Öyrəşdirdim

Öyrəşdirdim

13-04-2023 23:48 / Bu xəbər 2168 dəfə oxundu

Arqument.az şair Əvəz Qurbanlının yeni qəzəlini təqdim edir: 

Nəfsimi çox da iki öynəyə öyrəşdirdim,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim...

Bu yara day məni qoymaz səni yaddan çıxaram,
Qoparıb qaysağını göynəyə öyrəşdirdim.

Ürəyim buz kimi qalmaz bu soyuqluqlarda
Canımı çillə günü köynəyə öyrəşdirdim.

Üzülüb, xəstə canım, iynə gözündən keçdin,
Ara yerdə səni də iynəyə öyrəşdirdim.

Mənə dövran nə yedizdirdisə, uddum getdi
Səbrimi "eybi yox"a, "neynəy"ə öyrəşdirdim...

Boş yerə el deməyibmiş buna "öyrənmiş can",
Vallah, öyrəşdi elə hey, nəyə öyrəşdirdim.

Bilmirəm, saqqızımı harda oğurlatdım, Əvəz,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim.