Xətai Məhkəməsi Nərgiz Absalamovanı 3 ay müddətinə həbs edib
01-12-2023 16:07 / Bu xəbər 2034 dəfə oxundu
Dekabrın 1-də Bakının Xətai Rayon Məhkəməsi "AbzasMedia” onlayn nəşrinin jurnalisti Nərgiz Absalamovanı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törədilməsi ittihamı ilə 3 ay müddətinə həbs edib.
Absalamova özünü günahkar bilməyərək jurnalist fəaliyyətinə görə mühakimə olunduğunu deyib.
Beləliklə, istintaq Absalamovanı "Abzas Media”nın digər üç əməkdaşı, daha öncə həbs edilmiş Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovla əlbir olmaqda ittiham edib.
Məhkəmə binasına toplaşan Absalamovanın həmkarları polis tərəfindən zorakılığa məruz qalıblar.
Noyabrın 30-da Absalamova saxlanıldıqdan sonra "Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuatı müdafiə təşkilatı Avropa Şurasının "Media Freedom" platformasını Azərbaycanda jurnalistlərə qarşı repressiyaların artmasını dayandırmaq və onların azadlığa çıxması üçün tədbirlər görməyə çağırıb.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi həbslə bağlı bəyanat yayıb.
Təşkilat bildirib ki, "Abzas Media" işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş xanım jurnalistlər bərədə seçilmiş həbs qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbirlər ilə əvəz edilməsi zəruridir".
"İqtisadi sahədə "cinayətə" görə jurnalistlər Sevinc Vaqifqızı və Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirinin seçilməsi milli-əxlaqi, mənəvi dəyərlərə, hümanizm, qanunçuluq, daxili və beynəlxalq hüquq normalarının prinsiplərinə tam ziddir. Humanizim, ədalət prinsiplərinə zidd həbslərin aparılması dövlətimizin ali məqsədlərinə zidd olmaqla yanaşı, cəmiyyətdə ikrah və narahatçılq yaradır", - deyə açıqlamada bildirilir
""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquq təşkilatı qanunsuz həyata keçirilmiş həbsləri pisləyir, barələrində həbs qətimkan seçilmiş xanım jurnalistlər Sevinc Vaqifqızı və Nərgiz Absalamovanın həbslə əlaqədar olmayan alternativ qətimkan tədbirlərinə dəyişdirilməsini tələb edir", - deyə təşkilat qeyd edib.