Yazıçı koronavirusdan vəfat edib
21-03-2021 16:00 / Bu xəbər 7406 dəfə oxundu
Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.
Bu barədə APA-ya oğlu, yazıçı Alpay Azər məlumat verib.
O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.
A. Abdulla bir müddət əvvəl koronavirusa (COVİD-19) yoluxubmuş.
Azər Abdulla 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində doğulub.
1962-1967ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib.
Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işləyərkən başlayıb (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirib.
"Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışıb. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru olub.
"Bir durna qatarıyıq", "Gedirəm gün doğana", "Səni gözləyirəm", "Bəyaz çiçəklər", "Qəmərlidən keçən qatar" və başqa kitabların müəllifidir.