Elçin Qasımov: Dedilər ki, ehsan süfrəsi açsanız, polisin sərt müdaxiləsi olacaq

Elçin Qasımov: Dedilər ki, ehsan süfrəsi açsanız, polisin sərt müdaxiləsi olacaq

20-11-2019 01:01 / Bu xəbər 265 dəfə oxundu

"Müsəlman Birliyi”Hərəkatının sədr müavini "Bandotdel”də hədələndiyini deyir

"Müsəlman Birliyi” Hərəkatnın sədr müavini Elçin Qasımov noyabrın 19-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel”) çağırıldığını bildirib. 

Bu barədə Meydan TV-yə məlumat verən ilahiyyatçının sözlərinə görə, çağırılmasının səbəbi noyabrın 26-da Nardaran hadisələrinin dördüncü ildönümü, həmin gün öldürülənlərin xatirəsini anmaq məqsədilə ehsan süfrəsi keçirmək niyyətləri olub.

E.Qasımov deyir ki, ehsan süfrəsini qapalı məkanların birində keçirməyi nəzərdə tutmuşdular. Amma buna görə idarədə onu hədələyiblər: "Bildirdilər ki, həmin tədbiri keçirsək, mərasim keçirilən məkana polisin sərt müdaxiləsi olacaq”.

İlahiyyatçının sözlərinə görə, idarədə ona deyiblər ki, ehsan süfrəsi mərasimi təşkil etmək üçün "Müsəlman Birliyi” Hərəkatı adından Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunmalı, icazə alınmalıdır: "Qapalı şəraitdə, həm də şəhidlərin anım mərasimi, ehsan süfrəsinə görə rəsmi müraciət olunmasının tələb edilməsi yəqin ki, bir ilk kimi yaddaşlara həkk olundu. Hər halda, biz "Müsəlman Birliyi” Hərəkatı olaraq, bir daha bəyan edirik, təşkil etdiyimiz mərasim və tədbirlər sivil qaydada, qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir”.

Daxili İşlər Nazirliyindən E.Qasımovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılması, ona xəbərdarlıq edilməsi barədə məlumata münasibət öyrənmək mümkün olmayıb.

E.Qasımov 2015-ci il noyabrın 5-də həbs olunub. Əvvəlcə ona 30 sutka inzibati həbs cəzası verilib. O, həbsdə olduğu müddətdə - noyabrın 26-da Nardaranda "Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və onlarla başqa adamların həbsi, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldürülməsilə nəticələnən əməliyyat keçirilib. Bundan sonra E.Qasımov haqqında da cinayət işi başlanıb. O, Nardaran olaylarından sonra həbs edilən daha 11 nəfərlə birlikdə mühakimə olunub. E.Qasımov dövlət çevrilişinə cəhd, terrorçuluq və başqa ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

İttihamların saxta, özünün və digər Nardaran məhbuslarının isə günahsız olduğunu vurğulayan E.Qasımov bu ilin martında əfv fərmanı ilə azadlığa buraxılıb.