Gömrük Hospitalında hansı generalın qohumları üçün xüsusi şöbə olub?

Gömrük Hospitalında hansı generalın qohumları üçün xüsusi şöbə olub?

13-03-2019 15:12 / Bu xəbər 1678 dəfə oxundu

Aptekdə 1000 manatlıq satışın cəmi 20-30 manatı rəsmiləşdirilirmiş...

Azərbaycana "pampers” qaimələrilə dərmanlar gətirib, onları gömrük baxışından keçirmədən, Səhiyyə Nazirliyində qeydiyyata aldırmadan apteklərdə satışında, Mərkəzi Gömrük Hospitalında istifadəsində təqsirləndirilən 8 nəfərin məhkəməsi davam edir. 

Bunlar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, onun müavini Fərman Məmmədli, Gömrük Hospitalının proqramçısı, Türkiyə vətəndaşı Ateş Atanur, Cəmil Mehtiyev, hava limanında işləyən gömrük əməkdaşları Əlamət Quliyev və Elnur Məmmədov, "Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov və Vasif Xıdırovdur. 

Gömrük əməkdaşlarına səhlənkarlıq, digərlərinə isə qaçaqmalçılıq, dərman vasitələrinin qanunsuz dövriyyəsi ittihamları irəli sürülüb. Təqsirləndirilən general və müavini həm də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Mənimsəmə ittihamı Mərkəzi Gömrük Hospitalıyla bağlıdır. Oranın fəaliyyətinə də faktiki F.Qədiməliyev rəhbərlik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmədə hospitalın girişindəki aptekdə işləyən Sevinc Qurbanova şahid qismində ifadə verib. Bildirib ki, aptekdə gün ərzində təxminən 1000 manatlıq mal satılır, bunun cəmi 20-30 manatı rəsmiləşdirilirdi. Onun sözlərinə görə, rəhbərlik belə göstəriş vermişdi.

Gömrük Hospitalının xəstə xidmətləri şöbəsinin rəhbəri Gülşən İmanova bildirib ki, işi hospitala gələn xəstələr haqqında ümumi məsələlər və maliyyə xidmətlərinə nəzarət etmək olub. O, dindirilərkən təqsirləndirilən Fərman Məmmədli ondan hospitalda ayrıca "Fikrət Qədiməliyev şöbəsi” olub-olmadığını soruşub. Şahid belə bir şöbənin olduğunu təsdiqləyib. Daha sonra F.Məmmədli bu haqda ətraflı danışaraq deyib ki, hospitalda general Qədiməliyevin qohumları, dost-tanışı üçün müayinə və müalicə, dərmanlar pulsuz idi: "Proqram sistemində müxtəlif şöbələr vardı. Şöbələrdən biri də "Fikrət Qədiməliyev şöbəsi” idi. Onun qohum-əqrəbası hospitala gələndə adları o proqrama yazılırdı. Çünki onlar üçün pulsuz idi”.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini işləmiş Azər Mustafayev şahid qismində dindirilərkən vəkillər onun nəzərinə çatdırıb ki, ittihamda 188 qaimə üzrə 6 milyon yarımlıq dərmanların gömrük baxışından keçirilmədən hospitala gətirilməsindən bəhs olunur. Həm də qaimələrdə "pampers” gətirildiyi yazılıb, qutuların içində isə dərman olub.

Artıq işdən çıxdığını deyən şahid A.Mustafayevdən vəkillər soruşub ki, necə olub, üç il ərzində (2015-2018) gömrükçülər gələn mallara baxış keçirməyib? Şahid bunun səbəbini izah edə bilməyib: "Niyə baxılmadığını deyə bilmərəm”.

A.Mustafayevin sözlərinə görə, o, birinci yük şöbəsinin rəis müavini olub, amma Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin o vaxtkı rəisi Sadiq Abdiyevin şifahi göstərişi əsasında həm də ikinci yük şöbəsinin rəis müavini kimi fəaliyyət göstərib.

A.Mustafayev onu da deyib ki, hava limanında gələn malların gömrükdən keçirilməsi məsələsində də "qırmızı dəhliz” – "yaşıl dəhliz” məsələsi vardı. "Qırmızı dəhlizdə” olan mallar daha diqqətli yoxlanılırdı. "Yaşıl dəhliz”dən keçən mallar isə yoxlanmırdı, yaxud ötəri nəzər salınırdı: "Bəzi şirkətlər vardı ki, onların malları "yaşıl dəhliz”dən keçirdi”.

Məhkəmədə hava limanındakı Bakı Karqo Terminalında sürücü işləyən Rəfael Əsgərov, yükdaşıyan Məhərrəm İbrahimov da şahid qismində dindirilib. Onlar bildirib ki, hansı yüklərə monitorda baxış keçirilməsi onlara aid məsələ deyildi: "Biz qapıya gedirdik, oradakı əməkdaşdan soruşurduq ki, hansı malı aparmaq olar. Hansını deyirdilər, götürüb aparırdıq”.

Məhkəmə prosesi martın 14-nə qədər təxirə salınıb.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi 2018-ci il aprelin 30-da birgə əməliyyat keçirib. Əməliyyatdan sonra adları çəkilən şəxslərlə yanaşı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev də vəzifəsindən çıxarılıb. Onun haqqında da cinayət işi başlanıb, lakin həbs olunmayıb. Onun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb və istintaqın davam etdirildiyi bildirilir.

Bu işdəki təqsirləndirilən 8 nəfərdən ikisi – Fikrət Qədiməliyev və Elnur Məmmədovun da barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmədə Fərman Məmmədli və onun vəkilləri xüsusən F.Qədiməliyevin azadlıqda saxlanmasına etirazlarını bildiriblər.///Meydan.tv