"Biz həbsxanaya girməyi gözə alanlarıq" - SON SÖZ

25-10-2016 23:25 / Bu xəbər 1366 dəfə oxundu

"Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. 

Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsl səbəbi mənim bu ölkədəki dərəbəyliyə, sistemə sivil şəkildə, gənc tələbə olaraq etiraz etməyimdi. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunları ilə köləliyi azadlıq kimi göstərməyə çalışır.
 
Sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Yazılmış qanunları pozanda isə cəzasız qala bilərsən. Yazılmamış qanunları pozanda adamları şərləyirlər.
 
Heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyim həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir, "öz babanın qəbrinə yazardın" deyirlər.
 
Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı? Alçaqlığın hansısa pilləsində yer tutmuş polis rəisi bizə yer süpürtdürür. Ancaq bu məxluq qanmır ki, biz bununla alçalmırıq. Biz həbsxanaya girməyi gözə alanlarıq.
 
Biz onda alçalırıq ki, oturduğu kresloda kök salanlar, "şah mənəm" deyənlər, Mirqafarlar səngərdə şəhid olan əsgər analarını sürüyür".

Qiyas İbrahim 
25 oktyabr 2016-cı il"