Zirvəyə gedən yol
13-08-2021 13:29 / Bu xəbər 2267 dəfə oxundu
(Esse)
Dağlar haqqında düşünürəm. Dağlar Allahla insan arasında ünsiyyətin rəmzidir. Dağlar ucalıqdır, vüqardır. Bəlkə də, buna görə şairlərimizin ilham mənbəyidir. Mən də dağlar qoynunda yerləşən mənzərəli bir kənddə anadan olmuşam. Dağ havası ilə böyümüşəm, dağ ucalığı ilə qürurlanmışam. Yaşa dolduqca dağlar diqqətimi cəlb etmiş, nə vaxtsa dağ yolu ilə o yüksəkliyə qalxacağımı düşünmüşəm...
Bilirsiniz necə?
Evimizin dağlara baxan kiçik pəncərəsindən əllərimi çənəmə dirsəkləyib dağlara gedən yollara baxardım. Dağ yolu ilə addımlayıb o uca zirvələrə doğru gedən yollara boylanardım. Dağ yolu ilə addımlayıb o uca zirvələrə doğru gedən adamlara baxıb köks ötürərdim. Qoyun-quzunu haylayıb aparan, naxırı qabağına qatıb haraylayan, oduna, çırpıya gedən insanları seyr etdikcə ürəyimdən onlara qoşulub dağlara getmək keçərdi...
Uşaq ağlımla düşünərdim: dağlar çox yaxındı mənə. Əlimi uzatsam, çatar. Bu ağılla bir gün anamdan, atamdan xəlvət səhər tezdən evdən çıxdım. Heybəmə bir az pendir, su, bir tikə də çörək qoymuşdum. Elə çıxdım ki,heç kəs məni görməsin. Yoxsa qoymayacaqdılar. Mən isə o yüksəkliyə qalxmaq hissi ilə çırpınırdım.
Bu arzu ilə evdən çıxıb yola düzəldim. Bir az getmişdim ki, naxırçı qarşıma çıxdı:
- Bala, hara gedirsən? - deyə səsləndi. Qoyunları otaracağam dedim və bu yalanıma öz də güldüm. Artıq hava get-gedə açılırdı. Quşlar uçuşur,günəşin şəfəqləri yola işıq saçır, mən əyir-üyrü torpaq yolla irəliləyirdim. Hər dəfə əllərimi irəli uzadır, dağlara çatmağıma lap az qalıb deyə düşünürdüm. Xeyli getdim. Artıq yorulmuşdum. Heybəmi açıb yolun kənarındakı iri daşın üstündə oturdum. Bir dilim pendiri bir tikə çörəyin üstünə qoyub dişlədim. Ləzzətlə yedim. Sonra yenə yol başladım. Ancaq yol qurtarmaq bilmirdi. Gün günortadan keçmişdi və mən bərk yorulmuşdum. Artıq əmin olmuşdum ki, bu yol qurtaran deyil. Mən hələ dağın ətəklərinə çata bilməmişəm. Yəqin ki, zirvəsinə heç çata bilməyəcəm...
Mənə elə gəldi ki, hələ o zirvələr üçün çox kiçiyəm. Hələ çox işlər görməliyəm. Mən artıq dərk edirdim ki, o ucalığı fəth etmək heç də asan deyil. Bu fikirlərlə kor-peşman evə döndüm. Dağlar arxada qalmışdı. Qapıya çatanda valideynlərimi təlaş içində gördüm. Onlar icazəsiz getdiyim üçün məni yaxşıca tənbeh etdilər. Mən isə sadəcə, susurdum. Dağlara dönmək, zirvəni fəth etməyi düşünürdüm. Mən inanırdım. İnanırdım ki, bir gün o zirvələrə çıxacağam. Əlimi dağların başına dolanan o göy buludlara toxunduracağam. Bu heç də asan olmayacaq, amma bacaracağam...
Buna mənim gücüm çatacaq. Axı mən azad insanam. Axı mən müstəqil bir ölkənin vətəndaşıyam. Bu gün kiçiyəm, amma sabah böyük olacağam. İndi isə dağlara baxıb düşünürəm: mən də uca olacağam. Bəlkə də, bir gün xəyalını qurub həsrətində olduğum o dağlardan belə uca olacağam...
Nə az, nə çox 18 yaşıma kimi bu xəyalla, bu arzuyla yaşadım. Bu xəyalımı bir körpə kimi ürəyimdə ən böyük sevgimlə bəslədim. Nəhayət, bu arzuma çatmaq üçün ilk əmin addımımı atmaq məqamı yetişdi. Sabahın hələ yarıqaranlıq vaxtında yuxulu kimsə yox idi bizdə. Axşamdan qonaq gələn qohumlar belə ata-anamla birgə erkəndən oyanmışdılar. Hər kəs qəribə bir təlaşda, qarışıq bir duyğular ağuşunda idi. Nə qədər gizləməyə çalışsalar da, üzlərindən, gözlərindən aşkarca oxunurdu nigaranlıqları... Hamının səfərbər olmasının, narahatlığının tək səbəbi mən idim. Çünki bu gün mən çörəyi, suyu, dağ havası ilə böyümüş olduğum Vətənə olan övladlıq borcumu ödəmək üçün yola düşürdüm...
Qarabağa ilk addım atdığım andan ruhuma qəribə bir dinclik gəldi. Sanki illərin yorğunluğunu atmış kimi hiss etdim özümü. Mənimlə birgə ürəyində düşmənə nifrəti dağlardan ağır olan igid qardaşlarımı gördükcə isə ürəyim sinəmə sığmırdı - qürurdan, fəxrdən,sevincdən. Çünki fəxr etməmək əldə deyildi...
Şuşaya yetişdik. İgidlərimiz sanki aslana dönmüşdülər Heç birinin gözündə bir damla olsa da qorxu yox idi. Tam əksinə,hər biri səbrsizliklə durmadan irəli getmək istəyirdi. Aramızda subaylarla birgə ailə-uşağını,yaşlı ata-anasını, övladını qoyub Vətənin keşiyində durmağa gələnlər də çox idi. Vətən sevgimiz hər şeydən üstün olan, ağır olanlar bir arada idik...
Tapşırıq gəldi, gecə hücumu üçün hazırlığa başladıq. Bu gecə Şuşa bizim olacaqdı. Bundan heç birimizin zərrə qədər şübhəmiz yox idi. Hər birimiz səbrsizliklə gecəni gözləyirdik. Artıq məqam yetişmişdi. Şuşa hündürdə yerləşir. Məlumdur ki, aşağıdan ora qalxmaq, həm də döyüşə-döyüşə, düşməni məhv edə-edə irəliləmək asan deyildi. Amma çıxdığımız bu yolda geri dönüş yox idi, ancaq irəli.
Soyuq, qaranlıq, yağış kimi başımıza səpələnən güllələr bizi qorxutmur,yolumuzdan döndərmir, əksinə daha da qətiyyətli, qərarlı, məqsədli edirdi. Tək məqsədimiz vardı ki, Şuşamızı azad edək!
Yaralılarımız yoldaşlarına mane olmamaq üçün onları qoyub getməyi təklif etsə də, igidlərimiz nə yaralı yoldaşlarını, nə şəhidlərimizi qoyub gedir, onları kürəyində özlərilə birgə daşıyırdı. Durmadan irəlilədik və Şuşamızı azad etdik. Çəkdiyimiz bütün əziyyət, çətinliklərə dəydi. Üçrəngli nazlı bayrağımızı illərin həsrətinə qanımız, canımızla son qoyduğumuz Şuşamızın ən yüksək təpəsinə sancmaq mənə həvalə edildi. Sevincimin həddi-hüdudu yox idi. Bu şərəfli işin öhdəsindən gəlməyə çalışırdım. Bayrağı sancıb üzümü dostlarıma sarı dönmək istəyirdim ki, kürəyimdə güclü bir yanğı hiss etdim. Düşmən adəti üzrə arxadan vurmuşdu məni. Od kimi nəsə qəribə sancı yayıldı bütün bədənimə. Gözlərimdən qeyri-ixtiyari yaş axdı. Yerə yıxıldım. Gözlərim qaraldı. Anidən bir neçə saniyə içində kəndimiz, ailəm, əzizlərim, başı dumanlı dağlarımız, qarlı zirvələrimiz film kimi keçdi gözlərimin önündən. Yoldaşlarımın səsi cingildədi qulaqlarımda:
- Daşdəmirov... Daşdəmirov, özünə gəl, gözlərini aç, yuxulama...
- Daşdəmirov vuruldu...
Hər kəs bir təlaş içində həyəcanla mənimçün nəsə etməyə çalışırdı. Mən isə çox rahat idim.Yavaş-yavaş bədənim soyuyur, bu mənzərəni, yerə sərilmiş bədənimi kənardan izləyirdim.
Bəli, ruhum göylərə doğru ucalır, getdikcə yüksəlir, uzaqlaşır, dünyaya səmalardan tamaşa edirdim. O qədər sevincli idim ki... Çünki bacarmışdıq...
Sizə demişdim axı, bir gün ucalacağıma, o zirvələrin dumanına, dağlarımızın başını qucaqlamış buludlara toxuna biləcəyimə inanıram. Yanılmamışdım. İndi mən o dağlardan da uca zirvələrdəyəm. Mən vətənimi indi də səmalarda qoruyuram. Ruhum daim keşiyindədir bu vətənin, bu elin, o başı qarlı dağların...
Mən indi ən ucalardayam! Mən Vətən üçün Qarabağ savaşında canından keçmiş üç min şəhiddən biriyəm! Bu Vətən əsla basılmaz! Bu Vətən bir də həsrət, ayrılıq acısı çəkməz, çünki biz bir ölüb min dirilənlərik! Çünki biz ölümlərilə ölümsüzlük qazananlarıq! Çünki bu Vətən bizim kimi zirvələrin ən ucası olan Şəhidlik zirvəsini fəth edənlərindir.
Günel İbrahimova
Orta məktəb müəllimi