""Ziraat Bank" tənqiddən nəticə çıxartdı" - Ekspert
19-02-2016 16:04 / Bu xəbər 1446 dəfə oxundu
"Ziraat Bank" tənqiddən nəticə çıxartdı, hesabatını dərc etdi!".
Arqument.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov feysbuk profilində "Banklarımızın etibarlılıq reytinqi" adlı yazısına münasibət bildirirərkən yazıb.
O daha sonra bildirib: "Ziraat Bank"dan mənə müraciət edib bildiriblər ki, fevralın 15-də "Banklarımızın etibarlılıq reytinqi" adlı statusuma reaksiya olaraq bankın saytında http://www.ziraatbank.az/bankimiz/financial-reports-az) rüblük hesabatlarını dərc ediblər.
IV rübün hesabatından, görünür ki, bank ötən ili təxmini 3,5 mln manat xalis mənfəətlə bitirib. Bu isə o deməkdir ki, tərtib etdiyim təsnifata əsasən Ziraat Bankın yeri I qrupda (hesabatlarını mütəmadi gizlədən ən etibarsız banklar) deyil, IV qrupdadır (hesabatını dərc edən və kapital tələblərini pozmayan ən etibarlı banklar).
Sözün düzü, qardaş Türkiyənin iki bankını (Ziraat Bank və YapiKrediBank) I qrupa daxil etmək mənim üçün heç də xoş deyildi. Hər halda bu banklar Rusiya bankları olan VTB-nin və Nikoylun tayı deyil axı. Lakin vəkil olaraq mənim üçün hər şeydən ali ədalət və obyektivlikdir. Fakt bundan ibarət idi ki, Ziraat Bank hesabatlarını dərc etmirdi. Çox şadam ki, yazımdan sonra dərc etdi. Eyni addımı digər banklardan da gözləyirəm. Tənqiddən nəticə çıxarmaq hər kəsə yalnız başıucalıq gətirir!".
Qeyd edək ki, ekspertin həmin yazısı - "Etibarsız bankların adı açıqlandı: "Özünüzdən və pulunuzdan muğayat olun!" Arqument.Az saytında da dərc olunub.
Arqument.az












