DTX xarici kəşfiyyata işləməkdə şübhəli bildiyi Azərbaycan vətəndaşını saxlayıb

DTX xarici kəşfiyyata işləməkdə şübhəli bildiyi Azərbaycan vətəndaşını saxlayıb

11-02-2019 15:53 / Bu xəbər 270 dəfə oxundu

Saxlanılan şəxs üzrə dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb

Dövlət Təhlükəsizlik Xidməti xarici kəşfiyyat orqanı ilə əməkdaşlıqda şübhəli bildiyi Azərbaycan vətəndaşı Ələkbərov Anar Vaqif oğlunun saxlanıldığını bildirib. 

DTX-nın yaydığı məlumata əsasən, Mingəçevir şəhər sakini Anar Ələkbərov dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb: "Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib”.

DTX-nın məumatına görə, Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

"Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Anar Ələkbərov

Məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX-nın məlumatında A.Ələkbərovun hansı peşə sahibi olduğu, habelə hansı ölkənin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi göstərilməyib.

Onun ittiham edildiyi dövlətə xəyanət maddəsi üzrə Cinayət Məcəlləsində on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.