Ya Niftullahgil hər gün içirlər, ya da Günəş onlar hər içəndən-içənə çıxır! - Sadiq Elyer
24-08-2020 13:16 / Bu xəbər 5955 dəfə oxundu
Sərdar Aminin "Atamın əlləri" adlı hekayəsi barədə oxucu fikri...
(Hekayəni "şedevr" adlandıranlara gəlsin)
Hekayənin birinci abzasında "Reyhan xala" çəpərin dibində - gunəş hər dəfə Sərdargilin həyətinə düşəndə - peyda olur, ikinci abzasda isə Niftullah kişi bu həyətdə hər dəfə Sərdarın atası ilə şərab içəndə... (Ya Niftullahgil hər gün içirlər, ya da Günəş onlar hər içəndən-içənə çıxır!)
Sərdar Reyhan xalanın atasının uşaqlıq dostu Niftullah kisinin arvadı olduğunu bilmir. "Sərdarın yaydan-yaya kəndə gələn şəhər uşağı olması bunu bilməməyə tam əsas verə bilər" - deyə düşünüb oxumağa davam edirik.
"Hər dəfə Reyhan xalanın güddüyü tərəfə qanrılanda qış uzunu şəhərdə dərs deyib yayda doğma kəndində dincəlməyə gələn atamın təmiz qırxılmış üzünü, çal saçlarını və müəllimliyi ucbatından bədəninin bir hissəsinə çevrilmiş ağ köynəyini görərdim". (Müəllimliyi ucbatından" ifadəsi kökundən yersizdir.)
Anası Sərdarın fikirlərini oxuya bilir və bir gün: "Elə deyil. Reyhan xala atanın uşaqlıq dostu Niftullah dayının arvadıdır, əri içib evdə dava salır. Yazıq... Niftullah içməsin deyə əsir-yesir olub küçələrdə", - qulağına pıçıldamaqla Reyhan xalanın kimliyini həm oxucu qismində bizlə, həm də Sərdarla tanış edir.
Biz də oxucu olaraq, Reyhan xalanın kimliyini, o cümlədən adını bu hissəyə qədər bilməli deyildik. amma... Reyhan xalanın onları - eyni masa kənarında oturanları - uzaqdan güddüyünü nəzərə alsaq, güdənin məhz kimə baxdığını, kimi güddüyünü ayırd etmək hekayədəki persepsiyaya görə qeyri-müəyyən olmalıdır qənaətinə gəlməliyik ki, hekayə bizə bunun tam əksini oxudur. Yəni Sərdar hər dəfə təkcə atasını görür. Niftullah sanki yoxdur. Hekayənin bu yeri, əlbəttə, bədii priyom yox, məhz yazıçı qeyri-peşəkarlığının nəticəsidir.
Reyhan xalanın ölümünü təqdim etdiyi hissədə bu cümlələr var: "...Anam ağladı. Mən də düşündüm, artıq titrək yarpaqların arxasında ruh kimi dolaşan o qadın kölgəsini heç vaxt görməyəcəm".
Diqqət edin, "titrək yarpaqlar, ruh kimi dolaşan qadın kölgəsi..."
Hekayədəki uşaq maraqlı olmağa başlayır. Hekayənin bu hissəsinə görə elə də uşaq deyil. 8-10 yaş, hətta bir az da artıq yaş vermək olar. Ananın qulağa pıçıldadığı mətn də buna əsas verir.
Şəhərdən kəndə yaydan-yaya istirahətə gələn uşaq növbəti abzaslarda bu kəndin hər dərəsinə, təpəsinə bələd olan, hər dərəsi, təpəsində mal-heyvan otaran kənd adamına çevrilir. Bu yazıçı ustalığı ilə baş vermir. Mən bu və bu kimi dəyişkənlikləri yazıçı praqmatiksizliyi, yazıci səhlənkarlığı adlandırıram.
Qabartdığım bu qeyri-dəqiqliklə bir də mətnin zaman ardıcıllığının düzgün işlənə bilməməsində üz-üzə qalırıq.
Birinci şəxs - qəhramanımız qəbristanlıqda başdaşıda yazı oxuyur: "Həsənova Reyhan Qoçu qızı... 1939-1992... 53 yaş..." (Sərdar 1988 təvəllüdludür).
Yuxarıda oxuduqlarımız Sərdarın 4-5 yaş arasındakı xatirələridir. Belə olan halda, yuxarıda gəldiyimiz 8-10 yaş qənaətinə bir quş...
Təqdim olunan mətndə müəllifin qeyd etdiyinə əsasən Reyhan xalanın ölüm olayından artıq otuz il keçib: "Niftullah dayıya qəbir daşı qoyulanda 30 il əvvəl ölmüş Reyhan da yada düşmüşdü..."
Müəllif təqribən yox, dəqiq rəqəmlər qeyd edir.
Başdaşı ildönümündə qoyulub. Mətndəki rəqəmlərə istinad edərək hesablama aparanda hekayənin təqdim olunduğu tarix ən azı 2023-cü ilin yayına təsadüf edir. Deyək ki, bu qeyri-dəqiqliyi qısa redaktə ilə duzəltmək mümkündür. Onsuz da "bəzi" oxucular lazim olduğu qədər diqqətli olmadıqlarına görə bu sayaq mətn səhvlərini də ciddiyə almırlar, ala bilmirlər.
Mətndə "Reyhan xala"nin birdən-birə Reyhana çevrilməsi...
Sərdar başdasındakı Reyhana aşiq olur. O Reyhana ki atasının da cavanlığında sevdiyi olub.
Müəllif bu durumu hekayədə necə təqdim edir?
Niftullah Reyhanla sevgilidir. Atası Niftullahla Reyahangilin bağına görüşə Niftullahin dostu olaraq onu zalım qardaşlardan qorumaq üçün gəlir. Qoruyucu qəhraman isə birdən xəyanətkara çevrilir.
"Reyhan Niftullahdan gizli əlimdən tutdu. Astadan dedi ki, o getsin, sən qal. Ürəyim ilan deşiyə qayıdan kimi qayıtdı yerinə".
Hekayənin bu yeri Reyhan xala ilə hekayədəki Sərdarın atası arasında olmuş ülvi eşqdən yox, məhz fiziki ehtirasdan və şəhvətdən başqa bir şeydən xəbər vermir. Ürəyin yerinə qayıtması isə bu münasibətin davamlı olmağından xəbər verir.
Əslində hekayə buradan başlamalı idi. Hekayə isə başlamır ki, başlamır...
İradlarım yazar Sərdarın "Xatirəsi"nə deyil, muəllifin xatirə danışmaqda bacarıqsız olmasındadır.
İstənilən növ "mətn" dərc olunduğu gündən tənqidə açıq elan olunur...