“Yazmışamsa, böyük qələt eləmişəm, üzr istəyirəm” – Elnur Astanbəyli

“Yazmışamsa, böyük qələt eləmişəm, üzr istəyirəm”   – Elnur Astanbəyli

07-01-2015 09:40 / Bu xəbər 3933 dəfə oxundu

“Nə tikirlərsə, köndələn tikirlər…”

“Azadlıq” qəzetinin köşə yazarı, “Almadan küsən” və “Oktyabra məktublar” kitablarının müəllifi, şair-publisist Elnur Astanbəylinin Arqument.Az-a müsahibəsi…

- Bir neçə ay öncə - belə deyək də, ötən il "Oktyabra məktublar" şeirlər kitabınız nəşr olundu. Niyə "Oktyabra məktublar?"

- Xüsusi bir səbəb yoxdur. Oktyabr doğulduğum aydır. Amma bununla heç bir əlaqəsi olmadan deyim - ən çox sevdiyim iki aydan biridir, digəri maydır. Kitabda da “Oktyabra məktublar” adlı şeir silsiləsi olunca, “fürsət elə bu fürsətdir” deyib kitabın adını oktyabra bağladım.

“Analoqu olmayan bir həyasızlıq dövründə yaşayırıq”

- Həmişə deyirsən ki, məni yazmağa məcbur eləyən yeganə amil inandığım həqiqətlərdir. Hansı həqiqətlərdir bunlar?

- Mən bunu hər hansı fəlsəfi kontekstdə deməmişəm ki, oturub uzun-uzadı izah edim. Mən bu fikri dəfələrlə, özü də hər dəfə sadə həqiqətləri nəzərdə tutub söyləmişəm, yazmışam. Bilirsən, biz Azərbaycan tarixində analoqu olmayan bir həyasızlıq dövründə yaşayırıq. Məsələn, 1000 manat maaş alan adamın 250 min manatlıq avtomobili necə sürdüyünü, yaxud bir milyon dollarlıq villaya necə sahib olduğunu soruşsan, onun da bu sual qarşısında susub dilini dinməz yerinə qoymaq əvəzinə, hansısa ağlabatan bir cavab verməyə cəhd edəcəyini görəcəksən. Kimi dindirsən, yalan danışmağın pis əməl olduğunu deyəcək. Amma hər 100 adamdan 99-una Az.TV mikrofonlarını uzatmaq kifayətdir ki, çox asanlıqla, heç bir vicdan əzabı çəkmədən yalan danışsın, nə var-nə var, özü, ya da övladı işini itirməsin. Bu ölkədə öz maddi durumundan ən çox şikayətlənən də müəllimdir, seçki qutusuna ən çox topa bülleten atan da. Biz, bəlkə də, dünyada yeganə xalqıq ki, uşaqlarımızı qənddandan icazəsiz qənd götürdüyünə görə cəzalandırırıq, barmaqlarına çubuqla döyürük, amma həm də o uşaqlar böyüdükdə boğazından yapışırıq ki, sən niyə oğurlamırsan, sən niyə rüşvət almırsan, hamı necə, sən də eləcə… Bax mən inandığım həqiqətlər deyəndə bu adi, sadə həqiqətləri nəzərdə tuturam, özümü də bu həqiqətləri cəmiyyətin sifətinə çırpmaqla görəvləndirilmiş hiss edirəm. Ən azı, haqqında danışdığım, nümunələrini göstərdiyim o nəhəng həyasızlıq dalğasının bir parçası olmaq istəmədiyim üçün yazıram. Pis, yoxsa yaxşı yazıram – bu artıq başqa, hətta əhəmiyyətsiz məsələdir.

“Bu, çox dəhşətli, dözülməz bir mənzərədir”

- Yəni ali həqiqətləri yox, məişət həqiqətlərini nəzərdə tutmusan və səni bu həqiqətləri cəmiyyətin üzünə çırpmağa kim görəvləndirib?

- Ali və adi həqiqət məsələsi zamana, məkana görə dəyişə bilər. Tutaq ki, 300 il əvvəlin Avropasında belə, seçib-seçilmək hüququ ali həqiqət idi, indi isə bunu hətta müzakirə etməyə dəyməz. İnkvizasiya dövrü Avropasının ali həqiqətlərinin bir çoxu bu gün çox adiləşib, bu gün hansısa fransıza, yaxud almana dərk etmək, anlamaq çox çətiindir ki, müəllim qoynundan bir dəstə bülleteni necə çıxarıb seçki qutusuna ata bilər, ya da hansısa kitabına görə yazıçının qulağını kəsməyi necə təklif etmək olar. Bu mənada indi Azərbaycanda ali həqiqət kimi qəbul etdiklərimiz, əslində, gəlişmiş, modern ölkələr üçün əlbəttə, çox adidir. Elə biz də indi onu arzulayırıq ki, elə bir dövlət və cəmiyyət qura bilək, orada modern hüququn insanlara tanıdığı haqq və azadlıqlar adi qəbul olunsun. Misal üçün, kimsə fikirləşməsin ki, “əşşi, mənim səsim nəyi dəyişə bilər, onsuz da kimi istəsələr, onu da seçəcəklər”. Ya da tutaq ki, yaltaqlanmamaq, büdcədən oğurlamamaq  mədəni ölkələrdə adi həqiqətdir, amma biz bunu Azərbaycanın indiki reallığında ali həqiqət olaraq qəbul etməyə məcbur və məhkumuq. Hardasa 100 il əvvəl Ömər Faiq Nemanzadə yazırdı ki, “Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar”. 

Amma biz hələ də Ömər Faiqin dediyi kimi, ibrət almaq, öyrənmək yerinə, gəlişmiş xalqların təcrübəsini mübahisə mövzusuna çeviririk, tərəqqinin, yüksəlişin demokratiyadan, hüquq və azadlıqlara meydan verməkdən, mədəniyyət və bilgiyə söykənməkdən qeyri-alternativinin olmadığını bilə-bilə, görə-görə bəşəri dəyərlərə qarşı dirəşirik, “öz yolumuzun olmasından” bəhs edirik. Bu, çox dəhşətli, dözülməz bir mənzərədir və hansı peşənin daşıyıcısı olmadan hər bir vicdanlı vətəndaşa ancaq əzab verə bilər.

- Şairlər yazıçılardan fərqli olaraq daha çılğın olur. Yəni yazıçılar hadisəyə münasibətdə daha geniş çapda düşünür. Bəlkə, səndəki emosionallıq da bundan irəli gəlir?

- Özümü emasional adam hesab etmirəm. Baxmayaraq ki, razıyam: şeir – daha çox hisslərin ifadəsidir, şairlik daha çox emosiya sənətidir. Amma inan ki, heç vaxt hansısa tribunaya çıxıb uzun-uzadı alovlu nitq, ya da kükrəyərək şeir söyləyə bilmərəm. Tam səmimi deyirəm: kənardan emasional görünən hər hansı yazını belə, çox soyuq başla, maksimum məntiqli olmağa çalışaraq yazmağa çalışıram. Çalışıram, yazdığım hər bir cümlə ilə bağlı kimdəsə yaranacaq hər hansı suala verəcəyim cavab olsun, o sualın qarşısından “ürəyim belə istədi, mən də yazdım” deyərək mücərrəd, təyinatsız şəkildə qaçmayım. Sadəcə, bir yazar olaraq həmişə doğru bildiyimi, adamları deyil, hadisələri, fərdləri deyil, prinsipləri yazmağa çalışıram. Yazmağa başladımsa, filankəslə dostluq münasibətim, azərbaycanlılar demiş, duz-çörək kəsməyim, badə toqquşdurmağım, yerli yaxud qohum olmağım heç bir anlam daşımır. O anda ağlımın diqtə etdiyi, yanlış saydığım, doğru bildiyim nədirsə, onu yazıram. Yazarkən heç bir hesablamam yoxdur – hətta o həddə ki, işarə sayı da gözümə görünmür, köşə yazısı üçün müəyyənləşdirilmiş bəlli həcmdən həmişə kənara çıxıram. Demirəm ki, daim mən haqlıyam, qətiyyən! Bu cür düşünmək yekəbaşlıq olardı. Amma haqsız yazmamaq üçün də əlimdən gələni edirəm. Belədə hansı emasionallıqdan danışmaq olar?!

- Ümumilikdə, 2014-cü ili necə xarakerizə etmək olar...

- Şablon səslənəcək, amma heç şübhəsiz, itirilmiş, neft pulları kimi havaya sovrulmuş  illərdən biri oldu. Təqvim 2014-ü, mahiyyət isə 1937-ci ili göstərirdi. Elə ona görə də mən hamımızı yeni – 1938-ci il münasibəti ilə təbrik edirəm. Ötən il görünməmiş bir repressiya dalğası yaşadıq. Ölkədə son nəfəsliklərin də qapadılması istiqamətində iri addımlar atıldı. Açığı, əksər dostlarımızla müqayisədə yaxın gələcəklə bağlı çox ümidsizəm. Tezliklə müsbətə doğru nələrinsə dəyişəcəyinə inamım xeyli azdır, hətta bəlkə də, yoxdur. Baxmayaraq ki, bu pessimizmi həm də illərdir dəyişməyən bir nikbinlik müşaiyət edir: bəşəri dəyərlərin qələbəsi qaçılmazdır. Bu bizli də, bizsiz də mütləq baş verəcək!

- Amma Xədicə İsmayılın həbsindən sonra, görünür, sizin də gözünüz qorxub. Bu artıq yazılarınızdan da hiss olunur. Biriniz Ömər Faiq Neymanzadədən yazır, biriniz Elçibəydən, biriniz də Yeni ildən...Yəni sönüklük müşahidə olunur.

- Başqalarının yerinə danışmayım. Öz adımdan deyə bilərəm: 15 il əvvəl də, 10 il, 5 il əvvəl də bu ölkədə kim və nə haqda yazmağın bədəlinin necə ödənilə biləcəyini yaxşı başa düşmüşəm. Siyasi tabuların at oynatdığı dövrdə qorxmamışam və düşündüklərimi açıq şəkildə yazmışamsa, indi niyə qorxmalıyam? Yazdığım qəzetin baş redaktoru həbsdə ikən qorxmamışamsa, bu gün Xədicə xanım, yaxud bir başqa həmkarımın həbsdə olmasından niyə qorxmalıyam? Mən daha kəskin yazılar yazarkən, - tutaq ki, 6-7 il əvvəl, - bu gün hakimiyyətə qarşı həqiqətləri birbaşa, çılpaq yazmaq imkanları az, meydanı dar idi. Amma indi bir “facebook” statusu ilə istənilən təbliğat şousunu bir anın içərisində darmadağın etmək mümkündür. O vaxt üçün toxunulmaz sayılan adlar və mövzular indi çox adiləşib. İndi bunu hansısa bloq, yaxud sosial şəbəkə səhifəsi ilə istənilən aktivist edə bilər, edirlər də. Sadəcə, indi elə bir ağır situasiya, elə bir amansız vəziyyət yaranıb ki, hədəf eyni qalıb, ancaq məqsəd bir qədər kiçilib: şəxsən mən indi rejimin dəyişməsindən çox özümün dəyişməməyim uğrunda mübarizə aparıram! İndi həqiqətləri demək qədər yalana yuvarlanmamaq da önəmlidir. Qarşımızdakı gücün əlindəki nəhəng inhzibati aparata, maddi resurslara, gözqamaşdıran imtiyazlara dirəniş imkanlarının günbəgün azaldığı vaxtda artıq bunu bacarmaq belə, az iş deyil.

-Yormuram səni? 

- Qətiyyən, süz gəlsin...

- Bu arada Əli Əkbərin açıq məktubuna niyə cavab vermədin?

- Maraqlı deyildi, ona görə.

- Amma “həqiqətə yaxınlıq var” deyənlər də oldu...

- Həqiqətə yaxınlıq olmur. Həqiqət ya olur, ya da olmur.

- Bəlkə, cavab vermədin ki, təfərrüata varmasın...

- Bilirsən, o məktubda yazılanlara da, ümumiyyətlə, o cür düşünən hər kəsə də ancaq gülürəm. Belələri bu ölkədə hər addımda qarşıma çıxır, məsələn, bir də görürsən kimsə qayıdıb deyir: "Filankəs bəhmənkəsə işləyir, bəs sənə nə düşüb?!"  Lap tutaq ki, belədir, mənə nə?! Mən özümə cavabdehəm. Sabah mən də "kiməsə işləsəm", bundan bir başqasına nə? Bəyəm bu onun yalana, talana çanaq tutmasına bəraət qazandırır? Belə təfəkkürdə olanlar ideya yox, şəxsiyyət ölüsü olanlardır, həyatlarını dəyərlərə görə yox, fərdlərə görə yaşayanlardır. Məsələn, "İsa Qəmbər yaxşıdırsa, müsavatçılıq yaxşıdır, İsa Qəmbər pisdirsə, müsavatçılıq da pisdir". 

Bu cür təfəkkür neandertal təfəkkürüdür, mağara təfəkkürüdür. Axı mənə nə İsa Qəmbərdən, Əli Kərimlidən, yaxud bir qeyrisindən? Mən onların davasını aparmıram ki... Onların nə vaxt, harada, hansı səhvi etməsi mənim dünyagörüşümü, müdafiəçisi olduğum dəyərlərə münasibətimi müəyyənləşdirirsə, deməli, mənim bir quldan, kölədən heç bir fərqim yoxdur, azadlıq isə arxasında öz müti mahiyyətimi gizlətməyə çalışdığım quru sözdən başqa bir şey deyil...

“Müxalif düşərgəyə İsa Qəmbər qədər ağırlıq qoyacaq fiqur yetişməyibsə...”

- Ötən ilin siyasi gündəmində əsas mövzulardan biri də Müsavat Partiyasının qurultayı idi. Sən də bu partiyada təmsil olunursan və dəstəklədiyin namizəd də bəlli idi. Yəni Qubad İbadoğlunun tərəfində idin. O ərəfədə açıqlamaların da xeyli dartışıldı. Qubad bəy son açıqlamalarının birində alternativ variant kimi yeni partiyanın da yarana biləcəyini istisna etməyib. Bu isə Müsavatın parçalanması anlamına gəlir. Məsələn, Müsavat parçalansa, bu çevrədə daha çox canfəşanlıq edən Elnur Astanbəyli nə qazanacaq?

- Sualın özündə bir neçə yanlış qənaət var. Birinci yanlış qənaət odur ki, mən namizədlərdən hər hansı birinin tərəfində idim. Məsələ burasındadır, qurultaya deyəsən, iki-üç gün qalmış yazmışdım ki, mövcud namizədlərin heç biri sıravi müsavatçı olaraq mənim namizədim deyil, amma qurultay nümayəndəsi olsaydım və illah ki, iki şanslı namizədin birini seçmək məcburiyyəti qarşısında qalsaydım, Qubad İbadoğluna səs verərdim. Ümumiyyətlə isə, qurultaydan hələ aylar əvvəl “Yeni Müsavat”ın sorğusuna cavab olaraq İsa Qəmbərin yerinin doldurulmayacağını da demişdim. Bu ağrılı haldır və hətta biabırçılıqdır, amma nə etməli ki, reallıqdır. Hakimiyyətə gəlmək mümkün olmur – eybi yox, başa düşürük, amma Müsavatda partiya üzərinə və ümumiyyətlə müxalif düşərgəyə İsa Qəmbər qədər ağırlıq qoyacaq fiqur yetişməyibsə, yetişdirilməyibsə, bunu necə başa düşək?! İnanın, analoji situasiyada sabah AXCP-də də vəziyyət fərqli olmayacaq. Bu, ümummüxalifət problemidir. İkinci yanlış qənaət odur ki, mən Müsavatdaxili məsələlərdə kimin üçünsə canfəşanlıq etmişəm. Mən ölkə çapında seçkilərdə hansı demokratikliyi arzulamışamsa, Müsavatdaxili seçkidə də onu arzulamışam. Bilirsən, kütləyə bəzəkli-düzəkli açıqlamalar vermək olar, amma partiya mətbəxinə az-çox yaxın olan adamlara yalan danışmaq çox gülməlidir. Guya məsələn, İsa Qəmbərin kimə “stavka” etdiyi bəlli deyildi. Ayıbdı, vallah, ayıbdı. Keşkə qurultay öncəsi, ən son günədək mərkəzi qərargahdan qurultay nümayəndələrinə, hətta bir qurultay nümayəndəsinə bir-neçə dəfə edilən zənglərdə söylənilənləri ortaya qoymaq mümkün olsaydı! Bax ona görə mən qurultaya günlər qala Qubad İbadoğlu tərəfdarı olan dostum Hüseyn Məlikə qalibin bəlli olduğunu deyəndə, əsəbləşirdi ki, real vəziyyətdən xəbərdar deyiləm. İndi də eyni şeyi Arif Hacılının tərəfdarları deyir ki, partiya daxilində nə baş verdiyini bilmirsən. Çünki bunlar üçün partiya qərargahdan ibarətdir, ora yığışan PPX-dan - Pariya Patrul Xidmətindən ibarətdir. Qubad İbadoğlunun Müsavatdan ayrılıb partiya yaratmasına gəlincə, bu artıq onun öz qərarıdır. Mən Müsavatda qalmağın və fraksiya qurmağın tərəfdarıyam.

- Məncə, burada səmimi deyilsən...

- Belə düşünməkdə azadsan. Müsavatla bağlı arzularımı, narahatlıqlarımı, narazılıqlarımı heç vaxt hansısa fərd müəyyənləşdirmir. Bu, mənim əxlaqıma ziddir.

- Deyirsən ki, Pariya Patrul Xidməti... İndi deyirsən, partiyalar öz nizamnamələri ilə deyil, bizim istəklərimizlə idarə olunsun?

-  Yanılırsan, “Partiya Patrul Xidməti” ilə partiyanın nizamnamə ilə idarəçiliyinin heç bir əlaqəsi yoxdur. Bu haqqında danışdığım “PPX” – partiya liderləri ətrafında formalaşan mühafizə dəstələridir. Bunlar sorğulamırlar, bunlar sual vermirlər, bunlar bütün suallara liderdən cavab gözləyirlər, bunlara görə onların liderləri səhv edə bilməz, bunlara görə hər şeyin düzünü lider bilir, ən yaxşı kababı da lider çəkir, çaya ən yaxşı qənd salan da liderdir. Bir nümunə deyim. İllər əvvəl Müsavat beyqəfil Avropadakı hansısa liberal hərəkata qoşuldu. Həmin qərarın o sürətlə hansı şəraitdə verildiyini xatırlayırsanmı? Mən gözləyirdim, mühafizəkar əhval-ruhiyyənin hegemon olduğu partiya daxilində belə bir qərarın qəbulu dərin çatlar, ən azı fikir toqquşmaları, mübahisələr, müzakirələr yaratsın, olmadı. Sonra anladım ki, ola da bilməzdi, çünki lider belə istəmişdi.

- Bəs sən niyə susdun?

-  Susmadım, elə indi yazdıqlarımı onda da yazdım. Yekəxanalıq çıxmasın, Müsavatla bağlı hər hansı önəmli mövzuda susduğum ağlıma gəlmir. Bir dəfə də olsun, partiyaiçi çoxluğun dəstəyini görməmişəm.

-  "Oktyabra məktublar"ın təqdimatında da ayrı-seçkilik hiss olundu...

- Hansı ayrı-seçkilik?

- Qubad bəylə Vurğun bəy təqdimata çağırıldı, amma digər tərəfdən kimsə görünmədi.

- Nəyi nəzərdə tutursan, bilmirəm, amma İsa Qəmbəri dəvət etmişdim, o da dəvətə görə təşəkkür edib gəlməmişdi.

““Azad insan necə olur” sualına gəlincə...”

- Çevrəniz tez-tez insanların daxili azadlığından danışır. Hətta ad da çəkirsiniz ki, bizi filankəslər tənqid edə bilər, çünki onlar azad adamlardır. Azad adam necə olur?

- Vallah, mən xatırlamıram ki, nə vaxtsa yazım məni filankəs tənqid edə bilər, filankəs yox. Yazmışamsa, böyük qələt eləmişəm, üzr istəyirəm. Mən bunu necə yaza bilərəm ki, hamının hamını rahatca tənqid edə biləcəyi, özgürcə yaşadığı, heç kimin və heç nəyin tabu kimi qəbul olunmadığı ölkə arzusundayam?! Gəl açıq danışaq: tənqidi heç kim sevmir, hamının arzusudur ki, haqqında tərif eşitsin, amma fərd olaraq da, toplum olaraq da tənqidə dözümlü olmadan tərəqqiyə, uğura iddia etmək gülüncdür. “Azad insan necə olur” sualına gəlincə, buna birmənalı cavab vermək çətindir. Əgər bir cümlə ilə cavab vermək mümkün olsa, deyərdim: bəşəri düşünə bilən insanı azad hesab edirəm.

“Azərbaycan kimi ölkələrdə iqtidar-müxalifət anlayışı uydurmadır”

- Hakimiyyəti dəstəkləyən adam bəşəri düşünə bilməz? Yoxsa, azad adam ancaq müxalifətdə olmalıdır?..

-  Əvvəla, Azərbaycan kimi ölkələrdə iqtidar-müxalifət anlayışı uydurmadır. Seçki yoxdursa, hansı siyasi mübarizədən, siyasi mübarizə yoxdursa, hansı iqtidardan və ya müxalifətdən danışmaq olar? Bizdə indi yalnız güclülər və haqlılar var. Güclüdən yana olanlar necə azad ola bilərlər? Düşüncələrini və davranışlarını güclünün səxavətinə hesablayanların, haqdan deyil, gücdən mədət umanların, xoşbəxtliyi güclünün kölgəsində axtaranların, bir sözlə, maddiyyat naminə mənəvi olan hər şeyi asanlıqla rədd edənlərin azad olması mümkündürmü?

“Mirzə Səfərlə Həsən ağanın qohumunun dialoqu istənilən "dialoq-dialoq oyunu"ndan çox yuxarıda dayanır”

- Əvvəllər deyirdiniz ki, hakimiyyət müxalifətlə dialoqa gəlmir. Amma baş tutan dialoqu Mirzə Səfərlə Həsənağanın qohumunun dialoqu ilə müqayisədə belə aşağıladın...

- Mən harda demişəm və yazmışam ki, hakimiyyət müxalifətlə dialoqa gəlməlidir?! Əksinə, bu cür çağırışlar, təşəbbüslər məndə həmişə ikrah və ironiya doğurub. Ölkədə edilməli olan şeylər bəllidir: hüquq işləməlidir, azadlıqlar tanınmalıdır, xalqın iradəsinə sayğı duyulmalıdır. Bunlar olmadıqdan sonra nə dialoq-zad? Mirzə Səfərlə Həsən ağanın qohumunun dialoqu isə Azərbaycan kimi ölkədə istənilən "dialoq-dialoq oyunu"ndan çox yuxarıda dayanır. Belə müqayisəyə görə minnətləri olsun.

- Yazıçının vətəndaş mövqeyinə gələk. Bu gün bir çox yazarlar hakimiyyətə yaxın media orqanlarda çalışırlar. Onları isə ən çox qınayanlardan biri kimi iddia edirsən ki, susurlar, mövqe sərgiləmirlər... Və yaxud bu hallar əkinə olur. Uzağa getməyək, biri elə dəstəklədiyin Əkrəm Əylisli. Deputat olanda başqa adam idi, indi tamam başqa bir adam. Sabah özün belə bir seçim qarşısında qalsan...

- Tam əminliklə deyirəm: heç vaxt belə bir seçim qarşısında qalmayacağam! Buna adım kimi əminəm. Adım kimi əmin olduğum məsələ ilə bağlı isə ehtimallar üzərindən cavab vermək doğru olmaz. Mənim üç övladım var:  qızım, oğlum və vicdanım! Onların hər hansı birini itirməkdən böyük faciə olmazdı.

- "İlk dəfə görüşdüyünüz yerdə" tikilən göydələni də sökürlər, yerdələn tikirlər, gözün aydın...

- Nə tikirlər,  - göydələnmi, yerdələnmi bilmirəm, onu bilirəm hamısını köndələn tikirlər.

- Elnur, bəlkə, şeiri buraxıb nəsrə keçəsən...

- Nəsr üçün həyat və insan materialı bol olmalıdır, baxmayaraq ki, biz hadisələrlə zəngin ölkədə yaşayırıq, ətrafımız ədəbiyyat qaynayır, amma bunun ciddi nəsr əsərlərinin yaranması üçün yetərli olduğuna inanmıram. Nəsr çox oxumaq və çox oturmaq qədər çox gəzməyi, çox görməyi tələb edir. Amma bizim coğrafi olaraq da, maddi olaraq da belə imkanlarımız nə qədərdir? Odur ki, nəsrə keçmək sözdə deyildiyi qədər asan görünmür mənə. Amma, şübhəsiz, gələcəyi proqnozlaşdırmaq mümkün deyil və gələcəyin ən böyük özəlliyi də, gözəlliyi də elə budur.

Şəmşad AĞA

Arqument.Az