Üzü sənə dayanmışam, İlahi…
11-05-2022 18:13 / Bu xəbər 6794 dəfə oxundu
Arqument.az gənc yazar Xəyalə Sevilin yeni şeirlərini təqdim edir:
Üzü sənə dayanmışam, İlahi,
Əllərini ver tutum...
Bu təklik də ürəyimdə
Adam kimi yer tutur.
Mən hər gecə yastığıma
Dağıtdığım
Fikrim, qayğım nə varsa
Gözlərimə toplayıram.
Baxışlarım çaparsa,
Tanrı duyar,
Tanrı alar məktubumu...
Yanağıma dalğa dəyir,
İçim dəniz.
Yıxılmışam, İlahi,
Elə bilmə
Mən dincimi alıram...
Ən uzaq, ən gözəl xatirələrdən
Sevincimi alıram.
Asaram özümü göyün üzündən…
Buludların ac it kimi
Elə hürür ki, üstümə, ilahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.
Ömrüm il - il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.
Səni harda başladım?
Səni harda başladım?
Harda bitirdim səni?
Çıxdım ürəyimin qapısınacan,
Ötürdüm səni.
Yolun yaxın olmasın.
Nə doğmamsan, nə yadım,
Əllərini üz, dedin,
Ümidini kəs, dedin,
Kəsdim,
Yeddi qapıya payladım.
Azın, çoxun qalmasın.
Ruh deyilsən, can deyilsən,
Həvəssən, bədəndən çıxdın.
Elə də sevmədim səni.
Ürəyimin zirvəsinə
Hərdən çıxdın...
Eh! Mənim də gizli-gizli
Darıxmağım olmasın.
Ora - döyüş meydanı!
Ora - döyüş meydanı!
Qanadlanıb uçurlar
Havadakı mərmilər.
Bütün rənglər qan qırmızı...
Analar qızıl payızı
Yanağına sərdilər...
Yenicədoğulmuş,
Sütül bir güllə
Çiçəklədi sinəsinin başında.
Torpağa can verib öldü,
Əsgər haqq savaşında.
Vətən sağ olsun! - dedi,
Oldu, Vətən sağ oldu...
Şəhidlərin can verdiyi torpaqlar
Böyüdü, böyüdü
QARABAĞ oldu!
Onda nənəm sağıydı
Onda nənəm sağıydı.
Ev də belə deyildi,
İkicə otağıydı,
Yan-yörəsi bağıydı.
Bu qocalmış ağacın
Sərinliyi yayıydı,
Alma, armud, albalı..
Ən dəyərli payıydı.
Onda nənəm sağıydı.
Qonşunun kürəsində
Bişirdiyi çörəyin
Biri xırda kökəydi-
Yağı-balı yerində:
" Yenə arıqlamısan".
(Canım bircə tikəydi)
Onda nənəm sağıydı,
Dayanmırdı bir yerdə,
Nənəm çox qoçağıydı.
İndi çörək qoxusudu,
İndi meyvə tamıdı.
Xatirəmin keçmişində
Bir xoş nəvazişdi nənəm.
Gözlərimdə miras qoyub həsrətini
Bu dünyadan köçdü nənəm.
Nənəm onda sağıydı...