"Ya qəbirə getməlisən, ya həbsxanaya..." - Natiq Cavadlı
07-07-2015 15:02 / Bu xəbər 2142 dəfə oxundu
İyunun 30-da Tbilsiyə yollanan Meydan TV-nin əməkdaşlarına sərhədi keçməyə icazə verilməyib. Onlara bildirilib ki, ölkəni tərk etmələrinə rəsmi qadağa var. Natiq Cavadlı "Amerikanın Səsi"nə müsahibəsində Meydan TV-nın əməkdaşlarının başına gələnləri və Azərbaycanda müstəqil jurnalistikanı şərh edib.
İyunun 30-da siz və digər üç Meydan TV əməkdaşına ölkəni tərk etməyə icazə verməyiblər. Bununla bağlı bizə daha ətraflı məlumat verməyinizi istərdik. Nə baş verdi?
Natiq Cavadlı: Biz Tiflisə treyninqə gedirdik. Onu nəzərə çatdırım ki, mən şəxsən təxminən bir ay əvvəl Tiflisdən qayıtmışam, yəni heç bir problem olmamışdı. Və biz, Aytən Fərhadova, Şirin Abbasov, Elnur Muxtarov yol gedirdik qatarda, Böyük Kəsikdə həmişəki kimi yoxlayanda bizə dedilər ki, sizin adınızın qarşısında "stop” qoyulub. Dedik ki, səbəbin deyə bilərsizmi? Dedilər ki, xeyr, səbəbini gedib Bakıdan öyrənməlisiz. Dedik ki, bəs hansı nazirlik qoyub? Dedilər ki, Daxili İşlər Nazirliyi. Səbəbini izah etmədilər və bizi qatardan düşürtdülər. Biz gəldik Bakıya, heç bir izahat almadan. Bakıda biz üç gün bundan öncə, ötən həftənin beşinci günü Daxili İşlər Nazirliyinə müraciət etmişik – elekton müraciət Daxili İşlər naziri cənab Ramil Usubova, amma hələ ki, cavab yoxdur.
Siz ölkədən buraxılmamanızı nə ilə əlaqələndirirsiniz? Bunun səbəbi nədir?
Natiq Cavadlı: Səbəbini mən hələ ki, izah edə bilmərəm, çünki ilk dəfədir belə bir halla rastlaşırıq. Daxili İşlər Nazirliyindən və rəsmi orqanlardan izahat olmadığı üçün mənim özümün ehtimallarımı izah etmək çətindir çünki heç bir cinayət işi yoxdur nə özüm, nə həmkarlarım, nə də Meydan TV haqqında. Ona görə də, izahat verməkdə, hətta ehtimal sürməkdə də çətinlik çəkirəm.
Meydan TV-nin Azərbaycandakı hazırkı vəziyyətini necə dəyərləndirərdiniz?
Natiq Cavadlı: Biz imkan daxili Azərbaycan qanunları və beynəlxalq qanunlar əsasında fəaliyyət göstəririk. Azərbaycandakı mətbuatın durumu isə hər kəsə bəllidir. Beynəlxalq təşkilatların hesabatlarında bu barədə ildə bir neçə dəfə açıqlamalar verilir. Vəziyyət çox da yaxşı deyil. Təzyiqlər var, fəaliyyət imkanları məhduddur, hər gün də məhdudlaşdırılır həm qanunvericilik baxımından həm də hərəkət baxımından. Hər hansı bir informasiya və ya məqalə üzərində işləyəndə biz onunla bağlı şərh ala bilmirik. Demək olar ki, Meydan TV-ni heç bir tədbirə çağırmırlar, xüsusilə rəsmi orqanlar. Hətta hökümətə yaxın təşkilatların özlərinin də tədbirləri olanda Meydan TV-ə ora getmək qeyri-mümkündür. Nə dəvət, nə də qəbul etmirlər. Bu baxımdan da biz nə rəsmi orqanlardan bir mövqe ala bilirik, nə də hər hansı bir deputatdan. Məsələn, mən özüm bir neçə dəfə hökümətyönlü, YAP-çı deputatlara zəng etmişəm, deyiblər ki, biz sizə açıqlama verə bilmərik çünki siz qara siyahıdasınız.
Bugünkü Azərbaycanda müstəqil jurnalist olmaq nə deməkdir?
Natiq Cavadlı: Azərbaycanda bugünkü vəziyyətdə müstəqil jurnalist olmaq hardasa Elmar Hüseynov və Xədicə İsmayılova olmaq deməkdir. Ya qəbirə getməlisən, ya da kı, həbsxanaya. Üçüncü yol var – mühacirət, amma o da çox çətindir. Heç kəs getmək istəmir axı Vətəndən. Çox çətindir... həddindən artıq. Demək olar ki, fəaliyyət imkanları həddindən artıq dardır.
Arqument.Az