“Yalquzaq” - yalnızlıq
04-11-2023 14:42 / Bu xəbər 1824 dəfə oxundu
Nərmin Rza
"Yalquzaq” Herman Hessedən oxuduğum ikinci əsərdir. Hesse bu dəfə də sehirli qələmi ilə məni heyrətləndirdi. Əsər yaddaşımda elə iz buraxdı ki, heç vaxt silinməyəcək.
Vilayət Hacıyevin ruhu şad olsun! Çox gözəl tərcümə edib, heç sıxılmadan oxudum.
Bəşər tarixi boyunca, dahilərin, böyük mütəfəkkirlərin taleyi həmişə eyni olub: yanlızlıq, cəmiyyətdən ayrı düşmə, zamanında anlaşılmama. Elə bil ki, onlar yaşadıqları zamanın insanı deyillər, gələcək, ya da əbədilik üçün yaranıblar...
Kitabın baş qəhrəmanı Harri də çox yalqız, cəmiyyətdən, yaşadığı dövrdən uzaq düşmüş biri idi. Ona elə gəlirdi ki, daxilində iki insan, iki qəlb daşıyır: biri insan, biri də yalquzaq bir canavar. Ən pisi isə daxilindəki insan və yalquzağın həmişə mübarizədə olması idi.
Harri həmişə böyüklük, əbədillik arxasınca qaçırdı, nəsə böyük bir amal uğrunda yarandığını zənn edirdi və buna görə əzab çəkməyə, qurban getməyə belə hazır idi. Amma birdən həyat onu oyadır və görür ki, insanlar, cəmiyyət heç də ondan qəhrəmanlıq, qurban istəmir.
İnsanlar həmişə xırda şeylər, əyləncə arxasınca qaçırlar. Bunu görən Yalquzaq böyük bir boşluğa düşür…
Onun həyatın hər cür qayda-qanunlarından, bayağı əyləncələrdən zəhləsi gedirdi, meşşan həyatından isə iyrənirdi. Amma o həyatdan əl də çəkə bilmirdi. Meşşanlıq doğulandan onun qanına, canına hopmuşdu çünki…
Çox vaxt oxuyan, araşdıran və düşünən, istedadlı insanlar, cəmiyyətdən, yaşadıqları zamanədən ayrı düşür, onunla barışa bilmir və Harri kimi "Yalquzaq” xəstəliyinə tutulur.
Məncə, orta yolu bir təhər tapıb, balansı qorumaq lazımdır. Yəni nə cəmiyyətdən tamam qopmaq, nə də ona özünü tamam təslim edərək, axınına düşmək. Yazar tam da kitabda bunu demək istəyir.
Kitab bir çox maraqlı məqamlara toxunur. İnsanın vahid bir şəxsiyyətinin olmaması, əksinə daxilində çoxlu Mən-lərin, qəlblərin olmasına və s.
Ağır bir kitabdır və bir o qədər mənalı, gözəl.
Oxuyun, oxutdurun!