8 günün əsgəri öldü

8 günün əsgəri öldü

07-08-2017 19:40 / Bu xəbər 310 dəfə oxundu

Ata komissarlıqla hospital həkimlərini günahlandırır

Mərkəzi Hərbi Klinik Hospitalda koma vəziyyətində yatan 8 günün əsgəri Nicat İlyasov ölüb. 

Xəbəri Meydan TV-yə əsgərin atası Bayram İlyasov verib. Əsgərin yaxınları hazırda hospitalın qarşısında onun nəşini almaq üçün gözləyirlər.

Nicat İlyasov iyulun 22-də Yevlax rayon Hərbi Komissarlığının göstərişi ilə Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanmışdı. Atası oğlunun şiddətli baş ağrıları ilə xidmətə yola saldığını deyir. O bildirir ki, Gəncə şəhər Hərbi Komissarlığında oğluna sinəsində batıq olduğunu desələr də, arayış veriləndə sağlamlığında problem olmadığı vurğulanıb.

Nicat İlyasovun ağrıları Naxçıvanda da davam edib. O, iyulun 28-də atasına zəng vuraraq "təcili əməliyyat olunmalıyam” - deyib.

"Dedi ki, ata, məni hospital aparmışdılar. Orada məni yoxladılar. Hospitalın həkimi dedi ki, səndə ürək-damar tutulması, ürək qapaqlarında problem var. Sən təcili əməliyyat olunmalısan. Dedim ki, sən nə danışırsan? İndi hardasan sən? Dedi ki, indi bizi Qıvraq kəndinə aparırlar. Soruşdum ki, bəs səni yatızdırmadılar, sənə sənəd vermədilər? Dedi ki, yox”.

İyulun 29-da Nicat İlyasovun vəziyyəti pisləşib, onu Bakıya Mərkəzi Hərbi Klinik Hospitala göndəriblər.

Bayram İlyasovun fikrincə, oğlunun komaya düşməsi Yevlax rayon Hərbi Komissarlığının və Naxçıvan Hərbi Hospitalının həkimlərinin günahıdır. O, bu şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Həftəsonu olduğundan adıçəkilən orqanlardan münasibət öyrənmək mümkün olmayıb.