik başlayıb. Abid də hamı kimi könüllü yazıldı. Qanı qaynayırdı. Etiraz etsək də, dinləmədi. Narahat olmayın, təlimdi. Sadəcə, hazırlıq təlimi üçün gedirik - dedi. 

Nə ata, ana dinlədi, nə yoldaş, nə bacı, nə dost. Heç övladı da yolunu kəsə bilmədi. 

- Əlişkam üçün gedirəm, mən getməsəm, balama qalacaq bu bəla, - dedi. Özü də bilmədən, hiss etmədən, son dəfə oturdu süfrəmizə, son dəfə gözləri güldü və son dəfə qucaqladı, öpdü övladını. Son çıxış oldu qapıdan. Gedərkən də gülüşü üzündən əkilmədi. 

Güllə yağışları altında canı ilə əlləşərkən belə hər şey yaxşıdır - dedi. Hamımızı aldatdı. Yalan danışmağı sevməyən Abid bizim rahatlığımız üçün yalan da danışdı:
- Döyüşdə deyiləm, arxadayam, rahat olun, - dedi. 

Bir gün də xəbər gəldi ki, qayıdır... Qayıtdı, amma əsgər mundirində deyil, bayrağa bükülmüş halda. Bu qayıdış gedişindən də qürurlu, əzəmətli, şanlı idi. Hara baxsaq, hara dönsək, Abid gördük. Bir vaxtlar bizim olan Abid indi hər kəsin idi. Mən isə hələ də onu xatirələrimdə, uşaqlıq illərimdə axtarıram: uşaq vaxtı bizi xoşbəxt edən bir boşqab yalançı yarpaq dolması, birgə baxdığımız cizgi filmləri o qədər şirindir ki, bəzən bu ağırları unutdurur, çünki mən hələ də o illərdə qalmışam... Amma o, böyüdü, çox böyüdü...

Bildiyim bir şey var: Son nəfəsimə qədər nə sən kimi canıma can olan sirdaş tapa biləcəm, nə də anamın bişirəcəyi heç bir ətli dolma belə həmin o yarpaq dolmasının dadını verməyəcək!

Yazı şəhid Abid Məmmədovun xatirəsinə ithaf olunur!

Günel İbrahimova