Azərbaycan məmurlarının və deputatlarının övladlarının qaranlıq biznesi - Şok detallar

Azərbaycan məmurlarının və deputatlarının övladlarının qaranlıq biznesi - Şok detallar

28-12-2015 21:48 / Bu xəbər 5312 dəfə oxundu

Qaynar.info Azərbaycanın bir sıra məmurlarının və deputatlarının biznes fəaliyyətini araşdırıb. Araşdırma nəticəsində ortaya kifayət qədər maraqlı və müəmmalı məqamlar çıxıb. İndi həmin araşdırmanın birinci hissəsini təqdim edirik:

Baş nazirin müavini İsmət Abbasovun Britaniyada yaşayan oğlu Yunus Abbasov orada "Y.A.Propety Investments Limited” şirkətini yaradıb. Şirkətin fəaliyyəti o qədər uğurlu olub ki, İ. Abbasovun oğlu qısa vaxtda Londonda çoxmilyonluq mülklərə sahiblənib.  

Fövqəladə рallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov "United Enterprises International” şirkətlər qrupunun prezidentidir. Bu holdinqə onlarla müəssisə daxildir. Həmin müəssisələr əsdasən qida, tikinti, turizm və digər sektorlarda fəaliyyət göstərirlər.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi "Garant Holdinq” də öz tərkibində onlarşa şirkəti birləşdirir. Bu sıraya "Garant Sığorta" ASC, "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "English Yard" MMC, "Quba Olimpiya Kompleksi" MMC, "Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M.Trans" MMC, "Delfin" MMC, "Goranboy Gips" ASC, "Garant Media” Holdinq və s. daxildir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da biznes fəaliyyəti ilə məşğuldur. O, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" şirkətlər qrupunun İdarə Heyətinin sədridir.

"Gastronomy-1", "Gastronomy-2" və "Gastronomy-3" mağazaları, "Beluga", "Salvador Dali", "Lord", "VİP", "Velluto" və "Crystal Shikhovo" kimi dəbdəbəli restoranlar şəbəkəsini özündə birləşdirən adıçəkilən holdinqə həm də Azərbaycanda "Range Rover", "Yaguar", "Maseratti" avtomobillərinin və "Dicati" motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti daxildir.

Bir müddət əvvəl araşdırmaçı jurnalist Aynur İmranova Eldar Mahmudov və onun oğlu Anarın ölkədən xaricdə fəaliyyət göstərən şirkətlərinin sənədlərini ortaya çıxarıb. Həmin şirkətlər Türkiyə, Lüksemburqda, İspaniyada, xüsusən bu ölkənin Palma, Belares adasında fəaliyyət göstərir. Palma de Malyorka adasındakı "Son Sana Portals", "Dato Capitals" şirkətləri Anar Mahmudova məxsusdur.

Artıq ləğv edilmiş Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da ciddi biznesə malik olub. Ona məxsus "Sail Trading Denizçilik ve Ticaret Limited” şirkəti Rusiyada və Türkiyədə fəaliyyət göstərir. Şirkət ən azı12 yük və sərnişin daşıyan gəmiyə sahibdir ki, həmin gəmilərin qiyməti də 5-15 milyon dollar arasındadır. Gəmilərin hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə sözügedən şirkətdəki gəmilərə İlqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb. Bu vəsaitin mənbəyi naməlumdur. Yalnız o bəllidir ki, İ. Bəşirov öz biznes şəbəkəsini adı vəzifədə olduğu müddətdəbir qayda olaraq, korrupsiya əməliyyatlarında hallanan atasının XDGİ-yə rəhbərliyi dövründə qurub və genişləndirib.

Deputat Ağalar Vəliyevin oğlu da şirkət sahibidir. Belə ki, Vəliyevin rəhbəri olduğu "Azəraqrartikinti” ASC-nin qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93  ünvanında daha iki şirkət qeydiyyatdadı. Bunlardan biri məhz Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis" MMC, ikincisi qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat" MMC-dir.

P. Vəliyevin şirkətinin nizamnamə kapitalı cəmi 10 manatdır. 

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da iri biznesə malikdir. Belə ki, ailənin yeganə övladı olan A. Rəhimov 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib, sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, nazir oğlu 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. 

Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. 

Sabiq deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribov da bizneslə məşğuldur. Onun rəhbəri olduğu şirkətin adı son olaraq "Beynəlxalq Bank işi"ndə hallanıb. Mətbuatda yayılan məlumata görə, Zöhrab Qəribov Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürərək ölkədən qaçan Xaqani Bəşirovla ortaq fəaliyyəti olub. 

Belə ki, Xaqani Bəşirova məxsus olduğu iddia edilən "Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından "Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, "Siqma Layn” MMC-i Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarmayıb.

Xatırladaq ki, F. Qəribov bu ilki parlament seçkisində Milli Məclisdən kənarda saxlanılıb. İddia edilir ki, buna səbəb onun ailə biznesindəki qaranlıq tərəflər, özəlliklə oğlunun adının "Beynəlxalq Bank işi”nə qarışmasıdır.  

Arqument.Az