Zeynəbin məhrəmi

Zeynəbin məhrəmi

23-02-2023 13:32 / Bu xəbər 1450 dəfə oxundu

Almaz Həsənzadə

İsti yay günlərini xalalarımla tez-tez görüşərdik. Nənəm əməyi ilə cənnətə döndərdiyi həyətdə taxtabanın üzərinə nimdaş döşəklər salıb bacılarını qarşılayardı. Həyətin bostan hissəsini Zaqatalanın rəmzi qızıl gülləri ayırırdı. Sıx əkilmiş, şəlmələnmiş qızılıgüllərin üstündə özünün də dediyi kimi əsə-əsə durardı. 

Anam və xalalarım sufi tərbiyəsi ilə böyümüşdülər. Enli paltarlarının yaxası kənara getsə, qızarıb-pörtərdilər. İki əlli yaxalarını düzəldər, öz övladlarından belə dönə-dönə üzr istəyərdilər. Hələ dodaqaltı dedikləri "əstağfirullah”ların sayı-hesabı olmazdı.

Xalam taxtabana yayxanaraq samovar çayı içirdi. Nazik incə yaylığının uclarını çiyninə ataraq aram-aram söhbət edirdi. Söhbət dönüb dolaşıb Zeynəb xanıma gəldi. Zeynəb xanım hündür boylu, əndamlı biriydi. Yaşının altmışı keçməsinə baxmayaraq qaməti o qədər şux idi ki, həmişə fikirləşərdim qadın belində şaquli vəziyyətdə oxlov gəzdirir. 

Qadın sanki gəzməklə bərabər həm də oxlovun düşməməsinə çalışırdı. Sifəti iri, almacıq sümükləri qabarıq idi. Ala gözlərinin işıltısı gənc qızlarınkına "dərd" deyərdi. Ştapel parçadan geyindiyi enli, uzun donlar geyinsə də, ədamının cazibəsi hiss olunardı. 

Zeynəb də sufi mənsəbinə məxsus idi. Tez-tez kasıblara, sədəqə verər, ağzından zikr düşməzdi. Elə bu səbəbdən büstqalter belə taxmazdı. Büstqalterin kafir icadı və haram olduğunu deyirdi. Elə yaxşı ki deyirdi, yoxsa enli donun altında qovun kimi iri dimdik duran döşlərini gizlədəcəkdi. Bəzən donun altından diklənmiş döşünün gilələri o qədər aydın bilinərdi ki, qadın kəlağayını sinəsinin üstünə atardı. Xalam Zeynəbin hər gecə zikr etməkdən "iman nuru”nun üzünə vurduğunu danışardı: 

- Eh ay bacı, hardadır bizdə o iman?..
Pıçıltı ilə davam edərdi: 
- Zeynəb gecələr ərinə özünü döydürür də. İmanın, itaətin gücünə bax. Hətta zoğal çubuğunu, at qırmancını da özü gətirib ərinə verir. Çünki əri illərdir ki, yataqdadır, gəzə bilmir. 
Xalam anamın qulağına:
- Soyunub uzanır ki, döysün.

Çayı qurtumlayan xalamın yanaqları qızardı. Bu soyunma məsələsinin tez üstündən keçdi. Çünki bu, Zeynəbin məhrəmi idi, onu yaymaq olmazdı. Zeynəb də bunları xalama danışıb necə səbrlə dözdüyünü demişdi. 

Əlimdə oxumağa davam etdiyim kitabı özümlə götürmüşdüm. Amerikalı psixoanalitik Paul Conni Dessin "Seksin İncili” əsəri idi. 

Çay içə-içə oxuduqlarım və eşitdiklərim haqqında düşünürdüm...